Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:27

“Zabit olmaq ən böyük arzum idi”

- Kəndimizdə Azərbaycan Ordusunun iki hərbi hissəsi yerləşirdi. Böyüklərimizdən eşitmişəm ki, Birinci Qarabağ müharibəsi zamanı kəndimizin əli silah tutan bütün gəncləri könüllü olaraq torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılmışdılar. Atam da onların sırasında olub. Dayılarım, əmilərim də döyüşüblər. Gözümü açıb hərbi geyimli insanlar, hərbi maşınlar, hərbi texnikalar görmüşəm. Mülki insanların - kənd camaatının yaşadığı ərazidə çoxlu sayda hərbi qulluqçuların olduğunu görməyə artıq alışmışdıq. Hələ kiçik yaşlarımdan kənd uşaqları ilə birlikdə hərbi maşın, hərbçi görəndə "Vətən məni yetişdirib bu ellərə yolladı, bu torpağa qurban deyib Allaha ismarladı. Marş irəli! Marş irəli!" marşını oxuyurduq. Belə bir mühitdə böyüdüm, tərbiyə aldım. Bütün bu gördüklərim, şahidi olduqlarım həyatımın ən xoş xatirələridir. "Mən də hərbi forma geyinəcəm", - deyib kiçik yaşlarımdan qürurlandığım müqəddəs və olduqca şərəfli hərb sənətini seçdim. Bu sənəti bütün varlığımla sevdim. Hər zaman hərbi formanı geyinəndə qürur dolu anlar yaşayıram, - kapitan Aqil Kazımov dedi.
Aqil Adil oğlu Kazımov 15 mart 1994-cü ildə Ağstafa rayonunun Koçvəlili kəndində doğulub boya-başa çatıb. Aqil evin tək oğul övladı olmasına baxmayaraq, valideynləri onun arzusuna qarşı çıxmayıblar. Əksinə, onun hərb peşəsinə dərindən yiyələnməsinə dəstək olublar. 2009-2012-ci illərdə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edib və qəbul olub. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "Motoatıcı" ixtisası üzrə bitirib və xidmətə başlayıb.
44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı yaşayış məntəqələrinin azad olunmasında, eləcə də Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində icra olunan antiterror əməliyyatında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə kapitan Aqil Adil oğlu Kazımov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Aqil iki oğul atasıdır. "Zabit olmaq ən böyük arzum idi", - deyə o qeyd etdi.
- Çox istəyirəm ki, övladlarım da peşəmin davamçısı olsunlar. Doğma Vətənimizi sevərək, torpağa bağlı gənc kimi yetişsinlər. Şəhidlərimizin qanı, canı bahasına azad olunmuş ərazilərimizdə xidmət edərək Azərbaycanımızın ərazi bütövlüyünü, suverenliyini qorusunlar.
Bu gün düşmən işğalından azad edilmiş ərazilərimizdə xoşbəxt, firavan, qayğısız övladlarımız böyüyürlər. Valideynləri onları bağçaya, məktəbə yola salırlar. Xalqımızın dinc, sakit, müharibəsiz, top, güllə səsi eşidilməyən yaşayışı artıq təmin olunub.
Xalqımıza bu sevinci bəxş edən rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən qürur duyuram.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"