Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:32

“Əsgəri güclü olan ordu yenilməzdir”

Ordunun gücü, qüdrəti əsgərin döyüş hazırlığı deməkdi. Yüksək döyüş hazırlığına malik ordu dövlətin sərhədlərini də qətiyyətlə qoruyur, dövlətçiliyini də, suverenliyini də, milli-mənəvi dəyərlərini də. Buna həm də şəxsi heyətin yüksək fiziki hazırlığı ilə nail olunur.
Azərbaycan əsgərinin döyüş hazırlığı müxtəlif üsullarla yüksəldilir: hərbi biliklər öyrədilir, öyrədilənlər təlimlərlə möhkəmləndirilir, təkmilləşdirilir, formalaşdırılır. Fiziki hazırlığı zəif olan əsgərin döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaq çətinliklər yaradır. Ona görə də müdafiə nazirinin təsdiq etdiyi günün nizam qaydalarına müvafiq olaraq hərbi hissələrdə fiziki hazırlıq üzrə məşğələlər aparılır, bu məqsədlə hərbi hissələrdə idman şəhərcikləri yaradılıb. Günün nizam qaydalarına müvafiq olaraq, planlı dərslər - idman saatları da keçirilir, hərbi hissədə idman yarışları da təşkil edilir, uğur qazanan əsgərlər birləşmə üzrə keçirilən yarışlara göndərilirlər.
Fiziki hazırlıq da plan əsasında təlimata müvafiq aparılır. Əsgərin fiziki imkanlarını artıran, bu baxımdan onun döyüş hazırlığını yüksəldən fiziki hazırlıq döyüş hazırlığı prosesinin mühüm tərkib hissələrindəndir. Fiziki hazırlığı yüksək olan əsgərin dözümlülüyü də yüksək olur, hərbi bilikləri öyrənmə istəyi də dönməzləşir. Yüksək fiziki imkanlar mətin xarakter formalaşdırmağa da qadirdi.
Əsgərin fiziki imkanları müxtəlif təyinatlı idman qurğuları vasitəsilə tənzimlənir.
Əsgər Nurlan Məlikov hərbi xidmətə Sumqayıt şəhərindən çağırılıb. İdmanla uşaqlıq illərindən məşğul olur. İdmanın boks növünü sevib, sirlərini öyrənib. Nurlan dedi ki, idman ən əvvəl yeniyetmənin, gəncin fiziki imkanlarını artırır, sonra məşqlərlə sevdiyi idman növünün sirlərini mənimsəyir. Orta məktəbdə oxuyanda öz çəki dərəcəsində respublika üçüncüsü, sonra respublika ikincisi olmuş əsgər dedi ki, hərbi hissədə yaradılan yüksək şərait idman fəaliyyətini davam etdirməyə imkan verir, həm də asudə vaxtlarda boksa həvəsi olanlarla da birgə məşq edirik. Bildiklərimi onlara da öyrədirəm.
Əsgər Namiq Behbudov yeniyetməliyindən idmanın sərbəst güləş növü ilə məşğul olub. Yeniyetmələr arasında respublika birinciliyinin gümüş mükafatçısı olub. Ata yurdu Ağdamın Baş Qərvənd kəndindədir. Əsgər dedi ki, bu gün turniklərlə, paralel qollarla, yüngül atletika ilə fiziki gücünü artıran əsgərlərimiz həm də döyüş hazırlığını yüksəldir. Bu, onların, elə hamımızın  hərbi xidmətə məsuliyyəti deməkdir.
İdman təlimatçısı çavuş Nəbi İsmayılov dedi ki, İkinci Qarabağ müharibəsində döyüşçülərimiz döyüşə-döyüşə Şuşaya çatmışdılar. Şuşaya dağlardan aşıb gedəcəkdilər. Bunu ancaq yüksək fiziki hazırlığa malik olan döyüşçülər yerinə yetirə bilərdilər. Azərbaycan Ordusunun hissələri Şuşanın sıldırım dağlarını çıxıb şəhərə daxil olacaqdılar. Azərbaycan Ordusu bu möcüzə əməliyyatı gerçəkləşdirə bildi, Şuşanı işğaldan azad etdi. Mən vaxtaşırı əsgərlərimizə bu faktı da xatırladıram.
Əsgər Mahsun Abbasov maraqlı bir fikir bildirdi: “İkinci Qarabağ müharibəsində tarixi Zəfər həm də döyüşçülərimizin yüksək fiziki hazırlığı ilə qazanılıb. Ona görə biz döyüş yolunu davam etdirdiyimiz əsgərlərin xarakterinin də davamçısı olmalıyıq. Onların xarakterini həm də yüksək fiziki hazırlıqları formalaşdırmışdı. Yüksək fiziki hazırlıq bizim də xarakterimizi formalaşdırır”. Mahsun Abbasovun fikri əsgər yoldaşlarının baxışlarında bir məmnunluq yaratdı.
Fiziki hazırlıq da döyüş hazırlığı kimi hava şəraitindən asılı olmadan müntəzəm həyata keçirilir.
Əsgər Aqşin Xanəhmədov dedi ki, hərbi xidmətə başlayanda zəif fiziki göstəricilərə malik olan əsgər yoldaşlarımızdan biri bu üç ayda hamımızı heyrətləndirə bildi. İndi o, hamının diqqətini çəkən atletik qamətə malikdir. Soruşanlara "Buna müntəzəm fiziki məşqlərin hesabına nail oldum. Əgər vaxtdan düzgün istifadə edirsənsə, buna fiziki hazırlıq saatı da kifayət edər", - dedi. Bu cavabı hərbi xidmətdə fiziki hazırlıq düsturu adlandıra bilərik...
"Əsgəri güclü olan ordu yenilməzdir", - hərbi hissədə belə dedilər...

Rəşid HÜSEYNOV

fotolar

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"