Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir zabit döyüş və mənəvi-psixoloji hazırlıqlarını daim artırır, arsenalımıza daxil olan dünyanın ən müasir texnikalarının idarə edilməsi istiqamətində və təlimlərdə yüksək peşəkarlıq nümunələri göstərir. 44 günlük Vətən müharibəsində və ordumuzun həyata keçirdiyi digər uğurlu döyüş əməliyyatlarında bu bir daha təsdiq olundu. Yüksək ixtisaslı peşəkar zabitlərimizin sayının günbəgün artması ordumuzun kadr potensialının daha da gücləndirilməsinə möhkəm zəmin yaradır. Bunun nəticəsidir ki, Vətənə sədaqət andı içərək, əsl Azərbaycan oğluna xas bir qürurla öz Vətəninə, torpağına, dövlətinə və xalqına xidmət edəcəklərinə söz verən gənc zabitlərin simalarında məğrurluğun ifadəsinin şahidi oluruq. Vətənin müdafiəsində əzmlə dayanmağı özlərinə həyat amalı seçən gənclərimiz bu şərəfli peşənin məsuliyyətini dərindən dərk edir və döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsində yüksək bacarıq nümayiş etdirirlər.
"N" hərbi hissəsində gənc zabit Cavid Quliyev haqqında qeydlərimizi götürdük. Öyrəndik ki, Cavid nümunəvi xidməti ilə seçilən zabitlərdəndir. O, həm şəxsi heyətin, həm də yuxarı komandirlərinin rəğbətini qazanıb.
Kapitan C.Quliyev 6 sentyabr 1993-cü ildə Yevlax şəhərində anadan olub. Yevlax şəhər 5 saylı orta məktəbdə təhsil alan Cavid özünün və valideynlərinin qərarı ilə ömrünü müqəddəs hərbi peşəyə bağlamağı qarşısına məqsəd qoyur. 2009-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı olub. 2012-ci ildə hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olur. O, burada hərb elminin sirlərinə dərindən yiyələnir, gələcəkdə peşəkar zabitlərdən olmaq üçün səylə və məsuliyyətlə çalışır. Təhsilini müvəffəqiyyətlə başa vuran Cavid “Motoatıcı” ixtisasına yiyələnir.
Bu gün o, arzusunda olduğu yerdədir: ordumuzun peşəkar zabitləri sırasında doğma Vətənimizin keşiyində əzmlə, qürurla dayanıb.
Cəld, çevik hərəkətləri ilə diqqətimizi çəkən zabit bildirdi ki, təlim və məşğələlərdə yeni-yeni təcrübələr qazanılır. "Mən orta məktəbdə rus dili bölməsində təhsil alırdım. Hələ kiçik yaşlarımdan müharibəyə aid filmləri izləməyi sevirdim. "9-cu bölük", "Nəfəs", "Dağ" filmlərinə böyük maraqla, həm də dəfələrlə baxmışam. Özümü filmdə təsvir edilən müharibə səhnələrində hiss edirdim. Zabit həyatı yaşamaq çox şərəflidir. Bu qüruru bizə aldığımız hərbi təhsil, keçdiyimiz hərbi xidmət dövrü yaşadır. Peşəkar zabit kimi formalaşmağımızda təlimlərin böyük əhəmiyyəti var. Bilirsiniz ki, təlimlər, dərslər döyüş hazırlığı planına əsasən keçirilir. Bizim ən böyük vəzifəmiz döyüş və mənəvi-psixoloji hazırlığımızı artırmaqdır. Ordumuzun 44 günlük Vətən müharibəsində, digər əməliyyatlarda qazandığı qələbələrdən sonra işğaldan azad olunmuş ərazilərimizdə yaradılan yeni bölmələrimiz daha da möhkəmlənir və şəxsi heyətin burada xidmət aparmağı olduqca qürurvericidir".
Addımladığı bu çətin, eyni zamanda, şərəfli yolda daim döyüş hazırlığını artıracağını, komandirlərinin bilik və bacarıqlarından bəhrələnərək ordumuzun peşəkar zabitlərindən biri olacağını deyir. "Hər birimiz qanımızla, canımızla, bütün varlığımızla Vətənimizi qorumağa borcluyuq. Biz Vətən müdafiəçiləriyik. Xalqımız bizə güvənir. Böyük şairimiz Məmməd Araz deyirdi: "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim". Bu misraları hələ orta məktəb illərindən əzbərləmişdim. Çıxdığım çətin, şərəfli yola daim nur salan bu misralar bizə vətənpərvərlik kimi ülvi hisslər aşılayır. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı Böyük Zəfər xalqımızı daha parlaq gələcəyə ruhlandırır".
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"