Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2024 11:50

Vətəni qorumaq ümdə vəzifədir

Hər günü bir ömrə bərabər olan 44 günlük Vətən müharibəsinin Böyük Qələbə ilə başa çatmasının artıq 4-cü ildönümü astanasındayıq. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribat nəticəsində hərbi təyinatlı obyektlərimiz və yaşayış məntəqələrimiz müxtəlif çaplı silah və iriçaplı minaatan, artilleriya qurğularından istifadə olunmaqla atəşə tutuldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səhər saatlarında ictimaiyyətə müraciətində düşmən təxribatları nəticəsində hərbi qulluqçularımız və mülki insanlarımızın qətlə yetirildiyi qeyd edildi.
Ali Baş Komandanın hər bir əmrinə hazır olan ordumuzun şəxsi heyəti düşmən təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün irəli atıldı. İlk gündən cəbhədə düşmənin uzun illər ərzində quraşdırdığı maneələri və müxtəlif tipli müdafiə sədlərini məharətlə yarmağı bacaran Azərbaycan əsgəri inamla irəliləyir, hər gün zəfər gününə bir addım da yaxınlaşırdı. İllərdir işğalda qalmış torpaqlarımız, darmadağın olunmuş evlərin qalıqları düşmənə olan nifrəti daha da artıran amillərdən idi ki, ordumuzun gücü və qisas hissi qarşısında Ermənistan silahlı birləşmələri böyük itkilər verərək geri çəkilirdi. Silahlanmamızda olan müasir standartlara uyğun döyüş vasitələri və hərbi texnikalar da düşmənin qorxulu yuxusuna çevrilmişdi. Tarixi qələbəni döyüş meydanında yazanlar Ali Baş Komandanına və qədirbilən xalqına daim sadiq olan Azərbaycan əsgəri oldu. Bu gün də öz qəhrəman sələflərinin Vətən sevgisini yaşadan oğullarımız gecə-gündüz, isti-soyuq demədən öz yurduna övladlıq borcunu layiqincə və ləyaqətlə ödəyirlər.
Vətən müdafiəçilərimizin yanındayıq. Leytenant Şahlar Hüseynov Vətənin keşiyində duran əsgərlərimizin komandirlərindəndir. Ötən ilin antiterror əməliyyatında əsgər kimi xidmət etsə də, bu gün ordu sıralarında xidmət edən zabitlərimizdən biridir. Gənc zabit söhbət əsnasında qeyd edir ki, keşiyində durduqları doğma yurd yerlərinin relyefindən, iqlimindən asılı olmayaraq Azərbaycan əsgəri daim ayıq-sayıqdır və xidmətini layiqincə təşkil edir. "Mövzu xalqın firavanlığı, Vətənin bütövlüyüdürsə, məsuliyyətin daha da artır. Bunun da başlıca şərti yüksək hərbi intizam, döyüş ruhu və vətənpərvərlikdir. 44 günlük haqq savaşımızda, antiterror və digər əməliyyatlarda Azərbaycan əsgəri Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqları yüksək peşəkarlıqla icra etdi. Bütün dünya şanlı ordumuzun gücünü gördü və bu gün də bu reallığı qəbul etməkdən başqa yolu yoxdur.  
Azərbaycan əsgəri üzərində gəzdiyi bu torpağın müqəddəsliyini, onun hər qarışı uğrunda şiddətli döyüşlərin getdiyini dərk edir. Vətən, xalq, Ali Baş Komandan sevgisi ilə üzərinə düşən müqəddəs missiyanı yerinə yetirən əsgərlərimiz dərk edirlər ki, tarixi torpaqlarımız bizə əcdadlarımızdan qalmış ən ali əmanətdir. Bizimsə komandir olaraq əsas vəzifəmiz şəxsi heyəti əsl döyüşçü kimi formalaşdırıb, onları Vətənə sadiq müdafiəçilər olaraq yetişdirməkdir".
