"N" hərbi hissəsinin sıra meydanında günün nizam qaydalarına uyğun olaraq əsgərlərlə sıra hazırlığı məşğələsinin keçirildiyinin şahidi olduq. Məşğələ rəhbərinin izah etdiyi elementləri səhvsiz təkrarlayan əsgərlərin məşğələyə maraqları kənardan hiss olunurdu. Onların bir komanda ilə ayaqlarının eyni anda yerə vurmasından yaranan ritmik səslər dağlarda əks-səda ilə yayılırdı. Əllərini və ayaqlarını nizami şəkildə, eyni anda hərəkət etdirmələrini izləmək insana könül xoşluğu bəxş edirdi. Məşğələni sonacan izlədikdən sonra hərbçilərlə söhbət etmək imkanımız oldu.
Məşğələ rəhbəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ümid Məmmədov sıra hazırlığının əhəmiyyətindən danışaraq vurğuladı ki, keçirilən məşğələlərin hərbçilərin intizamını artırılmasında rolu əvəzsizdir. "Sıra hazırlığı hərbi xidmətin əsas tərkib hissəsidir. Təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq səhər və axşam saatlarında əsgərlərlə sıra elementlərini məşq edirik. Verilən əmrləri bacarıqla yerinə yetirmələri, onların öyrənməyə və hərbi xidmətə olan marağını göstərir. Bu məşğələ əsgərlərin birgə fəaliyyətini, koordinasiyasını və hərbi əmrlərə cavabvermə qabiliyyətini inkişaf etdirmək üçün vacibdir. Sırada birgə hərəkət etmək əsgərlərin fiziki, mental və intizamlı şəkildə hazır olmalarını təmin edir. Sıra hazırlığı yalnız fiziki güc və intizamla bağlı deyil, həm də əsgərlərin vətənpərvərlik hisslərinin inkişafında da mühüm rol oynayır. Hər bir əsgər sırada dayandığı zaman Vətənin müdafiəsi üçün, müqəddəs vəzifələr üçün burada olduğunu dərk edir. Bu, onlara həm də bir məqsəd uğrunda birgə mübarizə aparmağı öyrədir. Hər bir əsgərin Vətənə olan sonsuz sevgisi onu xidmətə daha çox bağlayır. Səmərəli keçirilən dərslərin nəticəsidir ki, əsgərlərimiz sıra, cərgə, kolon, cinah, interval və distansiya kimi nizamnamə tələblərini uğurla icra edirlər. Əvvəlki dövrlərdə çətinliklər olsa da, bu gün onların hər biri yüksək hazırlıq səviyyəsinə malikdir".
Əsgər Aydın Qurbanlı xidmətə başladığı gündən təcrübəli komandirlərindən hərbi biliklər öyrəndiyini qeyd etdi. "İlk günlər mənim də sıra hazırlığı məşğələlərində çətinliklərim olurdu. Ancaq komandirlərimizin diqqət və qayğısı, səbirlə öyrətmə bacarıqları sayəsində qısa müddətdə sıra hazırlığının bütün elementlərini mənimsədim. Mən və əsgər yoldaşlarım yalnız sıra hazırlığı deyil, həm də döyüş, atış və fiziki hazırlıqlarımızı da inkişaf etdirmişik. İndi verilən bütün komandaları gecikmədən və nöqsansız şəkildə icra edə bilirik", - əsgər A.Qurbanlı dedi.
Əsgər Sərxan Novruzov xalqımıza qələbə sevincini yaşadan peşəkar hərbçilərimizin davamçısı olaraq güclü ordumuzda xidmət etməsindən qürur duyduğunu bildirdi: "Hərbi xidmətə başlamazdan əvvəl çox həyəcanlı idim. Kiçik yaşlarımdan televiziya kanallarında təqdim olunan hərbi paradlarda hərbçilərimizin təntənəli keçidini qürur hissi ilə izləyirdim. Hər zaman arzulayırdım ki, mən də əsgər olub həmin hərbi qulluqçular kimi nizamlı sıra atmağı bacarım. Xatırlayıram, təntənəli andiçmə mərasimimizə hazırlaşarkən komandirlərimiz sıra hazırlığının incəliklərini artıq bizə öyrətmişdilər. Qısa zaman ərzində əsgər yoldaşlarımla bərabər lazımi elementləri icra edə bilirdik. Bu gün də öz üzərimizdə çalışır, hərbin bütün sirlərinə yiyələnməyə səy göstəririk. Xalqımıza layiqli əsgər, layiqli vətəndaş olmaq ən böyük arzumdur".
Digər əsgərlər Rəşad, Elvin, Cəlal və başqaları da söhbət zamanı sıra hazırlığının əhəmiyyətini dərk etdiklərini, verilən tapşırıqları cəld və səhvsiz yerinə yetirmək üçün çox çalışdıqlarını ifadə etdilər. Hər bir əsgərin öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyinin, Vətənə sədaqətlə xidmət etdiyinin canlı şahidi olduq. Gördüklərimiz Vətənimizin müdafiəsinin etibarlı əllərdə olmasının əyani sübutudur.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"