Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2024 11:41

“Hazırlanan yeməklərdə aşpazlarımızın sevgi və qayğısı hiss olunur”

Azərbaycan Ordusunun bu gün dünyanın ən güclü orduları sırasında yer alması hər bir vətəndaş üçün qürurverici faktordur. Orduda xidmət edən şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı onların sosial-məişət şəraiti ilə sıx bağlıdır. Son dövrlərdə ordumuzda sosial rifahın artırılması üçün atılan addımlar əsgərlərin döyüş ruhunun yüksəldilməsinə mühüm töhfə verir.
"N" hərbi hissəsində aparılan islahatlar nəticəsində Azərbaycan Ordusunda xidmət müasir tələblər əsasında qurulub. Biz hərbi hissəyə daxil olanda nahar vaxtı idi. Əsgərlər sıra addımları ilə yeməkxanaya daxil olurdular. Müasir yeməkxana avadanlıqları ilə təmin olunan inzibati binanın girişində hərbi qulluqçuların əl-üz yumaları üçün təyin olunmuş yer, təmiz və geniş yeməkxana göz oxşayırdı.
Gizir Səlim Xəlilov günün menyusu haqqında məlumat verərək dedi: "Bugünkü nahar yeməyində əsgərlərə düşbərə, vermişel, kartof qızartması və tərəvəz salatı təqdim olunur. Onların soyuq havaya qarşı immunitetini möhkəmləndirmək üçün vitamin, meyvə və sarımsaq da verilir. Yeməklərimizdə milli xörəklər üstünlük təşkil edir".
Gizir S.Xəlilov yeməklərin saxlanma şəraitini və əsgər norması ilə bağlı da ətraflı məlumat verdi. O, ərzaqların müasir soyuducu avadanlıqlar vasitəsilə müxtəlif kameralarda müvafiq temperaturlarda saxlandığını vurğuladı. Həmçinin gündəlik normaya əsasən yeməklərin təcrübəli aşpazlar tərəfindən hazırlandığını da qeyd etdi.
Əsgərlər növbə ilə yeməklərini götürüb yerlərinə əyləşdikdən sonra fürsət tapıb səliqəli formalı və gülərüzlü aşpazlarla da söhbətləşdik. İlk həmsöhbətimiz aşpaz Gülər Əliyeva oldu.
"Əsgərlərimiz Vətənimizin müdafiəçiləridirlər. Onları ləziz qidalar ilə təmin etmək bizim borcumuzdur. Əlimizdən gəldiyi qədər dadlı yeməklər bişirməyə çalışırıq ki, övladlarımız yaxşı qidalansınlar, sağlam olsunlar. Nə qədər sağlam olsalar, Vətənimizi o qədər inamla qoruyarlar. Vətən qoruyucularına xidmət etməkdən hər birimiz qürur duyuruq. Biz hərbi hissəyə daxil olduqda özümüzü həm də əsgərlərimizin döyüş yoldaşları kimi hiss edirik", - Gülər xanım dedi.
Aşpazlar Firəngiz Həsənova və Nəzrin Süleymanova, çalışdıqları işin məsuliyyətli olduğu qədər qürurverici bir vəzifə olduğunu da vurğuladılar. "Hərbi yeməkxanada çalışmaq bizim üçün yalnız bir peşə deyil, həm də böyük bir qürur mənbəyidir. Bu yeməkxanada hər gün yüzlərlə hərbçinin sağlam və balanslı qidalanmasını təmin etmək bizim əsas vəzifəmizdir. İstifadə olunan məhsulların keyfiyyəti və təzəliyi bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Hər gün ən yaxşı məhsullardan istifadə edərək əsgərlərimiz üçün dadlı və qidalandırıcı yeməklər hazırlayırıq. Hər yeməkdə əsgərlərimizin sağlamlığına və enerji ehtiyaclarına xüsusi diqqət yetiririk. Onların hərbi xidmətlərini rahat və güclü şəkildə davam etdirmələri üçün qidalanma çox vacibdir. Yeməklərin hazırlanmasında gigiyenik qaydalara da ciddi riayət edilir. Yeməkləri hazırladığımız mətbəx avadanlıqları müasir və yüksək keyfiyyətlidir. Bu avadanlıqlar yeməklərin təmiz və təhlükəsiz şəkildə hazırlanmasını təmin edir. Əsgərlərimizin yeməkləri sevgi və iştahla yeməsi bizə könül xoşluğu verir. Onların məmnuniyyəti bizim üçün ən böyük mükafatdır.  Yeməkxanamızda çalışan bütün aşpazlar və personal hər gün əsgərlərimizin rifahı üçün əllərindən gələni edirlər", - deyə aşpazlar bildirdilər.
Nahar edən əsgərlərimizin də fikirlərini qələmə almaq üçün onlarla söhbətləşdik. Əsgər Fərzəli Talıbov yeməkxanada təqdim edilən yeməklərin zənginliyindən danışdı: "Hərbi xidmətə başladığım ilk gündən yeməkxanamızda yaradılan şərait və təqdim olunan qidaların keyfiyyətindən çox məmnunam. Burada yaradılan şəraitin yüksək səviyyədə olması bizim qidalanmamızda çox mühüm rol oynayır. Bişirilən yeməklər, həqiqətən, dadlı və qidalandırıcıdır. Hər gün müxtəlif və zəngin menyu ilə qarşılaşırıq. Gündəlik menyuda təqdim olunan yeməklər arasında milli mətbəximizin dadlı təamları da yer alır. Bu bizə evdəki yeməklərin dadını xatırladır və bizi daha da ruhlandırır".
"Hazırlanan yeməklərdə aşpazlarımızın sevgi və qayğısı hiss olunur. Hər birimiz yeməklərdən çox məmnunuq və aşpazlarımıza təşəkkür edirik. Onların zəhməti və sevgisi bizim qidalanmamızın keyfiyyətini təmin edir və bizə yüksək döyüş ruhu verir", - əsgər Sahil Eyvazlı dedi.
Hərbi hissənin yeməkxanasında qarşılaşdığımız xoş mənzərə, ürəkaçan fikirlər bir daha sübut etdi ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi daim nəzarətdə saxlanılır. Əsgər yeməkxanasında çalışan personal hərbçilərimizi doğma övladlarından ayırmır. Onların sayəsində döyüşçülərimiz dadlı və keyfiyyətli, eyni zamanda, sağlam tərkibli xörəklərlə qidalanırlar.

Oruc MUSTAFAYEV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"