Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2024 15:43

Cəsur döyüşçü, sadiq dost

Əsaya söykənərək hərəkət fəaliyyətini tənzimləyən, sinəsində bərq vuran medallarla döyüşlərdə yaralanan bir hərbçi televiziyanın həyətinə daxil oldu. Sinəsində tək medallar deyil, həm də deyiləcək sözlər var idi. Oturduq, həmsöhbət olduq. Babək şəhərindən gəlmişdi. Bu ilin aprelində Babəkdə ucalan binalardan birində dövlətimiz tərəfindən ikiotaqlı mənzillə təmin olunan Röyal Abdullazadə əslən Təzəkənddəndir. (hazırda Kəngərli rayonuna tabedir). Orta məktəbi də öz doğma kəndində bitirib. Deyir ki, Naxçıvanda xidmət edən hərbçi ailəsinin oğlu İmran Sultanovla dostlaşmışdıq. “Aprel döyüşlərində İmranın qardaşı şəhid oldu. Bu, mənə çox ağır təsir etdi. Vətən torpaqlarının işğalda qalması, Xocalı faciəsi ən ağrılı yerim idi. 2019-cu ildə xüsusi təyinatlı bölmələrdə xidmətə başladım. "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimində və digər hərbi təlimlərdə iştirak etmişəm. Keçirilən təlimlər bizim döyüş bacarıqlarımızın artırılmasına xidmət edirdi. Təlimlərin nəticəsi, təbii ki, döyüş meydanında bariz şəkildə göründü. Nəinki xalqımız, bütün dünya Azərbaycan Ordusunun hansı gücə malik olduğunu gördü. Oktyabrın 11-də bizim heyət döyüş bölgəsinə yollandı. Döyüş yolumuz Cəbrayıldan başladı. İki qrupa bölündük. Bizim qrupa bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyev rəhbərlik edirdi. Əraziyə nabələd idik. Amma torpağın doğmalığı bizə güc verirdi. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək başlıca amalımız idi. Bu amalla Cəbrayılın 3 kəndinin - Maşanlı, Doşulu, Çaxırlı kəndlərinin azad olunmasında iştirak etdik. 18-dən 19-na keçən gecə Xocavənd istiqamətində hərəkət etdik. Xocavənd rayonunun ətrafındakı yüksəkliklərin və Tuğ kəndinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid verdik, yaralılarımız oldu. Minamyot partlayışı nəticəsində qapalı kəllə-beyin  travması aldım. Uşaqlıq dostum, silahdaşım Rasim Ramazanov düşmən gülləsinə tuş gəldi. Sürünə-sürünə yanına gedib onu olduğu yerdən çıxardım. Qollarımda şəhid oldu, ayağa qalxıb yenidən hərəkət etmək istədikdə snayper gülləsindən sol ayağımdan yaralandım. Huşumu itirdim. 24 saat sonra məni tapıblar. İlkin tibbi yardım ilə 4 gün düşmənin atəş altında saxladığı ərazidə qalmışam, təxliyə edə bilməyiblər. Sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına aparıblar. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicəm davam edib. Səhhətim qismən normallaşandan sonra 2021-ci il yanvarın 4-də Naxçıvana qayıtdım. 2023-cü ilin dekabrında yenidən ağrılarım başladı. Təkrar əməliyyat olundum. Seçdiyimiz yol çətin yoldur, sağlamlığımı itirdim, amma şərəfli yoldur. Şəhidlərimizin qisası alındı, Xocalının yaraları sarındı, Qarabağda yenidən həyat canlanır. Necə sevinməyəsən?!
Döyüşə gedəndə qızım Nuray məni yola salmışdı. Ona söz verdiyim kimi geri döndüm. Oğul övladım dünyaya gəldi. Dostumun sonuncu vəsiyyətini yerinə yetirdim. Oğlum şəhid Rasim Ramazanovun adını daşıyır. Onun kimi cəsur, igid, vətənpərvər olacağına inanıram”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Röyal Abdullazadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Döyüşdə fərqlənməyə görə", "Şücaətə görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Röyal sağlamlığını itirib, yaxın dostu qollarında can verib, silahdaşlarını itirib. Hər şeyə rəğmən ayaqdadır. İtirdiyi silahdaşlarının əziz xatirəsini yaşatmaq üçün, Vətənə əsgər yetişdirmək üçün, gənclərə örnək olmaq üçün. Vətənin cəsur döyüşçüsü, sadiq dost, biz bu torpağın bir parçası olaraq sənə, sizlərə minnətdarıq. Sədaqətli xidmətiniz, şücaətiniz, vətənpərvərliyiniz sayəsində torpaqlarımıza qovuşduq. Bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin tam bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır. Xoşbəxtik, qürurluyuq. Qoca tarixdə hər zaman sizinlə qürur duyacaq!

 

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru