Payız aylarıdı. Göy üzünü örtmüş qara buludlardan qopan narın yağış damcıları torpağı nəmləndirmişdi. Dağlardan əsən sərin meh havanın tezliklə soyuyacağından xəbər verirdi. Dağların qoynunda məskən salmış əsgərləri nə soyuq, nə yağış, nə də dumanlı hava qorxudur. Onlar həmişə olduğu kimi, günün nizam qaydalarına uyğun olaraq xidməti davam etdirirdilər. Əsgərlər sinif otaqlarında, sıra meydanında, təlim sahəsində komandirlərin nəzarəti altında hərbi bilik və bacarıqları mənimsəyirdilər. Keçirilən dərslərdə gənclərin müfəssəl biliyə yiyələnməsi üçün rəhbərlər məşğələləri səmərəli təşkil edir, öhdələrinə düşən vəzifələri icra edirdilər. İzlədikcə əmin olurduq ki, onların hər biri yüksək hazırlıqlı əsgər kimi formalaşır.
Birlik və birləşmələrdə bu istiqamətdə müntəzəm keçirilən dərs və təlimlərin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da möhkəmləndirilməsi və şəxsi heyətin fərdi bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Hər bir komandirin də başlıca məqsədi tabeliyində olan əsgərlərin fərdi hazırlığının yüksək olmasıdır. Təlim sahəsində keçirilən dərsi izlədikcə görürdük ki, zabit Ramin Muradov bu amala sadiqdir. Tabeliyində olan əsgərlərə dərsin mövzusunu nəzəri və praktiki öyrətmək üçün səylə çalışırdı. "Əsgərlərə təyin olunduqları ixtisaslara uyğun olaraq taktiki, sıra, ictimai-siyasi və fiziki hazırlıqdan səmərəli dərslər keçirilir. Onlara müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətlərini, təyinatını öyrədirik. Ümumilikdə, keçirilən bütün dərslər hərbi xidmətə gələn gənclərin bacarıqlı Vətən müdafiəçiləri kimi formalaşmağına xidmət edir. Komandanlıq bu dərslərin səmərəli təşkilini daim nəzarətdə saxlayır", - zabit R.Muradov dedi.
Əsgər İsmayıl İsmayılov bir neçə aydır ki, Ucar rayonundan ordu sıralarına çağırılıb. O, qısa müddət ərzində bir çox hərbi bilik və bacarıqlara yiyələndiyini bildirdi. "Keçirilən dərslərdə mənə təhkim olunan silah haqqında yetərincə öyrənmişəm. Artıq onun təyinatını, taktiki-texniki xüsusiyyətlərini bilirəm. Həmçinin natamam sökülüb-yığılmasını bacarıram. Hər birimiz qalib ordunun əsgəri olmaqla qürur duyur, rəşadətli ordumuza layiqli əsgərlər kimi formalaşmaq üçün səy göstəririk", - əsgər İ.İsmayılov dedi.
İsmayılın dediklərini silahdaşları da təsdiqlədi. Əsgərlər Firuz Əliyev, Mahir Mahmudov, Musa Veysov, Ruslan Adilov, İbrahim Məmmədov, Səbuhi Məmmədov, Orxan Zərgərov da dərs və təlimlərin yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Hərbi xidmət dövründə nümunəvi əsgərlər olacaqlarını, komandirlərin verdiyi əmrləri vaxtında və düzgün yerinə yetirəcəklərini bildirdilər. Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirəcəklərini, yüksək döyüş hazırlığına malik əsgərlər kimi formalaşıb, Vətənimizin keşiyində qətiyyətlə dayanacaqlarını dedilər.
Əsgərləri izlədikcə və dediklərini dinlədikcə əmin olursan ki, onlar hərbi xidmətdə komandirlərinin öyrətdikləri bütün bilikləri bundan sonra da dərindən mənimsəyəcək, döyüş və mənəvi-psixoloji hazırlıqlarını daim artıracaqlar.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalmış torpaqlarımızı azad etdi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün bir daha şahidi olduq ki, şanlı Zəfərimizdən ilhamlanan qələbə ruhlu əsgərlərimiz üzərlərinə düşən böyük məsuliyyəti dərk edir, ərazi bütövlüyümüzə yönəlmiş istənilən təhdidin qarşısını almaq üçün yüksək döyüş hazırlığına yiyələnirlər. Belə təlimlər də onların döyüş hazırlığını daha da təkmilləşdirir.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"