"N" hərbi hissəsində şəxsi heyətin hər biri müqəddəs borcunu şərəflə yerinə yetirməklə Vətənə, xalqa xidməti həyatının mənası hesab edir. Belə mərd, fədakar hərbçilərdən olan Kahin Ceyhun oğlu Muradovun adı da xüsusi vurğulandı. O, intizamlı, vətənpərvər, cəsarətli, qorxmaz hərbi qulluqçu kimi tanınır.
Kahin uşaqlıq, yeniyetməlik çağlarından vətənpərvər ruhda tərbiyə alıb. Təhsil aldığı məktəbdə də nümunəvi şagird olub. Öyrəndik ki, Kahin Muradov Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. Şəhid Yaşar Əsgərovun adını daşıyan orta məktəbdə təhsil alıb. Vətənpərvərlik tədbirlərində həmişə böyük həvəslə iştirak edib. "Şahin" hərbi-idman oyunlarında məktəbin şərəfini qoruyanlardan olub.
2011-ci ildə orta məktəbi bitirdikdən sonra cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində müddətli xidmətə başlayıb. İlk günlərdən çalışqan, intizamlı əsgər kimi tanınıb. Ona təhkim olunan silahdan məharətlə istifadə etməyi öyrənib. Döyüş və mənəvi-psixoloji hazırlıq məşğələlərində həmişə fərqlənib. Komandanlıq tərəfindən ailəsinə təşəkkür məktubu ünvanlanaraq, bacarıqlı, cəsur, qorxmaz oğul böyütdükləri üçün Muradovlar ailəsinə minnətdarlıq ifadə olunub.
2013-cü ildə ordu sıralarından tərxis olunsa da, yenidən taleyini ordu həyatı ilə bağlamaq qərarına gəlib. Vətən torpaqlarını işğalçılardan azad edən igidlərin sırasında olacağını bildirib. "Vətən torpaqları xilasını qeyrətli, mərd oğullarından gözləyir. Torpaqlarımızı işğalçılardan azad etmək, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmək bizim ən müqəddəs borcumuzdur", - deyən Kahin Muradov sənədlərini "N" hərbi hissəsinin komissiyasına təqdim edib. Müvafiq kursu müvəffəqiyyətlə bitirdikdən sonra "N" hərbi hissəsində hərbi xidmətini davam etdirib. Manqa komandiri kimi vəzifəsinin öhdəsindən bacarıqla gəlib.
27 sentyabr 2020-ci ildə Ermənistan ordu hissələri ölkəmizin ərazilərinə genişmiqyaslı hücum həyata keçirməyə başladılar. Buna cavab olaraq Müzəffər Ali Baş Komandan əks-hücum əmri verdi. Ordumuzun şəxsi heyəti böyük qətiyyətlə döyüş əmrini yerinə yetirməyə başladı. Həmin vaxt Kahin Muradovun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməklə yüksək döyüş, vətənpərvərlik nümunəsi göstərdilər. Kahin Muradov da illər öncə arzuladığı kimi Vətənin xilaskarları sırasında idi. Arzuladığı günlər artıq reallaşırdı. Vətən torpaqları kənd-kənd, şəhər-şəhər azad olunurdu. Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Kahin Ceyhun oğlu Muradov "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Tariximizə qəhrəmanlıq salnaməsini yazanlar sırasında olmasından qürur hissi keçirən çavuş Kahin Muradov "N" hərbi hissəsində xidmətini uğurla davam etdirir. Ona etibar olunan vəzifələri məsuliyyətlə, vaxtında və dəqiq yerinə yetirir.
"Silahdaşlarımla birgə qürurluyuq ki, Vətənimizə, xalqımıza daha çox gərəkli, dəyərli olan hərbçi peşəsini seçmişik, həyatımız, taleyimiz göstərdi ki, doğru seçim etmişik", - Kahin dedi.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"