Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror əməliyyatının başa çatmasından bir il ötdü. Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatından bir neçə məqamı xüsusi olaraq qeyd etmək lazımdır: Əməliyyatın keçirilməsini labüd edən şərait, yaranmış zərurət, peşəkar icra və uğurlu nəticələr!
Müdafiə Nazirliyi indiyədək əməliyyatla bağlı bir çox maraqlı faktları ictimailəşdirib, vacib məqamlar haqqında geniş məlumatlar paylaşıb. Bu tarixi hadisəyə fikir bildirmək, əməliyyatın əhəmiyyəti, nəticələri və s. haqqında mülahizələr oxucularda daha geniş və gerçək düşüncə formalaşdıracaqdır.
Təbii olaraq, ilk növbədə, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsini bir daha hörmət və ehtiramla anır, onların ailə üzvləri və yaxınlarına səbir, döyüşlərdə yaralanan hərbi qulluqçularımıza isə uca Allahdan şəfa diləyirik.
Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.
Antiterror əməliyyatını zəruri edən ən əsas şərtlərdən biri də üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması istiqamətində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırması idi. Silahlı birləşmələrinin qalıqlarını Qarabağdan tam həcmdə çıxarmayan Ermənistan tərəfi qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi ilə bağlı tədbirlər də görmədi. Bu da azmış kimi, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyi dövlət səviyyəsində Qarabağ iqtisadi zonasında beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq mövcud Ermənistan silahlı birləşmələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təminat məsələlərini həll etmək məqsədilə gizli yollarla qanunsuz daşımalar həyata keçirməkdən əl çəkmirdi. Buna cavab olaraq əvvəlcə ekofəalların iştirakı ilə uzunmüddətli aksiya həyata keçirildi. Lakin bu dinc aksiyaya da düzgün reaksiya verilmədiyini görən dövlətimiz daha ciddi tədbirlərin görülməsi məcburiyyətində qaldı. Ermənilərin təxribatlarına cavab olaraq, qanunsuz hərbi daşımalar həyata keçirmə cəhdlərinin qarşısını almaq məqsədilə 2023-cü il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Ordusu bölmələrinin birgə fəaliyyəti sayəsində Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi quruldu. Nəticədə həmin istiqamətdən bütün hərəkət və daşımaların Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq həyata keçirilməsi təmin olundu.
Bundan əlavə, Azərbaycan tərəfinin dəfələrlə etdiyi sülh çağırışları, bölgədə dayanıqlı sülh və əmin-amanlığın təmin olunması məqsədilə təcili danışıqlara başlamaq haqqında bəyanatları, eləcə də sülh müqaviləsi imzalamaq haqqında irəli sürdüyü təkliflərin də Ermənistan tərəfindən etinasız qarşılanması, qeyri-adekvat münasibətin sərgilənməsi dövlətimizi 2020-ci ildə olduğu kimi, yenə də tarixi ədalətin bərpası naminə real addımlar atmaq məcburiyyəti qarşısında qoymuşdu.
Digər məqam isə regiondan kənar qüvvələrin, eləcə də havadarlarına arxalanaraq erməni cəmiyyətindəki hələ də revanşist xülyalarla yaşayan bəzi qüvvələrin ölkəmizə qarşı müxtəlif üsullarla təhrikedici fəaliyyətlər yerinə yetirməyə çalışması idi. Amma revanşist erməni təbəqəsi anlamaq istəmirdi ki, regionda artıq yeni reallıqlar yaranıb. Ermənistanın hərbi-siyasi rəhbərliyinin və xülyalarla yaşayan revanşist qüvvələrin bu reallıqla barışmamaq üçün çabalaması Ermənistanı inkişafdan, səmərəli əməkdaşlıqdan və nəhəng layihələrdən təcrid etməkdə davam edir.
