Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2024 18:43

“Hərbi qulluqçularımızın sağlamlığının keşiyindəyik”

Azərbaycanda tibb sahəsi son illərdə sürətli inkişaf yolu keçərək vətəndaşlarımıza yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə müasirləşdirilib. Dövlət səviyyəsində həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yeni tibb müəssisələri açılır, mövcud olanlar isə müasir avadanlıqlarla təchiz edilir. Bundan başqa, tibb heyətinin peşəkarlığının, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlim proqramları həyata keçirilir.
Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunda da tibb sahəsi xüsusi diqqətdə saxlanılır. Hərbi tibb sahəsinin inkişafı ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və əsgərlərimizin sağlamlığının qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə şəxsi heyətə yüksək səviyyədə göstərilən tibbi xidmət ordumuzun döyüş qabiliyyətinin daim yüksək saxlanılmasına imkan verir.
İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birinin tibb müəssisəsində hərbi qulluqçularımıza yüksək xidmətin göstərildiyinin şahidi olduq. Burada çalışan peşəkar tibb personalı şəxsi heyətin sağlamlığının qorunması üçün tapşırıqları məsuliyyətlə yerinə yetirirdi. Müasir, geniş və işıqlı otaqlar ən son tibbi avadanlıqlarla təchiz olunub. Müəssisədə stasionar və izolyasiya otaqları daim hazır vəziyyətdə saxlanılır.
Tibb xidməti polkovnik-leytenantı Niyaz Ələkbərov bildirdi ki, burada çalışan personal öz işinə peşəkarlıqla yanaşır. "Hərbi həkim adını daşımaq və azad edilmiş ərazilərdə Vətənə xidmət etmək bizə fəxarət hissi yaşadır. Vətənimizə olan borcumuzu yerinə yetirmək və şəxsi heyətin sağlamlığının keşiyində dayanmaqla içdiyimiz anda sadiqliyimizi nümayiş etdiririk".
Zabitlə söhbət edə-edə hərbi hospitalın bölmələrinə yaxınlaşırıq. Stomatologiya bölməsinə diş ağrısı diaqnozu ilə müraciət edən əsgər Qismət Cabbarovla həmsöhbət olduq. Onun müayinəsi tibb xidməti leytenantı, həkim-stomatoloq Əli Cəfərov tərəfindən aparılırdı. Ə.Cəfərov bildirdi ki, müəssisədə mövcud olan müasir avadanlıqların köməyi ilə hərbi qulluqçulara tam ağrısız şəkildə müayinə və müalicə prosesi göstərilir. Tibb xidməti leytenantı qeyd etdi ki, müraciət edən xəstələrin bir çoxunda kariyes problemi var. "Xəstələrdə rast gəlinən kariyes problemi təkcə dişlərin vaxtından tez itirilməsinə səbəb olmur, həm də ağız-udlaq, çənə sümüyünün iltihabı və digər xəstəliklər yarada bilir. Bunun üçün kariyesli dişləri vaxtında müayinə və müalicə etmək lazımdır".
Sonra tibb xidmətinin ayrılmaz hissəsi olan laboratoriya şöbəsinə yaxınlaşdıq. Müasir tibbi diaqnostik və texnoloji avadanlıqlarla təchiz olunan laboratoriyada analizlərin dəqiqliyi yüksək səviyyədə həyata keçirilir. Tibb xidməti leytenantı Taleh Məmmədov şöbənin işini belə xarakterizə etdi: "Bizim laboratoriya ən müasir cihazlarla təchiz olunub və burada hər növ analizləri dəqiqliklə aparmaq mümkündür. Müasir diaqnostika avadanlıqları sayəsində analizlərin nəticələrini sürətlə əldə edirik ki, bu da xəstələrin vaxtında düzgün müalicə olunmasına imkan yaradır. Bizim məqsədimiz şəxsi heyətin sağlamlıq vəziyyətini daim nəzarətdə saxlamaq və ən kiçik problemi belə vaxtında aşkarlamaqdır. Tibb sahəsində dəqiqlik və operativlik həyati əhəmiyyət daşıyır və biz də bu prinsiplərə əsaslanaraq xidmət edirik".
Tibb müəssisəsində göstərilən terapiya xidmətləri də xüsusi əhəmiyyət kəsb edir. Bölmənin ordinatoru, tibb xidməti kapitanı Emil Kərimov da  fikirlərini bizimlə bölüşdü: "Terapiya bölməsi olaraq biz hər bir əsgərin sağlamlığına xüsusi həssaslıqla yanaşırıq. Əsas məqsədimiz onların sağlamlığını qorumaqdır. Burada həm xroniki xəstəliklərin müalicəsinə, həm də profilaktik tədbirlərə xüsusi diqqət yetirilir. Müasir avadanlıqlar və analiz imkanları bizə diaqnozları dəqiq və operativ şəkildə təyin etməyə kömək edir. Vətənə xidmət edən hər bir hərbçinin sağlamlığına məsuliyyətlə yanaşmaq bizim borcumuzdur".
Radiologiya bölməsində tibb xidməti kapitanı Pərvin Vəliyev müayinələrin dəqiq və operativ şəkildə həyata keçirildiyini bildirdi: "Radiologiya bölməsi ən müasir avadanlıqlarla təmin olunub. Bu, bizə qısa müddətdə xəstələrin diaqnozunu müəyyənləşdirməyə imkan verir. Xüsusilə ultrasəs müayinəsi (USM) ilə daxili orqanlarda yaranan problemləri vaxtında aşkarlayırıq. Əsgərlərimizin sağlamlıq vəziyyətini dəqiq izləmək bizim üçün vacibdir".
Bölmədə əsgər Murad Adıgözəlovun ultrasəs müayinəsi həyata keçirilirdi. Müayinədən sonra əsgər öz təəssüratlarını bildirdi: "Qarın nahiyəmdə narahatlıq hiss etdiyim üçün radiologiya bölməsinə müraciət etdim. Hərbi həkimlərimiz məni çox peşəkar şəkildə müayinə etdilər. Ultrasəs müayinəsi zamanı heç bir ciddi problem aşkarlanmadı. Burada göstərilən tibbi xidmətin səviyyəsindən çox razıyam. Həkimlərimiz və tibb personalı müalicə və müayinə üçün müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşır, lazımi köməklik göstərirlər".
Tibb müəssisəsində gördüklərimiz deməyə əsas verir ki, burada çalışan həkimlər, feldşerlər, tibb bacıları hərbi qulluqçuların sağlamlığının qorunması naminə qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirlər.
Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, hərbi həkimlərimiz üçün Vətən müdafiəçisinin sağlamlığının keşiyində durmaq da şərəflidir.



Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"