Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil olunması məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən mütəmadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir. Tədbirlər arasında geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan "Əsgərə məktub" layihəsini xüsusi vurğulamaq olar. Bu layihə çərçivəsində növbəti tədbirlər keçirildi. Tədbirlərdə icra hakimiyyətlərinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, məktəblilər, Vətən müharibəsi iştirakçıları və digər rəsmi qonaqlar iştirak etdilər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə qürur dolu məktublar ünvanladılar. Mərkəzin əməkdaşları layihədə iştirak edənlərə minnətdarlıqlarını bildirdilər.
* * *
Xalq şairi Səməd Vurğunun adını daşıyan istirahət parkında keçirilən tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil siyasi xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik. "Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Azərbaycan Ordusu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda fərarilik hallarının kökü kəsildi, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan qalib orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərimiz və ondan sonra ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar, 2023-cü ilin 19-20 sentyabr tarixlərində ərazi bütövlüyümüzün tam bərpa olunması ilə başa çatan antiterror əməliyyatı Ulu Öndərin ideyalarına sədaqətin, inam və etibarın parlaq təzahürüdür. Tarixi Zəfərlərdən sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun hərb elminin son nailiyyətlərinə əsaslanan müasir döyüş vasitələri ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Ölkəmizin etibarlı müdafiə olunması üçün zəruri tədbirlər həyata keçirilir".
Çıxışına davam edən icra hakimiyyətinin başçısı onu da bildirdi ki, ağstafalı gənclər də 44 günlük Vətən müharibəsində igidliklə, şücaətlə döyüşdülər. O vurğuladı ki, bu gün keçirdiyimiz tədbir də gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə xidmət edir, həmçinin ordu ilə xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirir. Vətən müdafiəçilərinin onlara göstərilən böyük etimadı həmişə doğruldacaqlarına Azərbaycan xalqının hər zaman inandığını qeyd etdi.
* * *
Gəncə şəhərində müstəqilliyimizin, dövlətçiliyimizin rəmzi olan Bayraq Meydanında keçirilən tədbirdə Mərkəzin əməkdaşları layihə haqqında məlumat verərək bildirdilər ki, artıq bir neçə ildir ki, bu layihə rayon və şəhərlərimizdə həyata keçirilir. Əsas məqsəd Vətənimizin keşiyində dayanan mərd, mübariz, cəsur oğullara mənəvi cəhətdən dəstək olmaqdır. 44 günlük Vətən müharibəsi zamanı ordu ilə xalqın yenilməz birliyini, həmrəyliyini, xalqımızın tükənməz Vətən sevgisini bütün dünyaya nümayiş etdirdik. Tarixi qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlandı. Ordumuzun müasir hərb elminin son nailiyyətləri əsasında inkişaf etdirilməsini qarşıya məqsəd qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin müdafiəsinin təmin olunmasının birinci dərəcəli vəzifə olduğunu qətiyyətlə bildirdi və bu istiqamətdə zəruri tədbirlər sürətlə davam etdirilir.
Tədbir iştirakçıları Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Zəfərdən qürur hissi ilə danışdılar. Bildirdilər ki, rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. “İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq-abadlıq işləri sürətlə davam etdirilir. Ermənilər tərəfindən dağıdılmış, talan edilmiş yurd yerlərimiz yenidən bərpa olunur. Soydaşlarımız doğma yerlərinə qayıdırlar. Xalqımız inanır ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də daha böyük uğurlara, inkişafa nail olacağıq”.
* * *
Mərkəzin təbliğat-təşviqat qrupunun "Vətən uğrunda" ansamblının üzvləri bir neçə hərbi hissədə əsgərlərlə görüşlər təşkil etdilər. Görüşlərdə Mərkəzin əməkdaşları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsindən, soydaşlarımızın yurd yerlərinə dönüşlərindən danışdılar. Bildirdilər ki, düşmənin dağıtdığı kənd və qəsəbələrimiz, şəhərlərimiz ən müasir memarlıq üslubunda inşa edilir. Vurğuladılar ki, belə tarixi, unudulmaz, əvəzsiz günləri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan və tariximizə əbədi Zəfər salnaməsi yazan şanlı ordumuzla hər bir Azərbaycan vətəndaşı qürur duyur. Qalib orduda xidmət edən hərbi qulluqçularımız da igid oğulların layiqli davamçıları kimi xidmət edirlər.
Görüşlər zamanı Mərkəzin əməkdaşlarının təşkil etdiyi yarışlarda, müsabiqələrdə hərbi qulluqçular fəal iştirak edərək Vətənə, xalqa sədaqətli olduqlarını, dövlətçiliyimizin tarixinə böyük maraq göstərdiklərini nümayiş etdirdilər. Daha çox fərqlənənlərə qiymətli hədiyyələr təqdim edildi. Sonra "Əsgərə məktub" layihəsi çərçivəsində Vətən müdafiəçilərinə ünvanlanmış qürur hissi ilə dolu məktublar onlara təqdim olundu. "Vətən uğrunda" ansamblının üzvlərinin ifa etdiyi mahnılar - Təbriz İsmayılovun sazda ifa etdiyi havalar, Sevinc Nəsirovanın vətənpərvərlik ruhlu mahnıları şəxsi heyət tərəfindən coşqu ilə qarşılandı. Əsgərlər Vətənə xidmətdən qürur hissi keçirdiklərini bildirdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"