Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Oktyabr 2024 15:22

Vətən sevgisi - yüksək döyüş hazırlığı

Doğulub boya-başa çatdığın, suyunu içib, neməti ilə qidalandığın, acısına kədərlənib, sevincinə qürurlandığın yurddur Vətən. Bu Vətənin şərəfli bir adı var - Azərbaycan! Doğma Azərbaycanımızın şanlı tarixi, bu günü və işıqlı gələcəyi hamımız üçün əzizdir. Ölkəmiz asanlıqla bugünkü vəziyyətə gəlib çıxmayıb. Torpaqlarımız otuz ilə yaxın işğalda olub, bir milyondan çox həmyerlimiz doğma yurdlarından qaçqın düşüb. Bu torpaqların azadlığı uğrunda minlərlə gənc canından keçib. Tarixin şanlı səhifələrinə öz adlarını qızıl hərflərlə həkk edərək, ölməzlik zirvəsinə ucalmağı bacarıblar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və igid oğullarımızın şücaəti hesabına ölkəmiz azadlığına, suverenliyinə qovuşub. İllərdir qaysaq bağlamış Qarabağ yaramız artıq öz şəfasını tapıb. Bu gün mədəniyyət paytaxtımız Şuşada, qədim şəhərimiz Xankəndidə, Xocalıda, bütöv Azərbaycanımızın hər bir guşəsində şanlı Azərbaycan bayrağı dalğalanmaqdadır. Bu qüruru bizlərə yaşadan hərbçilərimiz bu gün də gecə-gündüz, isti-soyuq demədən mətinliklə Vətən torpaqlarının keşiyində dayanırlar. "N" hərbi hissəsində güvənc yerimiz, qürurumuz olan, gözünü qırpmadan döyüş növbətçiliyi aparan oğullarımızla görüşməyin sevincini yaşayırıq. Onların cəsarətlə torpaqlarımızın keşiyində ayıq-sayıq dayandıqlarının şahidi oluruq. Döyüş mövqeyində bizi qarşılayan leytenant Camal Camalzadə bir neçə ildir ki, hərbi xidmətdədir. Vətən sevgisinin onun peşə seçimində xüsusi əhəmiyyət kəsb etdiyini bildirən zabitin sözlərinə görə, dağlıq ərazidə xidmətin çətinliklərinə baxmayaraq qalib Azərbaycan Ordusunda xidmət etməkdən qürur hissi keçirir. "Burada xidmət etmək məsuliyyətli, bir o qədər də şərəfli hissdir. Tabeliyimdə olan əsgərlər də cəsur və qorxmazdırlar. Onlar anlayırlar ki, düşməni 24 saat müşahidədə saxlamalıdırlar. Çox sevindirici haldır ki, heç bir əsgər döyüş növbətçiliyi aparmaqdan çəkinmir. Əsgərlərimizin döyüş ruhu, mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, hər an istənilən tapşırığı icra etməyə qadir və hazırdırlar".
Bölməyə yeni gələn əsgərləri ilk olaraq necə təlimatlandırırsınız? - sualına gənc zabit cavab verərək bildirir: "Çətin relyefli mövqelərdə xidmət etmək, doğrudan da, cəsarətli və qətiyyətli olmağı tələb edir. Əgər əsgərin qəlbi Vətən sevgisi ilə döyünürsə, onu heç nə sarsıda bilməz. Əminliklə deyə bilərəm ki, Azərbaycan əsgərinin hər biri Vətən eşqi ilə alışıb yanan, vətənpərvərlik tərbiyəsi aşılanmış gənclərdir. Onlar hərbçi olmaqdan əlavə bir vətəndaş olaraq da öz məsuliyyətini dərk edir və yaxşı bilirlər ki, bu gün onlara torpaqlarımızın düşməndən qorunması kimi ən müqəddəs bir vəzifə etibar edilib. Hər bir əsgər fərqindədir ki, bu vəzifə qarşısında məsuliyyətini dərindən anlamalı, qoyulan hər tapşırığın öhdəsindən bacarıqla gəlməlidir".
Söhbət edə-edə əsgərlərimizə yaxınlaşaraq ətrafa nəzər salıram. Hər kəsin geyimi, səliqə-sahmanı könül oxşayır.