Əsgər Eşqin Muxtarov əslən Kəlbəcər rayonundandır. "Hərbi xidmət qəlbi və ruhu ilə Vətəninə bağlı olan hər bir kəsin vətəndaşlıq və övladlıq borcudur. Bu torpaqda böyüyüb boya-başa çatmışıqsa, onun bütövlüyünü qorumaq ən ümdə vəzifəmizdir. Qalib ordunun hərbi mundirini daşımaq da, Vətəni qorumaq da fəxarət dolu bir hissdir. Azərbaycan əsgəri ulu babalarından miras qalan torpaqları hər zaman qoruyub, onun varlığı üçün ölümə belə gedib. Vətəni sevmək onun havasını, suyunu, daşını sevməkdir. Vətəni sevmək onun bayrağını daim yüksəkdə dalğalandırmaqdır. Biz cismimizlə də, ruhumuzla da bu Vətənə bağlıyıq. Və ən əsası bizim Vətən sevgimiz həyatımızın mənasıdır. Çünki Vətən anadır, onu sevmək və qorumaq gərək", - deyə əsgər bildirir.
Rəvan Abdullazadə Vətənin keşiyində dayanmağın şərəfli iş olduğunu vurğulayır və söhbətinə davam edir. "2020-ci il sentyabrın 27-si Ali Baş Komandanın rəhbərliyi və qədirbilən xalqımızın dəstəyi ilə ordumuzun yazdığı tarixi günlərin təqvimidir. 44 günlük Vətən müharibəsi zamanı dünyada yaşayan 50 milyondan çox soydaşımız qəlbən və ruhən haqq savaşımızın iştirakçısıydı. Yaşından, vəzifəsindən və yaşadığı yerdən asılı olmayaraq dünya azərbaycanlılarının qəlbi cəbhədə əsgərlərimizlə birgə döyünürdü. Mən də hadisələri ailəmlə birlikdə izləyirdim. Azərbaycan əsgərinin yazdığı tarixi yaşatmaq, Vətən torpaqlarını qorumaq bu gün bizə həvalə olunub. Həmin tarixin bir parçası olmasam da, qəhrəman oğullarımızın işğaldan azad etdiyi torpaqlarımızda xidmət etməyimlə qürur duyuram. Üzərimə düşən vəzifənin məsuliyyətini də dərindən dərk edir, xidmətimi layiqincə təşkil etməyim üçün əlimdən gələni əsirgəmirəm".
Əsgərlər Cahandar Qasımov və Şamil Hacıyev də bu şərəfli missiyanın Vətəni qorumağın bir parçası olmağın bəxş etdiyi qürurdan danışırlar. Bugünkü firavanlığımızın təminatçısı olan əsgərlərimizlə həmsöhbət olmaq məndə xoş duyğular oyadır. Və bir daha əmin oluram ki, Vətən qarşısında övladlıq və vətəndaşlıq borcunu ödəməyin necə böyük məsuliyyət olmasını dərindən dərk edən gənc əsgərlərimizin yurdumuzun keşiyində ayıq-sayıq dayandığına inamımız sonsuzdur. Onlarla tanış olmaq və oxucularımıza tanıtmaq bizim üzərimizə düşür. Biz də hər zaman Vətən təəssübkeşi övladlarla tanış olduğumuz üçün sevinirik. Sevinirik ki, Vətən, xalq sevgisini özündə birləşdirən əsgərlərimiz bu gün torpaqlarımızın keşiyində dayanmağın və bu məsuliyyətin ümdəliyini dərindən dərk edirlər. Onların hər biri şanlı ordumuzun yazdığı zəfər tarixi ilə bağlı geniş məlumatlıdırlar. Öz tarixini, milli mənsubiyyətini, mədəniyyətini sevən kəs Vətənini sevən kəsdir. Bu gün tanış olduğumuz məğrur oğullarımız da öz qəhrəman soydaşlarının yazdığı tarixi ləyaqətlə qoruyacaqlar. Buna heç birimizin şübhəsi yoxdur. Çünki Vətəni qorumaq ona qəlbən bağlı olan hər kəs üçün ən ümdə vəzifədir. Bununla da Vətən müdafiəçiləri ilə xoş düşüncələr və təəssüratlar ağuşunda sağollaşır, onlara xidmətlərində uğurlar arzulayırıq.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"