Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə demişdi: "Hər bir peşə şərəflidir. Ancaq Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir”. Ulu Öndərin illər öncə müraciəti kimi səslənən çağırışına yüzlərlə vətənpərvər gənc böyük həvəslə qoşuldu, peşə seçimində daha çox hərbçi peşəsinə üstünlük verdi. Vətənimizin müdafiəsi, qorunması üçün hərbçi olmağı qarşılarına məqsəd qoydular. Fədakarlığı, vətənpərvərliyi ilə seçilən Amid Alim oğlu Hüseynov da bu yolu seçənlərdən oldu.
Amid Hüseynov Göygöl rayonunun Şəhriyar kəndində təhsil alıb. Vətənpərvər ruhda böyüyüb. Hərb peşəsinə orta məktəb illərindən böyük maraq göstərib. Vətənimizə, xalqımıza qarşı aparılan soyqırımı siyasəti, düşmən tərəfindən elan olunmamış müharibənin dəhşətləri onu da həmişə düşündürüb. El-obada müharibənin ağrı-acısını həmişə hiss edib. Ordu sıralarında müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurub. Əsgər kimi xidmətdə həmişə fərqlənib. Komandanlığın rəğbətini qazanıb, müsəlləh əsgər kimi tanınıb. Əsgərlik həyatını mətinlik, mərdlik, vətənpərvərlik məktəbi kimi qiymətləndirən Amid daha sonra xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi davam etdirib. Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində nümunəvi xidməti ilə seçilib.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu yenidən genişmiqyaslı təxribat törətdi. Buna cavab olaraq Müzəffər Ali Baş Komandan ölkəmizin müdafiəsi və işğalda olan torpaqlarımızın azad edilməsi üçün əks-hücum əmri verdi. İllərlə bu əmri gözləyən ordumuzun şəxsi heyəti ilk gündən düşmən üzərində üstünlük qazandı. Düşmənin ərazilərimizdə yaratdıqları istehkam sədlərini, döyüş mövqelərini və vasitələrini, canlı qüvvəsini, hərbi texnikasını məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsində Amid Hüseynovun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Amid Hüseynov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olundu.
Xalqımızın tarixinə Zəfər salnaməsinin yazılmasında xidməti olanların sırasında olmağından qürur hissi keçirdiyini bildirən Amid Hüseynov "N" hərbi hissəsində xidmətini davam etdirir. Ona etimad göstərilərək “gizir” hərbi rütbəsi verilib. Tapşırıqlara həmişə məsuliyyətlə yanaşan gizir Amid Hüseynov göstərilən etimadı doğrultmağa çalışır.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"