Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:28

“Hərbi həkim olmaq ikiqat məsuliyyətdir”

Bütün peşələr müqəddəsdir. Peşəni müqəddəs edən ona sevərək yiyələnən insanlardır. Peşə haqqında çox deyilib. Belə bir deyim də var: “Çörəyi ver çörəkçiyə birini də artıq”. Tibb xidməti leytenantı Nurəli Qasımlı da şərəfli peşə sahiblərindəndir. "N" hərbi hissəsində həmsöhbət olduğum mayor Namiq  Əzizov bildirdi ki, Nurəli gənc olsa da, öz işini sevən, işinin öhdəsindən bacarıqla gələn hərbi həkimdir.
- Tibb xidməti leytenantı Nurəli Qasımlı bir ildir ki, hərbi hissənin tibb məntəqəsində xidmət edir. Tibb məntəqəsinə səhhəti ilə bağlı müraciət edən hərbi qulluqçuları ciddi müayinə edir, müalicəyə ehtiyacı olanları müvafiq qaydada hospitala təxliyə edir, digər hərbi qulluqçulara isə sağlamlığını qorumaqla bağlı öz tövsiyələrini verir. Onun öz işinə ciddi yanaşması nəticəsində hərbi hissəmizdə xəstələrin sayı demək olar ki, yox səviyyəsindədir, - mayor Namiq Əzizov dedi.
Tibb məntəqəsinə gəlib tibb xidməti leytenantı Nurəli Çingiz oğlu Qasımlı ilə görüşdük. Nurəli ağbəniz, ucaboy gəncdir. Qısa tanışlıqdan sonra məlum oldu ki, Nurəli Beyləqan rayonunun Şəfəq kəndindəndir. Orta məktəbi əla qiymətlərlə bitirib. Uşaqlıq illərindən hərbi həkim olmaq ən böyük arzusu idi. Onu bu peşəyə sövq edən əmisi oğlu Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Qasımov olub. Vətənin keşiyində dayanmaq hər bir Vətən oğlunun müqəddəs borcudur, - Nurəli dedi. O da öz övladlıq borcunu həkim kimi əsgərlərin sağlamlığının keşiyində dayanmaqla ödəmək istəyib. Bu məqsədlə də orta məktəbi bitirəndən sonra sənədlərini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə verib. 633 balla tələbə adını qazanıb. Tələbə olduğu illərdə də yaxşı oxuyub, bacarıqlı həkim olmağı qarşısına məqsəd qoyub, bu amal uğrunda addım-addım irəliləyib. Həmsöhbətim dedi ki, boş vaxtım olanda tibbə aid kitablar oxuyur, dərsləri mütaliə edirəm. Bu da öz növbəsində işin keyfiyyətli olmasına çox kömək edir. Belə ki, Urologiya sahəsi üzrə ixtisaslaşmaq istəyir. Bu sahəyə bütün diqqətini cəmləyərək rezidenturaya hazırlaşır.
Tibb xidməti leytenantı Nurəli Qasımlının başlıca məqsədi rezidentura təhsilini qardaş Türkiyədə almaqdır.
Nurəli bildirdi ki, hazırda xidmət etdiyi hərbi hissədə az sayda əsgəri kəskin respirator xəstəliyi diaqnozu ilə müraciət edir. “Bu da mövsümi xəstəlikdir. Bölmələrdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə əsaslı tədbirlər görülür. Aparılan qabaqlayıcı tədbirlər də öz bəhrəsini verir. Əsgərlərin istirahət etdikləri yerlər, yataqxanalar, yeməkxana, həmçinin açıq və qapalı yerlərə baxış keçirilir və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Hərbi həkim olmaq ikiqat məsuliyyətdir. Üzərimə götürdüyüm bu məsuliyyətin öhdəsindən gəlməyə daim çalışacağam”, - tibb xidməti leytenantı Nurəli Qasımlı dedi.

Bəxtiyar ƏLİYEV

foto

Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"