Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2024 18:44

Vətənpərvərlik tədbirləri davam edir

Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində xidmət edən şəxsi heyətin asudə vaxtının səmərəli təşkil olunması, döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan vətənpərvərlik tədbirləri davam edir. Mərkəzin təbliğat-təşviqat qrupunun üzvləri, "Vətən uğrunda" ansamblının solistləri "N" hərbi hissəsində şəxsi heyətlə görüş təşkil etdilər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mərkəzin əməkdaşları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi, ordu ilə xalqın yenilməz birliyi, polad iradəsi ilə qazanılan tarixi qələbədən, hərbi qulluqçuların düşmənə qarşı apardıqları uğurlu döyüş əməliyyatlarından qürur hissi ilə danışdılar. Bildirdilər ki, şanlı ordumuz düşmən ordusu haqqında yaradılan mifləri qısa müddətdə puç etdi. Havadarlarından dəstək alan, beynəlxalq hüquqa məhəl qoymayan, çirkin əməllərindən əl çəkmək istəməyən düşməni 44 gün ərzində ağır məğlubiyyətə uğratdı. 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə ölkəmizin ərazisində Ermənistan ordusunun qalıqları tərk-silah edildi, qanunsuz silahlı birləşmələrin mövcudluğuna, separatizmə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. İşğaldan azad edilmiş ərazilərimizdə müstəqilliyimizin, dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımız Ali Baş Komandan tərəfindən dalğalandırıldı. Tarixi qələbədən sonra ölkəmizdə yeni dövr başlandı. Xalqımız dünyada qalib, tarixi ədaləti bərpa edən, haqq yolundan dönməyən, polad iradəli xalq kimi tanındı. Genişmiqyaslı quruculuq, abadlıq işlərinə start verildi. Dağıdılmış, talan edilmiş şəhər və rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz yenidən qurulmağa başladı. Artıq soydaşlarımız doğma yurd yerlərinə qayıdırlar. Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların ailələrinə, döyüşlərdə yaralananlara, müharibə iştirakçılarına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Onların həyat səviyyələrinin yüksək olması üçün zəruri tədbirlər həyata keçirilir.
Sonda əsgərlər stolüstü oyunlarda, müsabiqələrdə həvəslə iştirak etdilər. "Vətən uğrunda" ansamblının üzvləri - Sevinc Nəsirovanın vətənpərvərliyi tərənnüm edən mahnıları, Təbriz İsmayılovun sazda ifa etdiyi el havaları şəxsi heyətdə xoş ovqat, yüksək əhval-ruhiyyə yaratdı.



Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"