Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2024 18:43

İntellektual qabiliyyətli bölmələrin yaradılması ordumuzun müasirləşməsi istiqamətində sıçrayışın təzahürüdür

Çox uzaq keçmişdə deyil, bir neçə il əvvəl filmlərdə izlədiyimiz, reallaşması qeyri-mümkün hesab etdiyimiz fantastik yeniliklər artıq dövrümüzün reallığıdır, gündəlik həyatımızda öz təsdiqini tapır və tətbiq edilir. Bütün sahələrdə olduğu kimi, qlobal miqyasda elmi-texniki tərəqqidə sıçrayışın məhsulu olan texnoloji yeniliklər hərbi sistemdə, ordu quruculuğu və təhlükəsizlik sektorunda da geniş istifadə olunur. Ənənəvi döyüşlər, peşəkar heyətlər tərəfindən idarə olunan zirehli döyüş texnikalarının tətbiqi ilə icra olunan hərbi əməliyyatlar artıq tarixə dönür.
Əvvəllər əvəzolunmaz hesab edilən döyüş taktikaları sürətlə dəyişir. Köhnə silah və texnikanın yerini lazer, kompüter müdaxilələri, biotexnoloji partlayış, hipersəs sürətli silahlar, zəkalı dron sürüləri, nanotexnoloji elementlər, pilotsuz döyüş texnikaları, hətta özü qərarlar qəbul etməyi bacaran döyüş robotları tutur. Bu gün artıq hərbi əməliyyatlar zamanı xüsusi tapşırıqların icrası deyərkən, ilk növbədə, hər kəsin yadına döyüş meydanında praktiki fəaliyyət göstərən fiziki və mənəvi cəhətdən güclü xüsusi təyinatlılar, eləcə də yüksək texnologiyalar, müasir pilotsuz uçuş aparatları, xüsusi müşahidə-izləmə vasitələri ilə onlara dəstək olan mütəxəssislər düşür.
İlk olaraq onu qeyd etmək lazımdır ki, "xüsusi tapşırıqlar" icra etmək məqsədilə belə bölmələrin yaradılması Müzəffər Ali Baş Komandanın göstərişinə əsasən, hərbi quruculuq sahəsində aparılan uğurlu islahatlar sayəsində qüdrətlənən ordumuzun daha da müasirləşməsi istiqamətində sıçrayışın və hərbi xidmətkeçmə ilə bağlı tam fərqli konseptual yanaşmanın təzahürüdür.
Hibrid döyüş əməliyyatlarında bəzən böyük hərbi güc tətbiq etmədən sadəcə dövlətin kritik elektron infrastrukturlarına kompüterlər vasitəsilə müdaxilələr edərək istənilən əhəmiyyətli informasiyaları ələ keçirməklə dövlətin təhlükəsizliyinin təhdid altına alınması müasir dövrün reallığıdır. Günümüzün bu reallığı da, təbii olaraq, Azərbaycanın ordu quruculuğu prosesində nəzərə alınmalıdır və alınır. Əminəm ki, haqqında danışdığımız istiqamətdə uğurlarımız da yetərincədir. Yeni nəsil texnologiyaların, döyüş vasitələrinin tətbiqi ilə bağlı qabaqcıl təcrübə öyrənilməklə yanaşı, bütün bu texnologiyaları peşəkarlıqla tətbiq etməyi və xüsusi tapşırıqları yerinə yetirməyi bacaran mütəxəssislərin aşkar edilməsi, yetişdirilməsi və onların əməyindən səmərəli istifadə olunması istiqamətində Azərbaycan Ordusunda planlı addımlar atılır.
Düşünürəm ki, Milli Müdafiə Universitetinin nəzdində İntellektual qabiliyyətli bölmənin yaradılması da məhz texniki tərəqqi istiqamətindəki hədəflərimizə çatmaq məqsədi daşıyır. Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı tətbiq olunan yeni konsepsiya əsasında yaradılan həmin bölmələrdə xidmət edən yüksək intellektə malik, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaqla, onların öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunması, eyni zamanda, onların karyera inkişafına töhfə verilməsi təmin ediləcək.
