Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2024 18:57

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Zəfər salnaməsi. Vətən müharibəsi, antiterror və digər əməliyyatlar nəticəsində Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası

Suallar:
1. Qələbəyə aparan liderlik keyfiyyətləri.
2. Diplomatik mübarizənin şanlı Zəfər yürüşündə rolu.
3. Ordu quruculuğundakı nailiyyətlərin məntiqi nəticəsi.
4. Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyəti.

 

Qələbəyə aparan liderlik keyfiyyətləri



Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir. Onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Belə şəxsiyyətlərdən biri, müstəqil Azərbaycan dövlətinin banisi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. Onun məqsədyönlü və qətiyyətli fəaliyyəti nəticəsində 21 il ərzində Azərbaycan dövlətinin bütün sahələrində əldə etdiyi uğurlar "...Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...", - deyən Ulu Öndər Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini sübut edir.
Hər bir xalqın genetik yaddaşını möhkəmləndirmək, mənəvi irsini və əxlaqi dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək kimi çətin missiyanın yerinə yetirilməsi uzaqgörən liderlərin fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Onlar həmişə ali məqsədlər uğrunda mübarizənin önündə gedərək, göstərdikləri tarixi fəaliyyətlə rəhbərlik etdikləri dövlətlərin mütərəqqi yolla inkişafına nail olurlar. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızın milli-mənəvi bütövlüyünün təmin olunmasında özünəməxsus yer tutan milli şüurun inkişafını daim diqqət mərkəzində saxlayır ki, bu da təsadüfi deyildir. Çünki milli şüur hər bir insanın mənsub olduğu xalqa bağlılıq hisslərini möhkəmləndirməklə milli özünüdərketmədə ciddi rol oynayır.
Dövlət başçısı cənab İlham Əliyev bütün fəaliyyətini Azərbaycanın inkişafına və möhkəmlənməsinə həsr edən lider kimi xalqımızın böyük rəğbətini qazanıb. Onun dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti, möhkəm xarakteri və mürəkkəb situasiyalarda düzgün seçim etməsi ilə dünyanın tanınmış dövlət xadimləri içərisində xüsusi yer tutur. Xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir. Milli birliyin təmin olunması, müxtəlif ictimai-siyasi qüvvələr arasında etimad mühitinin yaradılması istiqamətində Müzəffər Ali Baş Komandanın atdığı addımlar ictimai fikirdə onun haqqında uzaqgörən və ədalətli lider obrazını daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmərəli iş qabiliyyəti, fəallıq və təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olması, ortaya çıxan problemlərin obyektiv və subyektiv səbəblərini dərindən, hərtərəfli araşdırmasında, ölkənin inkişafını nəzərdə tutan proqramlar hazırlayaraq həyata keçirməsində mühüm əhəmiyyət daşıyır. Onun qəbul etdiyi qərarların, yerinə yetirdiyi vəzifələrin milli və qlobal əhəmiyyəti həm yerli, həm də beynəlxalq ictimai rəydə yüksək qiymətləndirilir.


Diplomatik mübarizənin şanlı Zəfər yürüşündə rolu


Böyük Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həlli istiqamətində apardığı ardıcıl, qətiyyətli diplomatik mübarizə ilə sıx şəkildə bağlıdır. Ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və milli maraqlarının təmin olunması sahəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizə beynəlxalq aləmdə çoxlu dost dövlətlər və etibarlı tərəfdaşlar qazandırıb.  
Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas prinsiplərindən birini təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət ölkəmizi dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə vacib tərəfdaş kimi tanıdır, onun BMT, Avropa Birliyi, ATƏT, MDB, İƏT, Qoşulmama Hərəkatı kimi təşkilatlarla əlaqələrini möhkəmləndirir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xalqımızın tarixində mühüm hadisədir. Bununla yanaşı, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın uğurlu diplomatiyasının göstəricisidir. Uğurlu xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafına mühüm təsir göstərir. Milli maraqlara əsaslanan xarici siyasətin aparılması beynəlxalq ictimaiyyətdə Azərbaycana böyük inam və etimad qazandırır.
Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirilib. Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumatlar çatdırılıb, Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğrayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin beynəlxalq hüquqi normalar çərçivəsində nizamlanmasına çalışıb, Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirib, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, dünya dövlətlərini isə problemin aradan qaldırılması üçün fəallıq göstərməyə çağırıb.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Komandan kimi hərbi sərkərdəlik keyfiyyətlərinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi oldu.


Ordu quruculuğundakı nailiyyətlərin məntiqi nəticəsi


2003-cü ildən etibarən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycan Ordusunun hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Həmçinin Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit və əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü həm Vətən müharibəsində, həm də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi zonasında keçirilən antiterror əməliyyatı da parlaq şəkildə göstərdi. Şanlı ordumuz Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərini erməni qəsbkarlarından tam azad etdi. Sübut olundu ki, Azərbaycan müasir tələblərə tam cavab verən, yüksək mənəvi-psixoloji hazırlıqlı, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrə malikdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində "Dəmir yumruq" əməliyyatı ilə Ermənistanı ordusunu darmadağın edərək onları kapitulyasiya aktına imza atmağa məcbur edən Cənubi Qafqazın ən qüdrətli  Azərbaycan Ordusu 23 saata Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirməklə, separatçıları diz çökdürməklə yanaşı, Azərbaycan xalqının son 200 il ərzində qarşılaşdığı və təkcə azərbaycanlılara deyil, bütün bölgəyə təhlükə yaradan, miqyasından dəfələrlə böyük bir problemi həll etdi. Separatizmin qaynaqlandığı iddiaları, mif və əsatirləri sıradan çıxartmaqla Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi.


Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin tarixi-siyasi əhəmiyyəti


Son 21 ildə Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizi yeni inkişaf mərhələsinə çıxardı. Dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam... Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam..." fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib. 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçən Cənubi Qafqazın ən qüdrətli ordusu şanlı ordumuz 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğala məruz qalmış 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aniterror əməliyyatı başlamışdır. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir.  
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Biz torpağımız uğrunda sonuncu azərbaycanlı qalana qədər olsa da, döyüşməli idik. Çünki bu işğal tarix boyu üzləşdiyimiz çoxsaylı haqsızlıqların ən dəhşətlilərindən biri idi. Həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, həm də onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə demişdirlər: "...biz bu problemin həllini gələcək nəsillərin - günahsız övladlarımızın, nəvə-nəticələrimizin öhdəsinə buraxa bilmərik". Bəli, bu problem məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısının icrası nəticəsində, "Heydər Əliyev İli"ndə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkədə siyasi hakimiyyətə gəlməsinin 20 illiyi ərəfəsində, Azərbaycan xalqının öz iqtidarı ətrafında monolit birlik yaratmasından, ordumuzun inkişafının "Dəmir Yumruğ"a çevrilməsindən sonra həll edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq üçün müstəqil dövlət yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin bütün mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, mərhumiyyətə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman hərbi qulluqçularımızın, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.


İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi