Qədim Şəmkir elində də şəhidlər həmişə böyük ehtiramla yad olunur, xatirələri əziz tutulur. Şəhid Elbrus Laçın oğlu Hüseynov da xatirələrdə və tarixdə belə yaşadılır.
Elbrus yeniyetməliyindən igid oğulların davamçılarından olacağını həmişə qürurla deyərmiş. O, 1996-cı il martın 26-da Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdu. Suliddin Sadıqovun adını daşıyan tam orta məktəbdə təhsil almışdı. Məktəbin ictimai tədbirlərində həmişə fəal iştirak edərdi. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin öncüllərindən olardı. Vətənimizin qədim tarixi, tarixi şəxsiyyətlərin, sərkərdələrin həyatına maraq göstərərdi. Ermənilərin başlatdığı müharibə, törədilən faciələr, torpaqlarımızın işğalda olması onu da həmişə narahat edərdi. Atası Laçın Hüseynovun Birinci Qarabağ müharibəsi haqqında dediklərini də həmişə diqqətlə dinləyərdi. Müharibənin çətinlikləri o vaxtlar Hüseynovlar ailəsindən də yan keçməyib. Atası cəbhə bölgəsində bir neçə il xidmətdə olub. Böyüyəndə müharibənin dəhşətlərini ilk dəfə atasından eşidib. Sevimli tarix müəllimi Kəmalə İsmayılovadan soruşardı: "Əsgərlərimiz torpaqlarımızı nə vaxt azad edəcəklər?". Müəllim Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə gec-tez torpaqlarımızın azad olunacağını deyərmiş.
Elbrus ali təhsil almaq arzusunda idi. Qəbul imtahanlarından müvəffəq bal toplasa da, istəyinə nail ola bilmir, ruhdan da düşmür. 2014-cü ildə yaxınları, doğmaları onu hərbi xidmətə yola salırlar. Elbrus Vətənə sədaqətli əsgər olacağını, mətin, cəsur vətənpərvər oğulların davamçısı kimi xidmət edəcəyini bildirir.
"N" hərbi hissəsində xidmətində əsgər kimi göstərilən etimadı doğruldur. Komandanlıq tərəfindən fəxri fərmana, mükafata layiq görülür. 2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatının dəf edilməsində xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də yaxından iştirak edir. Ordu hissələrimiz qısa müddətdə düşmənin xeyli canlı qüvvəsini, texnikasını, mühəndis-istehkam sədlərini məhv edərək torpaqlarımızın bir hissəsini işğaldan azad edir. Strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi və digər ərazilər işğaldan azad olunur. Bu döyüşlər təsdiqləyir ki, Azərbaycan Ordusu artıq işğalçılardan torpaqlarımızı azad etməyə qadirdir.
Aprel döyüşlərində Elbrus Hüseynov fədakar əsgər və cəsur döyüşçü kimi vuruşur.
"Bir neçə gün ondan xəbər olmadı. Çox narahat olduq, ancaq inanırdıq ki, tezliklə geri dönəcək. Belə də oldu. O, igid əsgər kimi xidməti borcunu şərəflə yerinə yetirdi. El-oba onu böyük coşquyla qarşıladı", - atası Laçın Hüseynov dedi.
Elbrus Hüseynov müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirmək qərarına gəlir.
2020-ci ilin yanvarında Elbrus xidmətini davam etdirmək üçün sənədlərini "N" hərbi hissəsinin komandanlığına təqdim edir. Müvafiq təlim kursunu keçdikdən sonra xidmətini davam etdirir. 2020-ci ilin Tovuz döyüşlərində düşmən təxribatının qarşısının alınmasında şücaət göstərən Elbrus Hüseynov, 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində də iştirak edib. Murovdağ yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı onun xidmət etdiyi bölmə bir neçə döyüş tapşırığını məharətlə, çevikliklə, hünərlə yerinə yetirdi.
Döyüşlər zamanı Elbrus Hüseynov düşmən gülləsinə tuş gəlir. Oktyabrın 5-də şəhid olur. Çaparlı kənd qəbiristanlığında dəfn edilir.
Vətənpərvər, cəsur döyüşçü olan Elbrus Hüseynovun atası, anası Elbruslu günlərini xatırlayaraq onun yüksək vətənpərvərlik hissinə, tükənməz Vətən sevgisinə malik olduğunu kövrəkliklə, qürurla dedilər. Əlavə etdilər ki, Elbrusun ən böyük arzusu Vətən torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi.
Atası Laçın Hüseynov dedi ki, onun bir arzusu da vardı: kənd şəhidlərinin xatirəsinə park salmaq. Elbrus deyirdi ki, onu qələbədən sonra reallaşdıracaq. Oğlumun arzusu həyata keçdi. İndi onun adını daşıyan Şəhidlər parkı hər gün soydaşlarımız tərəfindən ziyarət olunur. Şəmkirdə, Tovuzda cəsur döyüşçü kimi tanınan Elbrus Hüseynovun xatirə lövhələri yaradılıb. Oxuduğu məktəbin həyətində büstü qoyulub, yaşadığı küçə onun adını daşıyır. Yaşadığı evdə ev muzeyi yaradılıb. Burada onun yeniyetməlik, gənclik çağlarının, məktəb illərinin, əsgərlik və döyüş həyatının eksponatları toplanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları muzeyin ən qiymətli eksponatlarıdır.
Mübariz MUSAYEV
"Azərbaycan Ordusu"