Antiterror əməliyyatı ilə bağlı diqqət yetirilməli daha bir maraqlı fakt isə Ermənistan rəhbərliyinin dəstəyi ilə bu ölkənin silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin, eləcə də separatçı rejimin Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatlara zəmin yaratması və təxribat-diversiya aktlarını təşkil etməsidir. Silahlı Qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı üçün zərurət yaradan ən əsas amillərdən biri də ermənilər tərəfindən törədilən bu cür təxribatlar idi. Bu təxribat-diversiya aktları yalnız ordumuzun bölmələrinə deyil, eyni zamanda, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərə və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə dönən dinc sakinlərə qarşı yönəlmişdi. Ermənistan dövlətinin birbaşa dəstəyi və müdaxiləsi ilə Qarabağ iqtisadi zonasında və şərti dövlət sərhədi boyunca atəşkəs rejiminin pozulması hallarını nəzərə almasaq belə, postmüharibə dövründə ən azı 30-a yaxın təxribat-diversiya hadisəsi baş vermişdi. Bütün təxribatların qarşısı həmin istiqamətlərdə dislokasiya edilmiş bölmələrimizin sayıqlığı sayəsində dərhal, qətiyyətlə, adekvat tədbirlər nəticəsində alınmış, ordumuz düşmənə layiqli cavab vermişdi.
Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın üzləşdiyi ən çətin problemlərdən biri işğal dövründə ermənilər tərəfindən talan edilmiş, viran qoyulmuş yaşayış məntəqələrimizin bərpası idisə, digər çətin məqam - azad edilmiş ərazilərin mina və partlamamış silah-sursatla həddindən artıq çirklənməsi idi. Beləliklə, Ermənistanın xalqımıza qarşı apardığı mina terroru Vətən müharibəsindən sonra da davam etdi. Ermənistan ordusunun qalıqları yenidən minalanma fəaliyyətini həyata keçirirdi. Basdırılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması, onların əsasən yaşayış məntəqələrində və qəbiristanlıqlara yaxın ərazilərdə, meşələrdə, magistral və təminat yollarında, ümumilikdə 100 km-ə yaxın ərazidə basdırılması bu ölkənin işğalçılıq siyasətinin təzahürü idi. Bu barədə də toplanılmış faktlar, foto-video məlumatlar beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırılıb. Üçtərəfli Bəyanatın imzalanmasından sonra yüzlərlə Azərbaycan vətəndaşı zərər çəkmişdir.
Təbii olaraq Azərbaycan dövləti də öz suveren ərazisində belə bir təhlükəli quldur yuvasının, düşmən ocağının mövcudluğu ilə heç bir vəchlə barışa bilməzdi, barışmadı da. Təəssüf doğuran əsas məqam isə beynəlxalq qurumların bu faktlara laqeyd yanaşması və etinasız qalması idi.
Rəsmi mənbələrə görə 13 istiqamətdə həyata keçirilmiş antiterror əməliyyatının unikallığını əks etdirən bəzi xüsusiyyətlər haqqında qısa olaraq bəhs etmək istərdik. Əməliyyata əvvəlki təcrübələrə əsaslanaraq günorta saatlarında və əlverişsiz hava şəraitində başlanılmaqla həm bölmələrimizin sürətli hərəkət etməsi, həm də düşmənin qəfil yaxalanması təmin edilmiş oldu. Kütləvi artilleriya zərbələrinin dəstəyi ilə irəliləyən bölmələrimiz tərəfindən qısa müddətdə bütün yolların nəzarət altına alınması və əraziyə giriş-çıxışın məhdudlaşdırılması üzrə tapşırıqlar uğurla yerinə yetirilmişdi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi göstərişinə əsasən, qarşıya qoyulmuş tapşırıqlar şəxsi heyət tərəfindən minimum itki ilə icra olunub. Tapşırıqların icrası zamanı dəqiq zərbələrlə düşmənin 1761 hədəfi sıradan çıxarılıb. Bölmələrimiz bütün istiqamətlərdə yüksək uğurlar qazanıb. Qısa vaxtda 90-dan çox döyüş mövqeyi düşməndən təmizlənib, 64 döyüş texnikası sıradan çıxarılıb, 1731 müxtəlif təyinatlı hərbi texnika, 18664 silah-sursat müsadirə edilib, həmçinin erməni təxribat qruplarının atış çalışmalarını icra etməsi üçün inşa edilmiş 11 təlim və tədris mərkəzi ləğv olunub. İrihəcmli hərbi birləşmələr əməliyyata cəlb edilməyib, yalnız müxtəlif qoşun növlərini təmsil edən, tərkibi çox da böyük olmayan qruplar döyüş tapşırıqlarının icrasını yerinə yetirib. Silahlı Qüvvələrimiz yüksək peşəkarlıq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl edərək, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan, zərbələr endirmədən, yaşayış məntəqələrinə daxil olmadan, erməni əsilli mülki əhali ilə təmasa girmədən antiterror əməliyyatı keçirib. Əməliyyatda iştirak edən bölmələrimizin arxasınca hərəkət edən Daxili İşlər Nazirliyi Daxili Qoşunların bölmələrinə mülki əhalini silahlı toqquşmadan təcridetmə tapşırığı verilib.
