Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2024 09:29

Qubadlının azadlığa qovuşması cəsarətin, qələbə əzminin və peşəkarlığın nəticəsidir

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindəki qələbəmizdən danışarkən Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarını da xüsusi vurğulamaq lazımdır. 44 günlük haqq savaşımızda ən qanlı döyüşlərin getdiyi ərazilərimizdən biri də həmin rayondur.
Rayon əsasən dağlıq ərazidə yerləşib və burada hündürlüyü 1000-2000 metrdən yüksək olan bir neçə dağ zirvəsi var. Qubadlı rayonunu uzun illər işğalda saxlayan erməni silahlı birləşmələrinin buradakı yüksəkliklərdə yerləşməsi və bunun nəticəsində nail olduğu böyük strateji üstünlüklər düşmən qüvvələrinə güclü müqavimət göstərə bilmək imkanı verirdi. Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandanın əks-hücum əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən ordumuzun şəxsi heyəti cəsarətlə, qorxmadan vuruşdu, düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur etdi.
Qubadlının əsasən dağlıq ərazi və strateji yüksəkliklərdən ibarət olduğunu nəzərə alan yuxarı komandanlığın hazırladığı əməliyyat planına əsasən, ilk növbədə, rayon ərazisindəki dağ zirvələrinin, strateji yüksəkliklərin düşməndən təmizlənməsi tapşırığının verilməsi faktı xüsusi olaraq vurğulanmalıdır.
Döyüşlərin getdiyi günlərdə Müdafiə Nazirliyinin yaydığı məlumatlara və döyüşlərin iştirakçısı olmuş hərbi qulluqçuların söhbətlərinə əsaslanaraq demək olar ki, oktyabrın 13-ü və 14-də düşmən üzərində atəş və hava üstünlüyü saxlanılmaqla qoşunlarımız bir neçə istiqamətdə, eləcə də Qubadlı rayonu istiqamətində əks-hücum əməliyyatını davam etdirib. Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində qısa bir zamanda ətrafdakı bir neçə strateji yüksəklik, o cümlədən rayonun ən hündür zirvələrindən biri olan Qartiz dağı düşməndən təmizləndi və bölmələrimiz orada tərtibləndi. Ermənistan silahlı qüvvələrinin ehtimal edilən əks-həmlələrinin qarşısını almaq üçün az bir zaman kəsiyində bölmələrimiz nəzarətə götürülmüş yüksəkliklərdə möhkəmləndi.  
Sonrakı günlərdə Ermənistan ordusunun bölmələri dəfələrlə itirdiyi mövqeləri bərpa etməyə cəhd etsə də, döyüşçülərimizin cəsarəti, şücaəti sayəsində ordumuz düşmənin bu cəhdinin qarşısını da uğurlu aldı. Yüksəkliklər qoşunlarımızın nəzarətinə keçdikdən sonra artıq ordumuz taktiki üstünlüyü tam ələ aldı və rayon ərazisindəki bütün hərəkətə nəzarət hərtərəfli təmin edildi.
Bundan sonra əks-hücumu davam etdirən qoşunlarımız rayon ərazisində bir neçə əlverişli hakim yüksəklikləri də azad etməyə nail oldu. Artıq düşmənin bu istiqamətdə məğlub olacağına heç bir şübhə qalmamışdı və Ermənistan ordusunun rəhbərliyi də müqavimətin mənasız olduğunu anlamışdı. Qubadlı uğrunda döyüşlərdə ordumuzun dəqiq zərbələri nəticəsində düşmən xeyli sayda canlı qüvvə, silah-sursat və hərbi texnika sarıdan itkilər verdi.
Növbəti günlərdə ordumuzun gücü qarşısında tab gətirə bilməyən düşmən bir sıra mühüm yüksəkliklərdən geri çəkilməyə məcbur edildi. Artıq ordumuzun şəxsi heyətinin döyüş əzmini real olaraq öz üzərində hiss edən düşmən döyüşə girməkdən imtina etməyə də başlamışdı, öz silah-texnikasını ataraq qaçırdı. Qubadlının azad edilməsi uğrunda döyüşlərdə düşmənin xeyli sayda silah-sursatı, tank və artilleriya qurğuları, eləcə də digər hərbi vasitələri qənimət olaraq götürüldü.
Oktyabrın 23-də artıq Qubadlı rayonunun 4 kəndi işğaldan azad olundu. Sonrakı günlərdə də yüksək döyüş ruhu, qələbə əzmi nümayiş etdirən bölmələrimiz Vətən müharibəsinin 29-cu günü, oktyabrın 25-də Qubadlı rayonunun bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi. Şəhərin mərkəzində Azərbaycan bayrağı qaldırıldı və  Ali Baş Komandana məruzə edildi. Qubadlının azad edilməsi barədə cənab Prezidentin özünün rəsmi tviter səhifəsində paylaşdığı təbrik və qələbə müjdəsi bütün xalqımız tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi təsis edildi.  
Sonrakı günlərdə də artıq mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə sarsıdıcı zərbələr vuruldu və torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər davam etdi. Bu gün qürur hissi ilə deyə bilərəm ki, digər döyüşlərdə olduğu kimi, Qubadlı istiqamətində də ordumuzun nümayiş etdirdiyi igidlik və peşəkarlıq düşmənin canına qorxu saldı. Bu döyüşlərdəki uğurumuz digər istiqamətlərdəki qələbələrimizə stimul oldu.  
Sentyabrın 27-də düşmənin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində qoşunlarımız 44 gün ərzində bir çox yaşayış məntəqələrimizlə yanaşı, Qubadlı şəhərini və rayonun 41 kəndini işğaldan azad etdi.  
Qubadlı rayonunun azad edilməsi uğrunda igidliklə vuruşan silahdaşlarımızın əməyinin Müzəffər Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilməsi, onlara fəxri adların verilməsi, orden və medallara layiq görülməsi minnətdarlıq hissi doğuran məqamdır və daima xüsusi olaraq vurğulanmalıdır. Sözün həqiqi mənasında, Vətən müharibəsi günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qələbə müjdəli müraciətlərini, paylaşımlarını xalqımız səbirsizliklə gözləyirdi və izdihamla qeyd edirdi. Vətən müharibəsindən illər ötsə belə, Şanlı Zəfərimizdə əməyi olanlar heç vaxt unudulmayacaq, ölkəmizin azadlığı və suverenliyi yolunda canından keçən soydaşlarımızın  xatirəsi daima ehtiramla anılacaqdır.

İsa İSMAYILOV

ehtiyatda olan

polkovnik-leytenant,

hərbi jurnalist