Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını təmin edən əsas amillərdən biri də silah və döyüş texnikasının mövsümə uyğun istismara hazır vəziyyətdə olmasıdır. Ordumuzun arsenalında olan silah və döyüş texnikasının saz vəziyyətdə qorunub saxlanılması, dayanıqlı və fasiləsiz istifadə edilməsi, baş verə biləcək hər hansı nasazlığın əvvəlcədən müəyyən olunaraq aradan qaldırılması məqsədilə onlara vaxtlı-vaxtında planlı və lazımi texniki qulluq göstərilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilir. Qeyd olunan mövsümdə fasiləsiz və dayanıqlı istismarı təmin etmək məqsədilə bütün hərbi hissə və bölmələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilirlər. Tədbirlər çərçivəsində, həmçinin döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılır. Yüksək dağlıq və sərt iqlim şəraitində xidmət aparan hərbi qulluqçulara normadan əlavə təminat və təchizat vasitələri də ayrılır.
"N" hərbi hissəsinin avtomobil parkında şəxsi heyət payız-qış mövsümünə keçidlə əlaqədar olaraq texnikalara texniki xidmət göstərirdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elvin Əhmədov söhbətimiz zamanı bildirdi ki, texnikanın daim saz vəziyyətdə saxlanılması döyüş tapşırığının icrasında mühüm amildir. "Çünki yaranmış nasazlığın vaxtında aradan qaldırılmaması döyüş tapşırığının icrasının gecikməsi ilə nəticələnə bilər və bu, öz növbəsində ciddi problemlərə gətirib çıxarır. Ona görə də biz nəzəri və praktiki biliklərimizi dərindən mənimsəməli, təhkim olunmuş silah və texnikaya lazımi səviyyədə zəruri qulluq göstərməyi bacarmalıyıq".
Digər həmsöhbətimiz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qüdrət Süleymanov qeyd etdi ki, döyüş texnikasının texniki vəziyyətinə, hissə və mexanizmlərin, eləcə də yeriyən və digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət etmək lazımdır. "Döyüş texnikasının hərəkətini fasiləsiz və tam təmin etmək məqsədilə onun istifadə qaydalarını, texniki hissəsini dərindən öyrənməlisən. Görülən təminat və təchizat işləri, texnikaya qulluq bölmələrin döyüş qabiliyyətinin artırılmasına şərait yaradır".
Xidmət yoldaşlarının dediklərini təsdiqləyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ülvi Əhmədzadə isə vurğuladı ki, döyüş texnikasına mövsümi tələblərə uyğun olaraq texniki qulluğun göstərilməsi, onun hissə və mexanizmlərinin dəyişdirilməsi üçün zəruri vasitələr, ehtiyat hissələri və avadanlıqlarla təmin olunmuşuq. "Bölməmizin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün xidməti vəzifələrimizi məsuliyyətlə yerinə yetiririk. Texnikaların payız-qış mövsümündə fasiləsiz və düzgün istismarını təmin etmək məqsədilə yanacaq-sürtgü materiallarını mövsümə uyğun dəyişdirir, elektrik və hidravlik sistemlərin istismara yararlılığını yoxlayırıq. Hər bir heyət üzvü döyüş maşınının hərəkət hissəsinə fərdi və qrup şəklində nəzarət edir, zəruri qulluq göstərir".
Hərbi hissədə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusunda silah və texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi ilə bağlı təmir məntəqələrində texniki xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə düzgün texniki qulluğun göstərilməsi bölmələrimizin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına imkan yaradır. Döyüş qabiliyyəti yüksək səviyyədə olan Azərbaycan Ordusu isə istənilən tapşırığı yerinə yetirməyə hər an hazırdır.
Elçin İMANOV
"Azərbaycan Ordusu"