Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2024 09:58

“Hərbi qulluqçulara xidmətdən qürur duyuruq”

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onların təmiz, səliqəli hərbi mundirdə xidmət etməsinə də diqqət yetirilir. Hərbi mundirin müqəddəsliyi onun səliqəli olması ilə şərtlənir. Səliqəli geyinmiş hərbçi düşüncələrdə səliqəli (nümunəvi) əsgər təəssüratı yaradır, onun qətiyyətinə, sədaqətinə inanırsan.
Hərbi hissələrdə şəxsi heyətin səliqəli geyim, təmiz yataq dəstləri ilə təmin olunması üçün bütün lazımi şərait yaradılıb. İndi bölmələrdə avtomatlaşdırılmış müasir elektrik avadanlıqları ilə təchiz olunmuş camaşırxanalar fəaliyyət göstərir. Onların fəaliyyəti hərbi hissənin xidmətinin yardımçısıdı; tapşırılanları təlimata müvafiq yerinə yetirmək məhz belə adlandırılır...
Hamam günlərində bölmələrin camaşırxanaya göndərdiyi çirkli paltarlar müəyyən edilmiş müddətdə yuyulur, ütülənir, bölmələrə təhvil verilir. Təmiz paltarlar isə saxlanc otağında saxlanılır, hamam günlərində şəxsi heyətə paylanılır. Belə üsul əsgərlərin təmiz və səliqəli geyinməsini təmin edir. Yataq dəstləri də vaxtlı-vaxtında dəyişdirilir. Belə bir şəraitin hərbi xidmətə təsiri danılmazdır.
Əmrulla Əmirəliyev dedi ki, belə məsuliyyətlə işləmək bizim xidmətimizdir. “Bizə elə gəlir ki, kollektiv olaraq hərbi xidmətdəyik, hərbçilərimizə xidmət bizim hərbi xidmətimizdi. Əsgərlərimiz səliqəli, təmiz geyinirsə, onlara verilən yataq dəstləri, əl-üz və hamam dəsmalları təmiz olursa, demək, yaxşı işləyirik - yaxşı xidmət edirik. Bir dəfə qadın işçilərimizdən birinə təşəkkür etdim. Azca gülümsündü, sonra "Oğluna qulluq edən anaya təşəkkür düşürmü?" - deyə soruşdu. Mən də gülümsündüm. Həmin işçimizin dediyi kəlmələr bu gün də yaddaşlardadı...”
Ütüləyici Aytən Pənahova dedi ki, əsgərlərin paltarını ütüləyəndə mənə elə gəlir ki, o paltarlara  ana nəfəsi hopur. “Səhərisi gün səliqəli geyinmiş əsgərləri görəndə yuyuculara da, quruduculara da ürəyimdə bir ana təşəkkürü edirəm”.
Düşünürəm ki, ananın gümanlarını əsgərlər də hiss edirlər.
Camaşırxanada işləyənlər bu əqidə ilə işləyirlər. Deyirlər ki, tarixi Zəfər qazananlarımıza minnətdarlığımızı onların davamçılarına belə çatdırırıq. Bizə elə gəlir ki, qalib əsgərlərimiz də bizim bugünkü əsgərlərə  xidmətimizə sevinirlər. Onların hər biri hər birimizin oğlu oldu. Oğulların ruhu həmişə anaların yanındadı. Biz işimizlə qürurlanırıq ki, qalib ordumuzun hərbi qulluqçularına xidmət edirik...
Südabə Əşrəfova da belə dedi, Banu Kərimova da, Həqiqət Məmmədova da. Hərbi hissədə anaların dedikləri də, gördükləri iş də bizə gözəl könül xoşluğu verdi. O könül xoşluğunu söhbətləşdiyimiz əsgərlərlə səxavətlə paylaşdıq...
Güclü ordumuzun hərbi hissələrində hərbi xidmətin müəyyən məqamları bütövlükdə Azərbaycan Ordusunda hərbi xidmətin səviyyəsinin göstəricisidir; ordumuzda hərbi xidmət ordu quruculuğunun yeni mərhələsinin tələbləri səviyyəsindədir.

Rəşid HÜSEYNOV

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"