Doğru deyiblər ki, Vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər ölmür, əbədi həyat qazanırlar. Bu yüksək məqam hər kəsə nəsib olmur. Vətənə, xalqa, torpağa canını fəda etməyi bacaran, sinəsini Vətən üçün sipər edənlər şəhidlik zirvəsinə ucalırlar. 44 günlük Vətən müharibəsi göstərdi ki, doğma torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verməyə hazır olan minlərlə oğullarımız var.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Taleh Məhərrəm oğlu Abdullayevin xatirəsinə həsr olunan anım tədbiri keçirildi.
Tədbirdə ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mərkəzin əməkdaşları 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdikləri misilsiz şücaətlərdən, şəxsi fədakarlıqdan ətraflı danışdılar. Bildirdilər ki, onların sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik fəaliyyəti və həyata keçirdiyi uğurlu diplomatik siyasəti nəticəsində azad olundu.
Vətən müharibəsində igidlik göstərənlərin sırasında olan Taleh Abdullayev də heç zaman unudulmayacaq, vətənsevər insanların qəlbində bir ömür yaşayacaq. Bildirildi ki, Taleh Abdullayev 1993-cü il iyunun 6-da Gəncə şəhərində anadan olub. 25 saylı tam orta məktəbdə təhsil alıb, təhsil ocağının ictimai həyatında fəal iştirak edib. Ona göstərilən etimadı həmişə doğruldan Taleh bədii ədəbiyyata, tarixi kitablara həmişə maraq göstərib. Tariximizdən bəhs edən kitabları oxumağa, filmlərə baxmağa üstünlük verib. Ölkəmizə qarşı elan olunmamış müharibənin törətdiyi faciələr onda da düşmənə qarşı nifrət hissi yaradıb. Taleh həmişə inanıb ki, Vətən torpaqları işğaldan azad olunacaq və o da xilaskarlar sırasında yer alacaq.
Müddətli həqiqi hərbi xidmətə başlayanda bu istəyi daha da möhkəmlənib. Xidməti borcunu yerinə yetirərkən təhkim olunmuş silahından məharətlə istifadə etməyi öyrənib. Təlim və məşğələlərdə bilik və vərdişlərini həmişə artırmağa can atıb, nümunəvi əsgər kimi tanınıb. Ordu sıralarından tərxis olunsa da, istənilən vaxt silahdaşlarının yanında olacağını qətiyyətlə bildirib.
27 sentyabr 2020-ci ildə düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədilə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. Minlərlə qeyrətli oğul Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduğunu bildirdi. Beləliklə, torpaqlarımız addım-addım işğaldan azad olunmağa başladı. Taleh Abdullayev də "N" hərbi hissəsinin tərkibində düşmənə qarşı vuruşurdu. Döyüş tapşırıqları yeni-yeni qələbələrlə yerinə yetirilir, torpaqlarımız azad olunurdu. 2020-ci il oktyabrın 17-də Füzuli rayonu ərazisində gedən ağır döyüşlər zamanı Taleh Abdullayev düşmən gülləsinə tuş gəlir və canından çox sevdiyi Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlir. O, Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Taleh Məhərrəm oğlu Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarına layiq görülür.
Tədbirdən sonra şəhidin məzarı ziyarət olundu, üzərinə güllər düzüldü, xatirəsi böyük ehtiramla yad edildi.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"