Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsi onların layiqli davamçıları olan Vətən müdafiəçiləri tərəfindən həmişə böyük ehtiramla yad olunur, xatirələri əziz tutulur. Hərbi hissə və birləşmələrdə keçirilən tədbirlərdə onların həyat yolu, göstərdikləri rəşadətlər, igidliklər haqqında ətraflı danışılır. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə döyüşlərdə rəşadəti və igidliyi ilə seçilən şəhid kapitan Saleh Möhübbət oğlu Qurbanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərkəzin əməkdaşları bildirdilər ki, kapitan Saleh Qurbanov vətənpərvər, cəsarətli, yenilməz bir zabit kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə silahdaşları onu "Qartal" ləqəbi ilə çağırıblar. O, Vətənə, xalqa xidməti həmişə həyatının mənası, məramı kimi qarşısına məqsəd qoyub. Hərbçi peşəsinə yeniyetməlik çağlarından böyük maraq göstərib.
Saleh Qurbanov 14 sentyabr 1990-cı ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. Saleh böyüdükcə ailədə, təhsil aldığı sevimli şairimiz Mikayıl Müşfiqin adını daşıyan məktəbdə isə hamının rəğbətini qazanıb. Çalışqan, intizamlı, əlaçı şagird kimi tanınıb. İdmana, hərbi sahəyə həmişə böyük maraq göstərib. Sumqayıt Dövlət Universitetinin tələbəsi olub. Təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbçi peşəsinə olan marağı, istəyi daha da artıb. Beləliklə, o, zabit olmaq istəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı” kursuna daxil olub. Kursu müvəffəqiyyətlə bitirib. Ona “leytenant” hərbi rütbəsinin təqdim edildiyi günü həyatının unudulmaz, tarixi günü kimi qiymətləndirib. Göstərilən etimadı doğruldacağını, Azərbaycan zabiti kimi şərəfli adı həmişə uca tutacağını bildirib. "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Gənc zabit vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olması üçün bilik və bacarığını əsirgəməyib. Düşmən təxribatlarının qarşısının alınmasında silahdaşları ilə birlikdə əsil vətənpərvərlik nümunəsi göstərib.
2020-ci ilin 27 sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev əks-hücum əmri verdi. İlk gündən üstünlük qazanan şanlı ordumuz Vətən torpaqlarını işğalçılardan azad etməyə başladı. Bu döyüş əməliyyatlarında böyük rəşadət, hünər göstərən kapitan Saleh Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olundu.
Vətən müharibəsindən sonra daha böyük məsuliyyət hissi ilə xidmətini davam etdirən Saleh Qurbanov tabor komandiri kimi tabeçiliyindəki şəxsi heyətin döyüş və vətənpərvərlik ruhunun yüksək olmasına çalışırdı. Təlim və məşğələlərin yüksək səviyyədə keçirilməsinə nail olurdu.
2022-ci ildə Ermənistan ordu hissələri yenidən atəşkəsi pozaraq təxribat törətdilər. Keçirilən "Qisas" əməliyyatında ordumuz düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Kapitan Saleh Qurbanov döyüşlər zamanı çox sevdiyi Vətəni uğrunda şəhidlik zirvəsinə ucaldı. O, böyüyüb boya-başa çatdığı Giləzi qəsəbəsinin kənd qəbiristanlığında torpağa tapşırıldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kapitan Saleh Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olundu.
Onun əziz xatirəsini soydaşlarımız heç vaxt unutmur, həmişə böyük ehtiramla yad edirlər. Sonra hərbi qulluqçular şəhidlər guşəsini ziyarət edərək onlara hörmət və ehtiramlarını bildirdilər.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"
* * *
Şəhid Toğrul Feyzizadə
Tarixi zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan oğulları böyük igidliklər göstərdilər.
Vətənə ürəkdən bağlı olan, müharibənin ilk günündən döyüşlərə atılan igid oğullarımızdan biri də şəhid əsgər Toğrul Feyzizadədir. 2002-ci il aprelin 15-də Culfa şəhərində dünyaya göz açan şəhidimiz ailənin ilk övladı idi.
