Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:34

“Əsgərlərimizə qulluq etməyi mənəvi borc bilirik”

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına əsasən, ordu quruculuğu istiqamətində uğurlu islahatlar səngimir. Ordumuzun döyüş hazırlığı ilə yanaşı, təminatı, bölmələrin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məsələləri də daim diqqət mərkəzində saxlanılır. Çünki təminatı yüksək olan əsgərin döyüş ruhu da yüksək olur.
Ordumuzun bütün bölmələrində olduğu kimi, "N" hərbi hissəsində də şəxsi heyətin sosial-məişət şəraiti yüksək səviyyədədir. Burada müasir standartlara cavab verən yeməkxana, yataqxana, camaşırxana ilə tanış olduq. Hər birinin şəraiti, təminatı, səliqə-sahmanı ürəkaçandır. Camaşırxananın iş prosesi ilə tanış olmaq üçün hərbi hissənin məsul zabiti ilə ora yollandıq. Buranın müasir avadanlıqlarla təchiz olunduğunu və işin tam avtomatlaşdırılmış qaydada aparıldığını gördük. Həmçinin çalışanların səliqəli geyimi və təmizliyi də göz oxşayırdı.
Çavuş Şəmistan Mehdiyev bildirdi ki, şəxsi heyətin təmizliyi daim ön plandadır. “Hamam günlərində bölmələr çirkli paltarları camaşırxanaya təhvil verir, onlar qısa müddətdə yuyulur və ütülənərək təmiz halda geri qaytarılır. Paltarlar saxlanc otaqlarında qorunur və hamam günlərində şəxsi heyətə paylanılır. Bu cür diqqət əsgərlərin xidmət keyfiyyətinə və ümumi sağlamlığına müsbət təsir göstərir”.
Camaşırxanada çalışan İlhamə Museyibova burada paltarların, dəsmalların və yataq dəstlərinin təmizlənməsi üçün müasir texnikanın quraşdırıldığını vurğuladı. "Bu cür şərait bizə işimizi daha rahat və sürətli şəkildə görməyə imkan verir. Təmiz və ütülü paltarlar əsgərin xidməti üçün əhəmiyyətlidir, biz də bu işə böyük sevgi ilə yanaşırıq. Hər bir hərbi qulluqçunu öz övladımız kimi qəbul edirik. Onlar bizə qələbə sevincini yaşatdılar. Belə mərd və cəsur oğullarımız olduğu üçün qürur duyuram", - deyə o bildirdi.
Gültəkin Məmmədova isə qeyd etdi ki, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, əsgərləri təmiz və ütülənmiş yataq dəstləri və səliqəli geyimlə təmin edirlər. "Bu gün ordumuzun igidliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. İllərlə düşmənin işğalından sonra azad edilmiş torpaqlarımızın hər qarışını bu gün Azərbaycan əsgəri mətinliklə qoruyur. Biz də öz növbəmizdə qalib ordumuzun əsgərlərinə qulluq etməyi özümüzə mənəvi borc bilirik", - dedi Gültəkin Məmmədova.
Camaşırxana ilə yanaşı, digər məişət otaqlarının da şəraiti və təminatı ən yüksək səviyyədə idi. Burada çalışan işçilərin hərbi qulluqçularımıza doğma münasibət bəslədiyini, işlərinə ürəkdən bağlı olduqlarını gördük.
Bunların hamısı hərbi hissədə xidmətin düzgün təşkilindən, şəxsi heyətin sosial təminatının və mənəvi-psixoloji hazırlığının daim diqqətdə saxlanılmasından xəbər verir ki, bu da birbaşa döyüş hazırlığına təsir edir.

Eltun MƏMMƏDOV,

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"