Hərbi qulluqçu üçün sıra hazırlığı vacib amillərdəndir. Belə ki, yüksək döyüş hazırlığının təməlində sıra hazırlığı dayanır. Bu səbəbdən də bölmələrdə hərbi xidmətin "əlifba"sı bildiyimiz sıra hazırlığı məşğələsinin səmərəli təşkili diqqətdə saxlanılır. "N" hərbi hissəsində gənc əsgərlərin sıra hazırlığı dərsini izlədik. Baş leytenant Ramin Muradov əsgərlərə silahsız sıra elementlərini öyrədirdi.
"Əsgərlərə sırada addımlama, sıradan çıxma, rəisə yaxınlaşma, rəisdən uzaqlaşma və digər elementləri öyrədirik. Hər biri məşğələyə həvəslə yanaşır, verilən tapşırıqları bacarıqla icra edirlər. Həmçinin onlara sıranın mahiyyəti, müqəddəsliyi haqqında danışırıq. Hər biri yaxşı dərk edir ki, hərbi xidmətin təməli sıradan başlanır", - baş leytenant R.Muradov dedi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Eldəniz Abbasov on altı ildir xidmətdədir. Onun sıra hazırlığı keçdiyi əsgərlər də öyrədilən bütün elementləri yüksək səviyyədə icra edirdilər. Çavuş E.Abbasov məşğələni həm nəzəri, həm də praktiki izah edirdi. Hər komandanı əvvəlcə özü göstərir, sonra əsgərlər yerinə yetirirdilər. Eldənizin bacarıqlı, məsuliyyətli, xidmətdə tələbkar olduğu hiss olunurdu.
Fasilədən istifadə edib əsgərlərin də düşüncələrini qeydə aldıq. Əsgər Ruslan Adilov Ağcabədi rayonundan ordu sıralarına çağırılıb. Azərbaycan Texniki Universitetini "Ekologiya mühəndisi" ixtisası üzrə bitirib. Ruslan dedi ki, Vətənə övladlıq borcunu inamla yerinə yetiririk. “Hər bir gəncin arzusudur ki, qalib və rəşadətli ordumuzun əsgəri olsun, müddətli xidmətini uğurla keçsin. Xalqımıza Böyük Qələbə qazandıran ordunun sıralarında xidmət etməkdən, qalib ordunun əsgərləri olmaqdan qürurluyuq. Hərbi sirlərə, vərdişlərə yiyələnmək üçün can atırıq. Sıra hazırlığından əlavə digər dərslərdə keçir, bacarıqlı əsgərlər kimi formalaşacağımıza çalışırıq".
Əsgərlərdən Musa Veysov, Mahir Mahmudov, İsmayıl İsmayılov, Orxan Zərgərov, Səbuhi Məmmədov, Firuz Əliyev və başqaları sıra məşqlərini qısa müddətdə yetərincə mənimsəyiblər. Onların da başlıca məramı komandirlərin öyrətdikləri hərbi bilikləri dərindən mənimsəyərək ciddi riayət etməkdir. Gənc əsgərlərlə məşğələlərin səmərəli təşkil olunması və onların öyrədilənləri həvəslə mənimsəməsi uğurlu xidmətin əsasıdır.
Bəxtiyar ƏLİYEV,
foto
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"