Bu bölmələrin yaradılması müasir texnologiyaları və fərqli yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik gənclərin hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmalarının təmin olunması sayəsində yüksək intellektə malik, informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olan, rəqəmsal bacarıqları inkişaf etmiş insan kapitalının formalaşdırılmasına da əhəmiyyətli töhfə verəcəkdir. Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərəcək İntellektual qabiliyyətli bölmələrdə xidmət dövründə istedadlı gənclər ali təhsil müəssisələrində öyrəndiklərini praktiki icra etməklə bilik və bacarıqlarını daha da təkmilləşdirəcək və qazanacaqları təcrübə sayəsində Vətənə faydalı olacaqlar.
Təbii ki, bu gün cəmiyyətdə çoxlarını "İntellektual qabiliyyətli bölmələrdə yeni imkanların yaradılması nə kimi fayda verəcək və xüsusi bacarığa malik bu gənclər hansı tapşırıqları yerinə yetirəcək?" kimi suallar maraqlandıra bilər. Hesab edirəm ki, həmin gənclər yeni nəsil pilotsuz uçuş aparatlarının yaradılması, lazer silahlar və nanotexnologiyalar sahəsində kreativ ideyaların ortaya qoyulması, yeni texnoloji vasitələrə, avtomatik idarəetmə sistemlərinə texniki xidmətin göstərilməsi, həmçinin hərbi texnikanın robotlaşdırılması prosesində böyük uğurlara imza ata bilərlər.
Yüksək intellektə malik həmin gənclərdən faydalanaraq süni intellekt əsasında işləyən neyroşəbəkə vasitəsilə audiovizual materialların emalı, qlobal internet şəbəkəsinin monitorinqi və hesabatların hazırlanması, məxfilik rejiminin qorunmasını təmin edən milli mesajlaşma mübadilə sistemlərinin, media paylaşım şəbəkələrinin hazırlanması kimi sahələrdə uğurlu layihələr həyata keçirmək mümkündür. İntellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilən gənclərin istedad və bacarığı sayəsində Azərbaycan Ordusu üçün milli kompüter proqramlarının və tətbiqlərin, sosial şəbəkə platformalarının hazırlanması və beynəlxalq sistemə inteqrasiyası, həmçinin kriptoqrafiya sahəsində də mühüm uğurlara nail olmaq mümkündür. Eyni zamanda, yüksək istedada malik, intellektual qabiliyyətli gənclərdən döyüş texnikası, hava hücumundan müdafiə və aviasiya vasitələri, simulyasiya mərkəzləri üçün müxtəlif proqramların yazılması və tətbiqi sahəsində, həmçinin kompüter dəstəkli təlimlərin hazırlanması və keçirilməsində də faydalanmaq mümkündür.
Fəxr edirik ki, ölkəmizdə bu sahədə yetərincə istedadlı, yüksək intellektual qabiliyyətli gənclər yetişməkdədir. Azərbaycanda və Türkiyədə keçirilən "Texnofest" müsabiqələrində hərbi qulluqçularımızın və istedadlı gənclərimizin uğurla iştirak edərək mükafata layiq yerlər tutmaları buna bariz nümunədir.
Bildiyimiz kimi, müasir texnologiyalarla bağlı layihələrin icrası və ordu quruculuğu prosesində tətbiqi böyük iqtisadi imkanlar tələb edir. Ölkəmizin iqtisadi qüdrəti hərbi qüdrətimizin güzgüsüdür. Qürurverici məqamdır ki, dövlətimizin iqtisadi qüdrəti hərbi qüdrətimizin yüksəlməsində uğurla əks olunur. Əminəm ki, bundan sonra da bu istiqamətdə qələbələrimiz, nailiyyətlərimiz bizi sevindirəcək və İntellektual qabiliyyətli bölmələrdə xidmət edən gənclərimizin də bu uğurlarımızda payı yüksək olacaqdır. Elm və texnikanın ən son nailiyyətlərindən effektiv istifadə edən ordular gələcəyin qüdrətli ordusu olacaqdır. Qürurverici faktdır ki, bu qüdrətli ordular sırasında Azərbaycan Ordusu da vardır.



İsa İSMAYILOV

ehtiyatda olan

polkovnik-leytenant,

hərbi jurnalist