Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 2024 09:19

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ağacəkmə aksiyası keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bununla əlaqədar olaraq respublikamızda fəaliyyət göstərən nazirlik, idarə, müəssisə və təşkilatlarda geniş tədbirlər planı hazırlanıb. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda da müxtəlif miqyaslı tədbirlər keçirilir. Belə tədbirlərdən biri də ağacəkmə aksiyasıdır.
Bu günlərdə növbəti belə ağacəkmə aksiyasına, eləcə də Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) əməkdaşları Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müxtəlif növ ağaclar əkdilər.
Aksiyadan əvvəl BHİK-nin sədri Kərim Rzayev keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışdı: "Azərbaycan Respublikası Prezidentinin 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi ilə əlaqədar imzalanmış Sərəncam ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişaf naminə atılan mühüm bir addımdır. Biz 2024-cü ildə həmrəylik ruhunu önə çəkərək daha yaşıl və təmiz gələcək uğrunda bir araya gəlməliyik. Bu il, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyimiz üçün bu müzakirələrdə Azərbaycanın iqlim siyasətini dünya ictimaiyyətinə təqdim etməyə hazır olmalıyıq. Bu gün burada keçirilən ağacəkmə aksiyası "Yaşıl dünya" ideyasının bir hissəsidir. Ağaclar yalnız estetik bir gözəllik deyil, həm də ekosistemimizin qorunmasında, hava keyfiyyətinin yaxşılaşmasında, torpağın məhsuldarlığının artırılmasında və iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas rol oynayır. Azərbaycan Ordusunun bu aksiyada iştirak etməsi həmrəylik və birlik mesajını daha da gücləndirir. Hər birimiz fərd olaraq, bu mübarizənin bir parçasıyıq. Hər bir ağac bizim gələcək nəsillərə daha sağlam bir mühit buraxma arzumuzun simvoludur", - deyə sədr qeyd etdi.
Daha sonra aksiya iştirakçıları müxtəlif növ həmişəyaşıl ağacları Təlim və Tədris Mərkəzinin ərazisində əkdilər. Tədbirdə iştirak edənlər əkilən bu ağacların böyüyərək gələcəkdə ekosistemə böyük fayda verəcəklərini bildirdilər. "Əkilən ağacların yalnız torpağa kök salmadığını, eyni zamanda, ürəklərdə də bir bağlılıq, sevgi yaratdığına inanırıq. Hər bir ağac mübarizəmizin, həmrəylik ruhumuzun və gələcək nəsillərə olan məsuliyyətimizin simvoludur. Bizim bu aksiyada iştirak etməyimiz sadəcə bir ekoloji təşəbbüs deyil, həm də bir çağırışdır. Gəlin, birlikdə daha yaşıl, daha təmiz bir dünya yaratmağı hədəfləyək. Unutmayaq ki, hər birimizin atdığı kiçik bir addım gələcəkdə böyük dəyişikliklərə səbəb ola bilər. Hər kəsin böyük qayğı və həssaslıqla əkdiyi bu ağaclara qulluq etmək artıq mənəvi borclarımızdan biridir. Sevinirik ki, təbiətimizin yaşıllaşmasında kiçik də olsa bizim payımız oldu. Bu gün əkdiyimiz bu kiçik ağaclar bir neçə il sonra böyüyüb öz yaşıllıqları ilə təbiətimizə gözəllik qatacaqdır", - deyə komitənin əməkdaşları bildirdilər.
 

Oruc MUSTAFAYEV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"