Vətən vətənpərvər oğulların sayəsində Vətən olur. O oğullar ki, Vətənin ərazi bütövlüyünə qarşı təhdidin baş verdiyi andan onun müdafiəsinə qalxırlar. Belə vətənpərvər oğulların sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Onlar Vətənə sevgilərindən güc alaraq döyüş meydanında rəşadət göstərdilər və xalqımıza Böyük Qələbə sevincini yaşatdılar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Hümbətov da vətənpərvər oğullardan biridir. Ailəsi Laçın rayonundan məcburi köçkün düşərək Bərdə rayonunda məskunlaşmalı olublar. Nicat da Bərdə rayonunda dünyaya göz açıb. Laçın həsrəti ilə yaşayıb. Hərbçi olanda da bu arzu ilə xidmətə başlayıb: "Tezliklə döyüşlər başlasın, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etsin və ailəsi ilə birlikdə Laçına yenidən qayıtsınlar". Bu amalla ordu sıralarında xidmətə yollanır. Müvafiq kursu uğurla başa vurub, "N" hərbi hissəsində xidmətə başlayır. Hərbi biliklərə və vərdişlərə dərindən yiyələnməyi, nümunəvi, bacarıqlı hərbçi olmağı qarşısına məqsəd qoyur.
2020-ci ilin 27 sentyabr gününü Nicat belə xatırlayır:
- Səhər idi. Həmişəki kimi xidmətə başlamışdım. Çox keçmədi "Həyəcan" siqnalı verildi. Düşmən genişmiqyaslı təxribata başlamışdı, mövqelərimizi artilleriya silahlarından atəşə tuturdu. Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma başladıq. Dəqiq atəş zərbələri ilə düşmənin atəş nöqtələrini susdurduq, dayaq məntəqələrini nəzarətə götürdük. Hər birimiz yüksək əhval-ruhiyyədə döyüşürdük. Qürurluyam ki, mən də döyüşlərin iştirakçısı oldum, qalib ordunun nümayəndəsiyəm.
Çavuş Nicat Hümbətov döyüşlərdəki fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub.
Hal-hazırda doğma Qarabağımızda yerləşən bölmələrdən birində xidmət edən Nicat komandiri olduğu manqanın şəxsi heyətinə hərbi bilikləri səylə öyrədir, Vətən müharibəsində qazandığı döyüş təcrübəsini onlara aşılayır.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"