Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2024 20:40

Mətin döyüşçü, igid kəşfiyyatçı

Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlardan biri də 1992-ci ildə anadan olmuş Fərid Şabanov körpə yaşlarından vətənpərvərlik ruhunda tərbiyə alıb. Valideynləri də həmişə onun Vətənə, xalqa layiq övlad olmasını arzulayıblar. Bütün bunlar barədə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi anım mərasimində ətraflı bəhs olundu. Mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, hərbi qulluqçular iştirak etdilər.
Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olundu.
Mərkəzin əməkdaşları Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Fərid Akif oğlu Şabanovun Vətənə, xalqa nümunəvi xidməti haqqında məlumat verdilər. Qeyd olundu ki, Fərid Şabanov Gəncə şəhəri 18 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbin nümunəvi şagirdlərindən olub. Vətənpərvər gənc kimi formalaşıb. Hərbi hazırlıq dərslərində daha çox fərqlənib. Məktəblər arasında keçirilən "Şahin" hərbi-idman oyunlarının qalibləri sırasında yer tutub. Təhsil aldığı məktəbin şərəfini qoruyub. Milli qəhrəmanların, şəhidlərin xatirə gecələrinin keçirilməsində, təşkilində fəal iştirak edib. Vətənin qəhrəman övladlarının davamçılarından olacağını bildirib. 2012-ci ildə hərbi xidmətə çağırılıb. Ailənin yeganə övladı olan Fəridi valideynləri hərbi xidmətə yola salıblar. O, "N" hərbi hissəsində xidmətə başlayıb. Gənc əsgər kimi Hərbi Andı qəbul edərək Vətənə, xalqa sədaqətli olacağını, lazım gələrsə, Vətən uğrunda canını, qanını belə əsirgəməyəcəyini qətiyyətlə bildirib. Çox keçmir ki, o, nümunəvi əsgər kimi tanınır. Komandirlərinin də etimadını qazanır. Xidmətindən bir müddət sonra Fəridi manqa komandiri təyin edirlər. Müddətli həqiqi hərbi xidmətdə olarkən Şabanovlar ailəsinə komandanlıq tərəfindən də təşəkkür məktubu ünvanlanıb. Mərd, cəsarətli, vətənsevər oğul böyütdüklərinə görə onlara komandanlıq tərəfindən minnətdarlıq ifadə olunub. Müddətli hərbi xidməti başa vurub müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək qərarına gəlir. Beləliklə, o, tərxis olunandan sonra müvafiq sənədlərlə "N" hərbi hissə komandanlığına müraciət edir. Müvafiq təlim kursu keçdikdən sonra hərbi xidmətə yollanır. Cəbhə bölgəsində yerləşən hərbi hissədə Fərid Şabanov xidmətini uğurla davam etdirir. Xidməti vəzifəsinin öhdəsindən bacarıqla gəlir, yüksək vətənpərvərlik nümayiş etdirir. Qarşıya qoyulan döyüş tapşırıqları uğurla icra olunur. Növbəti əməliyyat zamanı Fərid düşmən gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır. Onu Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırırlar. Fəridin unudulmaz xatirəsi təkcə bizim yox, xalqımızın qəlbində əbədi yaşayacaq.
Sonra hərbi qulluçular Vətənimizin tarixinə Zəfər salnaməsi yazan Vətən fədailərinin göstərdikləri rəşadətlərdən, vətənpərvərliklərdən, döyüş meydanındakı igidliklərdən danışdılar. Bildirdilər ki, şanlı ordumuz Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların döyüş meydanlarında qisasını alaraq onların böyük arzularını, amallarını gerçəkləşdirdi. Vətən torpaqlarını işğalçılardan azad edərək ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdilər. Xalqımız dünyada tarixi ədaləti bərpa edən qəhrəman xalq kimi tanındı.
Mərkəzin əməkdaşları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, döyüşlərdə yaralananlara göstərilən diqqət və qayğıdan danışdılar.
Şəhid anası Qətibə Şabanova göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında Fərid Şabanovun məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.  


Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"