Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2024 18:44

Canını Vətənə fəda edən qəhrəman

Bu gün şanlı üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində əzəmətlə dalğalanır. Bu, son 4 il ərzində Azərbaycan Ordusunun qəhrəman və igid oğullarının yazdığı tarixin nəticəsidir. 2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımız zamanı canlarını əsirgəməyən oğullarımız döyüş meydanında hünərləri ilə yanaşı, misilsiz Vətən sevgisini də nümayiş etdirdilər. 30 ilə yaxın işğalda qalmış torpaqlarımız erməni silahlı birləşmələrindən azad edildi, ərazi büövlüyümüz təmin olundu. Qısa müddət ərzində əsrlər boyu yaşayacaq, tarix yazan qorxmaz igidlərimiz vətənpərvərlik və vətəndaşlıq borcunu da ləyaqətlə ödəməyi bacardılar.
Vətəni qorumaq bu gün də Azərbaycan əsgərinin qarşısında duran ən ümdə vəzifədir və sözsüz ki, onu müdafiə etməyə hər zaman hazır olmalıdır. Çünki azərbaycanlı olmaq yaşından, vəzifəsindən, rütbəsindən asılı olmayaraq Vətənin bütövlüyünü göz bəbəyi kimi qorumaqdır. Polkovnik Şükür Həmidov da döyüşlərin ən qızğın nöqtələrində iştirak etmiş, tabeliyindəki şəxsi heyətlə birlikdə yazılan tarixi öz qanı ilə əbədiləşdirənlərdən biri olub.
Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində dünyaya gəlib. Müəllim ailəsində doğulan Milli Qəhrəmanımız rayonun Başarat orta məktəbində təhsil alıb, 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub, buranı bitirdikdən sonra Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) hərbi təhsilini uğurla başa vurur. Xidmət etdiyi müddətdə qəhrəmanımız öz cəsarəti və rəşadəti ilə tabeliyindəki şəxsi heyətə də əsl nümunə olmağı bacarıb. Belə ki, 2016-cı il Aprel döyüşləri zamanı göstərdiyi yüksək şücaətə görə vaxtından əvvəl növbəti “polkovnik” hərbi rütbəsinə yüksəlib və Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 44 günlük Vətən müharibəsi zamanı da polkovnik Şükür Həmidov Cənub cəbhəsində Füzulidən döyüşlərin idarə olunmasında iştirak edib. Şəhid Milli Qəhrəman daha sonra Cəbrayıl və Qubadlı istiqamətində keçirilən əməliyyatlarda düşmənin darmadağın olunmasında böyük rəşadət göstərən təcrübəli zabitlərdən biri idi. Milli Qəhrəman polkovnik Şükür Həmidov oktyabrın 22-də Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. O, oktyabrın 23-də İkinci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və tarixi ərazilərimizin işğaldan azad olunmasında göstərdiyi rəşadətə və qəhrəmanlığa görə dövlətimizin başçısı tərəfindən "Zəfər" ordeninə layiq görülüb. Bundan başqa, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Milli Qəhrəman Şükür Həmidov ailəli idi, övladları Əzizə və Nurlan Vətənə yadigar qalıb.
Doğulub boya-başa çatdığı Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanımızın ruhu bu gün şaddır. Çünki Azərbaycanın üçrəngli bayrağı Qubadlıda da dalğalanır. Vətənimizin hər qarışını qorumaq uğrunda ata-babalarımız misilsiz şücaət və rəşadət nümayiş etdiriblər. Minlərlə şəhid vermiş yurdumuzun silinməz tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir soydaşımız qəhrəmanlıq xarakterini qorumaqla öz sələflərinin yolunu davam etdirməyi bacarıb. Qədirbilən  xalqımız da hər zaman yüksək ehtiram sahibi olan şəhidlərini daim yad edir.



Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"