Lənkəran rayonundan hərbi xidmətə çağırılan əsgər Əkbər Əlizadə "Vətənin müdafiəsində dayanmaq şərəfdir", - deyə söhbətə başlayır. "Vətəni qorumaq üçün əvvəlcə özünü qorumalısan. Bütün təhlükəsizlik qaydalarına əməl etməli, özün və əsgər yoldaşların üçün təhlükə yarada biləcək hallardan uzaq olmalısan. Bu səbəbdən bütün qaydalara riayət edir, hər an ayıq-sayıq, diqqətli xidmət aparırıq. Qarşı tərəfin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. Müşahidə zamanı aşkar olunan ən xırda bir hərəkəti belə komandirlərimizə məruzə edirik".
Ordu sıralarına Bakı şəhərindən çağırılan əsgər Səbuhi Məmmədzadə söhbətə qoşulur: "Gənc əsgər olduğum ilk gündən hərbi hissəmizdə yaradılan şəraiti görəndə, həqiqətən də, qüdrətli dövlətin vətəndaşı olduğumdan bir daha əmin oldum. Komandirlərimizin diqqət və qayğısını hər zaman öz üzərimizdə hiss edirik. Onlar hər zaman bizlərə Vətən müharibəsində qazanılan qələbədən, şəhidlərimizin igidliyindən söhbətlər edirlər. Onların döyüş yolu hər birimiz üçün nümunədir. Artıq müddətli həqiqi hərbi xidmətimi bitirməyimə az qalıb. Xidmət dövrümdə təcrübəli komandirlərimizin köməkliyi ilə hərb sənətinin bir çox incəliklərini öyrəndim. Tərxis olub ordudan ayrılsam da, hər zaman Vətənimin müdafiəsinə hazır olacağam", - əsgər deyir.
Əslən Zəngilan rayonundan olan əsgər Sübhan Məmmədli bizimlə düşüncələrini bölüşür: - Mənim ailəm o vaxtlar erməni işğalına məruz qalan Zəngilan rayonundan qaçqın düşüb. Hər zaman valideynlərim  Zəngilan rayonunun füsunkar təbiətindən, havasından, suyundan, orada keçirdikləri xoş günlərdən ürək ağrısı ilə danışanda qəlbimdə bir həsrət alovlanırdı. 2020-ci ilin sentyabrında düşmən təxribatına cavab olaraq Ali Baş Komandanın "İrəli!" əmri ilə torpaqlarımız işğaldan azad edildi. Artıq Zəngilan kimi bütün işğalda olan rayonlarımız öz azadlığına qovuşdu. Bu xoşbəxtliyi cəsur hərbçilərimizə borcluyuq.
Əsgər Qəzənfər Rəfiyev də söhbətimizə qoşulur: - Bir gənc kimi şanlı Azərbaycan Ordusunda xidmət etmək mənim üçün qürurvericidir. Vətən anlayışı bizim üçün müqəddəsdir. Hər birimiz Vətəni özümüzə ikinci anamız bilmişik. Dünyada hər şeyin sonu var. Arzuların, xəyalların belə bir sonu olur. Ancaq bircə Vətənə olan sevgi, məhəbbət bitməz. Axı biz anamızı da son nəfəsimizə qədər sevirik. Bu gün burada analarımızı, əzizlərimizi, xalqımızı yadelli təhlükələrdən qorumaq üçün varıq. Xalqımız əmin ola bilər ki, torpaqlarımızın müdafiəsi etibarlı əllərdədir.
Digər əsgərlərimiz Rəşid Ağayev, Sənan Mürsəlov, Murad Ağayev, Ramil Quliyev və başqalarını da dinlədikcə qürurlanıram, fərəhlənirəm. Həqiqətən də, azərbaycanlıyam demək çox böyük sevincdir. Dövlətinlə, ordunla fəxr etmək əsl xoşbəxtlikdir. Əbəs yerə deməyiblər, torpaq qanla qarışanda Vətən olur. Biz bu şücaəti, qəhrəmanlığı tarix boyu göstərmişik. Azərbaycan oğullarının igidlikləri hər zaman dillərə dastan olub. Ərazi bütövlüyümüz uğrunda şəhidlər vermişik, zəfərlər qazanmışıq. Döyüş meydanından heç bir zaman qaçmamışıq. Çünki Azərbaycan əsgərinin qəlbindəki Vətən sevgisi ən güclü silahdan belə üstün olub. Bu sevgi qarşısında heç bir qüvvə dayanmağa, qəlbimizdəki vətənpərvərlik eşqini söndürməyə qadir deyildir.

 

Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"