Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi baş leytenant Cəmil Nəcəfovun xatirəsinə həsr olunmuş yazıçı-araşdırmaçı Rüfət Hüseynlinin "Şərəfli zabit ömrü" adlı kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şəhid C.Nəcəfova həsr olunmuş videoçarx nümayiş etdirildi.
Mərasimdə şəhid zabitin həyat və döyüş yolundan danışılaraq qeyd olundu ki, Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil alıb. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub və hərbi məktəbi müvəffəqiyyətlə bitirərək Azərbaycan Ordusunda xidmətə başlayıb.
C.Nəcəfov 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il sentyabrın 27-dən Ermənistanın işğalında olmuş tarixi ərazilərimizin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edib. 10 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Cəmil Nəcəf oğlu Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışdılar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların şərəfli ömür və döyüş yolundan söz açanlar bildirdilər ki, onların vətənpərvərliyi və mübarizliyi gənclərə örnək olacaq, əziz xatirələri xalqımızın qəlbində daim yaşayacaqdır.
Şəhidimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Mərasimdə şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirildi.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"