Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2024 15:21

Müstəqillik tariximizin misilsiz Zəfəri

XX əsrin sonlarında regionda baş verən geosiyasi hadisələrin fonunda Azərbaycanın öz müstəqilliyini bərpa etməsi üçün münbit şərait yaranmışdı. Təqvimimizdə öz mötəbərliyi ilə seçilən tarix olan 18 oktyabr günü 1991-ci ildən Azərbaycan xalqı üçün əlamətdar gün - Müstəqilliyin Bərpası Günü olaraq əbədiləşdi. Qalib ölkəmizin müstəqilliyə doğru getdiyi yolda 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olndu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Bununla da "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Bununla da Azərbaycan yenidən öz müstəqilliyini əldə etdi. Müsəlman şərqində ilk demokratik, hüquqi dövlətini quran xalqımız bu tarixi ilə öyünür və müxtəlif meyilli hegemon qüvvələrin təsiri və təzyiqinə sinə gərərək, bir əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən xalq olaraq bu təqvimlə qürur duyur. Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə imzalanmış sənədlə 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Həmin şanlı tarixdən artıq 33 il keçir və bu gün xalqımız suveren və bütöv Azərbaycanımızın vətəndaşı olaraq bu günü keçirir, uzun və keşməkeşli tarixin növbəti ildönümünü qeyd edir. Müstəqilliyi əldə etmək çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Müstəqilliyimizi bərpa etdikdən bu günümüzə qədər azadlığımız, müstəqilliyimiz uğrunda minlərlə can qurban olub. Bunun üçün də layiqli vətəndaş olaraq hər birimiz ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda canından keçən Vətən övladı şəhidlərimizin ruhlarını daim ehtiramla yad etməli, gələcəyimizin memarı olan gəncləri qəhrəman oğullarımızın adına layiq böyütməli və Vətənimizi layiqincə qorumalıyıq.
18 oktyabr təqviminin ümdəliyini dərk etmək üçün onun hansı dövrə və geosiyasi mühitə təsadüf etdiyinə nəzər salmaq lazımdır. Belə ki, Ermənistanın ölkəmizə qarşı başla(t)dığı torpaq iddiasından irəli gələn savaş, bunun nəticəsində minlərlə soydaşımızın qaçqın və məcburi köçkünlüyə məruz qalması, həmçinin hələ özünü tam doğrultmamış iqtisadi vəziyyət, ölkə hakimiyyətindəki səriştəsizlik dövlətimizin müstəqilliyinin qorunması yolunda ciddi maneə idi. Xalqın yekdilliklə hakimiyyətə dəvət etdiyi Dahi Rəhbər Heydər Əliyevin gəlişindən sonra müstəqilliyimizin qorunub saxlanması və dövlətimizin hər bir sahədə inkişafının təmin olunmasına nail olundu. Xalqımızda dövlətçilik, vətənpərvərlik, özünəinam keyfiyyətləri və bununla da gələcəyə inam hissləri artmağa başladı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində görülən təxirəsalınmaz işlər və zəruri islahatlar nəticəsində iqtisadi, siyasi, hərbi və sosial sahələrdə irəliləyişlər əldə olundu. Müstəqilliyimizi əbədi və dönməz edən Dahi Şəxsiyyət Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, yüksək Vətən sevgisi, xalq təəssübkeşliyi ilə ölkəmizin həm dayaq sütunlarının möhkəmləndirilməsi, həm də daxili və xarici siyasətinin düzgün təşkil olunması, iqtisadi gücün dövrün tələblərinə uyğun qurulması, dövlətin təhlükəsizliyinin qarantı olan ordunun formalaşması işlərinə böyük diqqət ayırırdı. Fundamenti humanizm dəyərlərinə, ədalət prinsipinə və sülhə söykənən xarici siyasət yürütmək müstəqilliyimizi bərpa etdikdən sonra dövlətimizin qarşıya qoyduğu və vacib bildiyi məsələlərdən biri, hətta birincisi olub. Qısa müddətdə böyük yol qət etmiş Azərbaycan XXI əsrin əvvəllərində Heydər Əliyev kimi dahi rəhbərin siyasi kursunun layiqli davamçısı olan və bu gün dünyanın Müzəffər Ali Baş Komandan kimi tanıdığı İlham Əliyevlə yolunu davam etdirdi. Əsl lider, bacarıqlı diplomat, Müzəffər Ali Baş Komandan və digər çoxsaylı müsbət keyfiyyətləri özündə birləşdirən dövlət başçımız hakimiyyət dövründə milli maraqları, xalqın mənafeyini düşünərək, sağlam sosial mühitin formalaşması üçün çalışır və əlindən gələni əsirgəmir. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin inkişafı üçün gördüyü işləri sadalamaqda sözlər belə kifayətsizdir. 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalında qalmış tarixi ərazilərimiz məhz Qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən azad olundu. Məhz dövlət başçısının qətiyyəti, iradəsi və yüksək bacarığı nəticəsində müstəqillik yolumuz tarixi Zəfərlə taclandı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə Azərbaycan torpağında qeyri-qanuni erməni silahlı birləşmələri darmadağın olundu. Bununla da tarixi ərazilərimizdə qondarma rejimin, separatçı qüvvələrin kökü kəsildi. Bu gün Azərbaycanımızın hər bir bölgəsində şanlı üçrəngli bayrağımız dalğalanır. Ötən ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə qədirbilən xalqı tərəfindən prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Həmin tarixi mötəbər günün bu il birinci ildönümüdür. Ali Baş Komandan Xankəndi şəhərində çıxış edərkən vurğuladı: "Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır".
Bu gün işğaldan azad olunan əbədi və əzəli torpaqlarımızda ay-ulduzlu bayrağımızın dalğalanması müstəqilliyimizin əbədi, dönməz olduğunun göstəricisidir. Xalqımız öz tarixi ilə öyünür, tarixi isə böyük şəxsiyyətlər və qəhrəmanlar yazırlar. Bizim yazılmış tariximizin adı Dəmir Yumruqdur. Çünki bu tarix xalq-ordu-dövlət birliyi ilə yazılıb!

"Azərbaycan Ordusu"