Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2024 17:18

4 Oktyabr - Cəbrayıl Şəhəri Günüdür

...Müharibənin səkkizinci günü - oktyabrın 4-də Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyildi. Sitat: "...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi".
Qeyd edək ki, Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadrat kilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.
İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edilib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub.
Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.
Həmin unudulmaz gündən dörd il ötür. Dörd ildir ki, 27 illik həsrətdən sonra rayon sakinləri yenidən Ərgünəş, Kirs dağlarından əsən mehi ciyərlərinə çəkməyin, Xudafərin körpüsünə ayaq basmağın sevinci ilə yaşayırlar. Vaxtilə Cəbrayıl uğrunda döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır. Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu da indi rahatlıq tapır.
Ötən il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir...
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 3-4 oktyabr tarixlərində Cəbrayıl şəhərində olublar, burada inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Dövlətimizin başçısı bütün cəbrayıllıları və Azərbaycan xalqını Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümü münasibətilə təbrik edib, bu gözəl günün bundan sonra hər il qeyd ediləcəyini bildirib.
"Azərbaycan Ordusu"