Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:24

“Heyətimiz hər bir tapşırığın öhdəsindən bacarıqla gəlir”

Düşmən işğalından azad olunmuş Vətən torpaqlarında qürurla xidmət edən əsgərlərlə görüşüb həmsöhbət olanda xoş ovqata kökləndik. Həmişə arzuladığımız, lakin gedib çıxa bilmədiyimiz doğma Vətənimizin bir hissəsinə - Xankəndiyə gəldik. İlk gəlişimizdə şəhərlə bağlı olduqca xoş hisslər yaşadıq. Torpaqlarımız azad ediləndən sonra burada başlanan bərpa-quruculuq işlərini görmək adamın ürəyini dağa döndərir. Yeni yolların çəkilməsi, binaların tikilməsi, parkların salınması, bir sözlə, bütün quruculuq işləri sürətlə davam edir. Bu mənzərəni seyr edə-edə hərbi hissəyə çatdıq.
Kapitan Hümbət Cəfərovla görüşüb əsgərlərin məşğələ yerinə yollandıq. Tank əleyhinə qurğunun heyəti ilə dərs yerində görüşdük. Heyət komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səxavət Ağayev uzun müddətdir ordu sıralarında xidmət edir. Qusar rayonunun Çubuqçu kəndində anadan olan Səxavət həm Aprel döyüşlərinin, həm Vətən müharibəsinin, həm də Azərbaycan Ordusu tərəfindən  keçirilən antiterror əməliyyatının iştirakçısı olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə döyüşlərdəki xidmətlərinə görə "Ağdamın azad olunmasına görə" medalı ilə  təltif olunub.
Çavuş S.Ağayev dedi ki, tank əleyhinə dəzgahlı qumbaraatan qurğusunun bütün incəliklərini öyrənib. Bu gün də qarşısında duran ən mühüm vəzifə ona və heyətə təhkim olunan bu silahı lazım olan anda məharətlə istifadə edə bilməsidir. 44 günlük Vətən müharibəsinin və suverenliyimizin tam bərpa olunması ilə başa çatan antiterror əməliyyatının iştirakçısı olmaqdan ikiqat qürurlandığını da vurğuladı.
Əsgər Şamil Şamxalov Ağstafa rayonundan hərbi xidmətə çağırılıb. Ordu sıralarından tərxis olunmağına az qalıb. O da 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının iştirakçısı olub və bu döyüşlərdə iştirakından qürur duyduğunu bildirdi.
Heyət üzvlərindən Mihal Bayramov və Sədi Məmmədov işğaldan azad edilmiş ərazilərdə xidmət etməkdən məmnun qaldıqlarını bildirdilər. Onlara təhkim olunan tank əleyhinə dəzgahlı qumbaraatandan söz düşəndə Sədi dedi ki, bu silah haqqında ilk dəfə hərbi xidmət dövründə eşidib. Onun taktiki-texniki xüsusiyyətlərini biləndən sonra silah haqqında öyrənməyə marağı daha da artıb.
- Bu silah haqqında kifayət qədər bilik və bacarıqlara yiyələnmişəm. Praktiki atış çalışması zamanı hədəfi dəqiq nişan almaqla məhv etməyi bacarırıq. Bu silah həm də kollektiv tərəfindən istifadə olunduğu üçün heyət üzvlərinin hamısı öz üzərinə düşən vəzifəni vaxtında dəqiq yerinə yetirməlidir ki, müsbət nəticə əldə edə bilək. Heyətimiz hər bir tapşırığın öhdəsindən uğurla gəlməyi bacaran heyətdir", - əsgər S.Məmmədov dedi.
Tank əleyhinə dəzgahlı qumbaraatanın heyət üzvlərinin məşğələ yerindən xoş ovqatla ayrıldıq. Onların düşüncələri, çalışqanlıqları və Vətənə necə bağlı olduqlarını əməli fəaliyyətlərində də gördük.

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"