Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2024 18:27

Zabit qüruru, vətəndaşlıq qüruru

Artilleriyaçıların döyüş atışlı nümunəvi taktiki təlimi cari ilin hazırlıq planına uyğun olaraq yüksək peşəkarlıqla keçirildi. Mayor Elman Əsgərov şəxsi heyətin təlimlərdə nəzəri biliklərindən, taktiki təcrübələrindən səmərəli istifadə etdiklərini bildirərək qeyd etdi ki, təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarını artırır, döyüş qabiliyyətlərini təkminləşdirir.
Mayor Elman Əsgərov 1989-cu ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Ağrı-acılı müharibə onların ailəsindən yan keçməyib. Keçmiş sovet ordusunda xidmət edən atası doğma Vətənin müdafiəçiləri sırasına ilk qoşulanlardan olub. Onda Elman azyaşlı idi.
Mayor Elman Əsgərovun atası Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Qəlbində həmişə düşmənə nifrət hissi olub. O da hərbçi olub Vətənə xidmət etməyi qərara alıb.
Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adını daşıyan məktəbin əlaçı şagirdlərindən biri kimi vətənpərvərlik tədbirlərində həmişə ön sıralarda olub. Müxtəlif bilik yarışlarında, olimpiadalarda iştirak edib. Orta məktəbi yüksək qiymətlərlə bitirərək sənədlərini arzusunda olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təqdim edib. Qəbul olunub. Zabit peşəsinə yiyələnəcəyinə, atasının yolunu davam etdirəcəyinə söz verib.
Artilleriya ixtisası üzrə təhsil alan Elman Əsgərov çalışqanlığı, intizamı ilə seçilib, kurs birincilərindən olub. Ali Hərbi Məktəbi 2010-cu ildə bitirib. "Leytenant" hərbi rütbəsi ilə taqım komandiri vəzifəsinə təyin olunub, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi fikir verib. Xidmətini cəbhə bölgəsində davam etdirən Elmanı batareya komandiri vəzifəsinə təyin ediblər. Gənc zabit şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün bilik və bacarığını əsirgəməyib.
İkinci Qarabağ müharibəsində mayor Elman Əsgərovun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə Elman da şücaət göstərib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə mayor Elman Əsgərov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Ata yolunun davamçısı olan mayor Elman Əsgərov "N" hərbi hissəsində xidmətini qürurla davam etdirir...
"Ömrüm zabit qürurudu, vətəndaşlıq qürurudu", - mayor Elman Əsgərov belə deyir...

 

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"