Atası İlqar Feyziyev dedi ki, Toğrul hələ orta məktəbdə oxuduğu illərdə vətənpərvər bir gənc kimi yetişib, işğal altında olan torpaqlarımızın azadlığını daim düşünən gənclərdən olub.
"O inanırdı ki, gec-tez torpaqlarımız düşməndən azad olunacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bütün igidlərimiz kimi, Toğrul da yaxşı bilirdi ki, işğalda olan torpaqlarımız həsrətlə yolumuzu gözləyir".
Bu arzu ilə Toğrul Feyzizadə 2020-ci ildə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrimizin birində xidmətə başlayır. Xidmətin ilk günlərindən Toğrul öz arzusunu komandirinə bildirir: "Mən snayper taqımında olmaq istəyirəm". 18 yaşlı əsgərin bu arzusu komandirə maraqlı gəlir. Hər şeydən əvvəl ona görə ki, snayperlik çox çətin işdir. Hələ atıcılıq məharətinə yiyələnmək bir yana, bunun saatlarla torpaqda, qar üzərində səbirlə gözləməyi var, aclığı, susuzluğu var.
Mahir snayper olmaq üçün qorxmazlıq, düşmənə nifrət, Vətən yolunda canını qurban verməyə hazır olmaq azdır. Hər şeydən əvvəl soyuqqanlı və səbirli olmalısan. Saatlarla bir nöqtədən gözlərini çəkməməyi bacarmalısan. Güllənin hədəfə dəyəcəyinə, düşməni məhv edəcəyinə tam əmin olduqdan sonra atəş açmaq olar. Güllənin boşa çıxması isə onun özünün ölümüdür.
Seçimində qətiyyətli olan Toğrul müvafiq kursu uğurla başa vurur.
Müharibənin ilk günlərində aldığı döyüş tapşırığına əsasən pusquda dayanan Toğrul adəti üzrə hər dəfə silahından çıxan mərmi hədəfə dəyəndə silahını öpər, düşmənin itkilər verdiyini gördükcə qürur duyardı.
“Sonuncu dəfə 2020-ci il noyabrın 1-də gecə saat 01:30 radələrində telefon əlaqəsi yaratdıq. Dedi ki, ata darıxmayın, tezliklə düşmən üzərində layiqli qələbə çalıb, torpaqlarımızı işğaldan azad edəcəyik. Çalışacağam ki, hər zaman sizin başınızı uca edim”.
2020-ci il noyabrın 6-da Toğrul Feyzizadənin də tərkibində olduğu bölmə çox mühüm strateji əhəmiyyətə malik Qızılqaya yüksəkliyini azad etmək əmrini almışdı.
Qarşıda ciddi maneələr, minalanmış sahələr, çətinliklər dayanmışdı. Ancaq Toğrul kimi igidlərimizin şücaəti sayəsində düşmənin çox güclü müqavimət göstərdiyi strateji Qızılqaya yüksəkliyi ordumuzun bölmələrinin nəzarətinə keçir və həmin yüksəklikdə şanlı bayrağımız dalğalanan zaman ağır yaralanan Toğrul isə ən ali məqama - şəhidlik zirvəsinə yüksəlir. Döyüş yoldaşları deyirdilər ki, o, çox dözümlü idi. Yaralı olsa da, döyüş meydanında sona qədər vuruşdu.
2020-ci il noyabrın 7-də şəhid Feyzizadə Toğrul İlqar oğlu Binə qəsəbəsində torpağa tapşırıldı. Toğrul və onun kimi yenilməz igidlərimiz işğalda qalmış torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər, ancaq Vətən torpağından pay vermədilər.
Xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından olan şəhid əsgər Toğrul Feyzizadə torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda şücaət göstərib, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Nuray NƏZƏROVA
Bakı şəhəri