Erməni hərbçiləri tərəfindən əksər hərbi obyektlərin və bəzi dayaq məntəqələrinin, hətta atəş nöqtələrinin mülki infrastruktura bənzər vəziyyətdə maskalanmasına baxmayaraq, əməliyyatın planına uyğun olaraq, müşahidə vasitələrimizin sayəsində və kəşfiyyat məlumatları əsasında əvvəlcədən koordinatları dəqiqləşdirilmiş yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.
Əməliyyat çərçivəsində Ermənistan silahlı birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə hazırladığı 500-dən artıq döyüş mövqeyi, müxtəlif tipli artilleriya qurğuları yerləşdirilmiş 350-dən artıq uzunmüddətli atəş nöqtələri, eləcə də xeyli sayda döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanın təslim olmağa məcbur edildiyi əməliyyat nəticəsində 406 kvadrat kilometr ərazi yad ünsürlərdən təmizləndi və düşmən ölü və yaralı olmaqla şəxsi heyət sarıdan 924 itki verdi. Lakin düşmənin itkiləri daha çox da ola bilərdi və buna bölmələrimizin bütün imkanları var idi. 18 minlik ordunun bu qədər az itki ilə tərk-silah edilməsi və Ermənistanın işğalçılıq siyasətinin girovuna çevrilmiş erməni əsilli sakinlərin zərər görməsin deyə silahlı toqquşmadan təcrid olunması əməliyyatın unikallığının göstəricisi və dövlətimizin yürütdüyü humanist siyasətə dəlalət edən ən tutarlı faktdır. Müqayisə üçün Qarabağ müharibəsi döyüşlərinin hər hansı bir əməliyyatında şəhid olan soydaşlarımızın sayını deyil, sadəcə Xocalı faciəsi zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri vəhşiliyi, qətlə yetirilən dinc azərbaycanlıların statistikasını nəzərdən keçirmək kifayətdir. Çünki tarix boyu ermənilərin əsas məqsədi yalnız milli mənsubiyyətinə görə azərbaycanlıları maksimum dərəcədə qətlə yetirmək, əlil etmək idi. Bizim məqsədimiz isə sadəcə torpaqlarımızı azad etmək, ədalətin bərqərar olmasını təmin etmək idi.
Üçtərəfli Bəyanatın imzalanmasından sonra Qarabağ iqtisadi zonasından çıxarılmayan işğalçı dövlətin ordusunun qalıqları və separatçı rejimin təxribat-diversiya planlarına xidmət edən qeyri-qanuni erməni silahlı dəstələri ilə bağlı təqdim etdiyimiz statistika məsələnin nə qədər böyük olduğunun, eyni zamanda, Azərbaycan dövləti üçün antiterror əməliyyatının taleyüklü bir məsələ olduğunun göstəricisidir. Bu məsələ kökündən həll olunmasaydı, düşmən qüvvələri zərərsizləşdirilməsəydi, külli miqdarda silah-sursat, texnika məhv edilməsəydi, müsadirə olunmasaydı, bu qədər silah-sursatın gələcəkdə bölgədə hansı fəsadlara, xalqımız üçün hansı faciələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror əməliyyatındakı uğurlarını yüksək qiymətləndirdi, əməliyyatda iştirak edən hərbçilərimiz orden və medallarla təltif olunublar. Bu diqqət və qayğı hərbçilərimizi Vətənimizin keşiyində daima ayıq-sayıq dayanmağa və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməyə, hər bir əmrə hazır olmağa ruhlandırır. Bu gün fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması ədalətin, Vətən sevgisinin və peşəkarlığın təntənəsidir. Antiterror əməliyyatı bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa, firavan həyata və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiyadır.
Günü-gündən qüdrətlənən, qələbələr carçısı, qalib Azərbaycan Ordusu daima qürur mənbəyimizdir. Xalq ordumuza inanır və güvənir. Bu inam və güvənc ordumuzun gələcəkdə də böyük zəfərlər qazanacağının təminatıdır.
Məqalədə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan və Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazovun müsahibəsindən istifadə edilmişdir.
Ehtiyatda olan polkovnik-leytenant
hərbi jurnalist İsa İSMAYILOV,
tərcüməçi-publisist Nadiyə QAFAROVA