Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə idmanın davamlı inkişafını təmin etmək və bu sahədə qazanılan nailiyyətləri daha da artırmaq məqsədilə ardıcıl və məqsədyönlü işlər aparılır. Əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə hər il ölkəmizdə müxtəlif kütləvi idman tədbirləri və yarışları təşkil edilir. Həmin tədbirlərdə Müdafiə Nazirliyinin şəxsi heyətinin də iştirakı yüksək səviyyədə təmin edilir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən kütləvi idman yarışlarında Müdafiə Nazirliyinin əməkdaşı fərqlənib.
Belə ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən, 21 dövlət qurumunun təmsil olunduğu stolüstü tennis yarışında nazirliyin əməkdaşı Yeganə Əlizadə gümüş medal qazanıb.
Qeyd edək ki, "Şüa" İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova (SOCAR) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yeganə Əlizadə (Müdafiə Nazirliyi) və Nərgiz Daşdəmirova (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Vüqar İbrahimov (FHN) isə üçüncü pillədə başa vurublar.
"Azərbaycan Ordusu"