Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2024 18:39

Hadrut qələbəsi Zəfərə - Şuşaya aparan yolun əsas sütunudur

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Müharibənin 13-cü günü, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu. Ərgünəş dağı və onun ətəyində meşələrlə əhatə olunan Qozluçayın dərəsində yerləşən Hadrut 44 günlük Vətən müharibəsində əsas strateji məntəqələrdən biri hesab olunurdu. Dağlıq, çətin relyefli ərazidəki qəsəbənin azad olunması Azərbaycan Ordusunun əsas tapşırıqlarından biri idi. Qəsəbə uğrunda şiddətli döyüşlər 2020-ci il oktyabrın 7-də başlamışdı və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına almışdı. Bununla da həmin gün Xocavəndin Hadrut qəsəbəsi ilə yanaşı, Sor, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı kəndləri də düşmən işğalından azad olundu.
Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri oldu. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət aldı. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu var. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi. Hadrut qələbəsi Zəfərə - Şuşaya aparan yolun əsas sütunu oldu.
44 günlük Zəfər dastanının ən şanlı səhifəsindən biri - Hadrutun azadlığa qovuşması xəbəri Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırıldı. Onun işğaldan azad olunması tarixi nailiyyət olmaqla yanaşı, həm də bölmələrimizin döyüş meydanındakı uğurlarını daha da artırdı, böyük Zəfərə gedən yolda strateji üstünlük qazandırdı.
2021-ci il martın 16-da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdı və çıxış etdi.
2021-ci ilin iyununda işğaldan azad edilmiş Hadrut qəsəbəsində "Dəmir yumruq" abidəsi ucaldıldı. Belə bir abidənin məhz Hadrutda qoyulması isə xüsusi əhəmiyyət daşıyır.

"Azərbaycan Ordusu"