Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatında şəhidlik zirvəsinə yüksələn Mikayıl Həmidli, Ramazan Hüseynzadə, Seymur Şabıyev, Məhərrəm Hüseynov, Elməddin Əliyev, Nəcməddin Quliyev və Mirəli Təhməzovun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirildi.
Mərasimlərdə şəhidlərimizin ailə üzvləri, doğmaları, şəhid ailələri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri, rayon icra strukturunun və hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, məktəblilər, eləcə də digər qonaqlar iştirak edirdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şəhidlərimizin şərəfli həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş olundu.
* * *
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanasında keçirilən anım mərasimində çıxış edən Səbail rayon MKS-nın kitabxanasının şöbə müdiri Cəmilə Səmədova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qüdrəti, peşəkarlığı nəticəsində 30 ilə yaxın müddətdə düşmən işğalında qalmış torpaqlarımızın azad olunmasından danışdı. "Ötən il keçirilən antiterror əməliyyatı ilə respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu gün işğaldan azad edilmiş şəhər, rayon və qəsəbələrimizdə üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Sevincli anlar yaşayırıq. Bu qüruru, bu iftixar hissini bizə qanları ilə tarix yazan oğullarımız bəxş ediblər. Kitabxanamızda şəhidlərimizin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirir, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təşkil edirik. Bu istiqamətdə geniş fəaliyyət planlarımız var. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin daha da artırılmasında mədəni-kütləvi tədbirlərin rolu böyükdür. Mütəmadi olaraq müharibə iştirakçıları və döyüşlərdə yaralananlar, şəhid ailələri ilə məktəblilərin, tələbələrin görüşlərini keçiririk. Şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin borcudur".
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsindən, şəhidlərimizin Vətən, torpaq sevgisindən, torpaqlarımızın erməni silahlı birləşmələrinin işğalından azad edilməsindən danışdılar.
Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova çıxış edərək bildirdi ki, şəhid övladları Vətənə əmanətdirlər. "Xalqımızın xoşbəxt gələcəyi, övladlarımızın əmin-amanlıq şəraitində böyüməsi üçün şəhidlərimiz canlarını Vətən uğrunda fəda etdilər. Bu gün ruhunun işığına toplaşdığımız Mikayıl Həmidli şəhidlik zirvəsinə yüksəldikdən sonra onun bir oğul övladı dünyaya gəldi. Mikayılın övladı bütün şəhid balaları kimi Vətənimizə yadigar qaldı”.
44 günlük Vətən müharibəsində Suqovuşan, Talışkənd, Ağdərə, Füzuli istiqamətində gedən döyüşlərdə cəsarətlə döyüşən Mikayıl Həmidli Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ötən il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatı zamanı Ağdamın Papravənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan kiçik leytenant Həmidli Mikayıl Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalına layiq görülüb.
Sonda şəhidin anası Lalə Həmidova şəhid ailələrinə göstərilən diqqət və qayğıya, övladının adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Əslən Cəlilabad rayonundan olan, Xocalı rayonunun Dəhrəz kəndi uğrunda gedən döyüş əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksələn "N" hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ramazan Hüseynzadənin adı doğulub boya-başa çatdığı Muğan kəndinin mərkəzi küçəsində əbədiləşdirildi. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanan və 4 yanvar 1994-cü ildə Horadiz istiqamətində itkin düşən şəhidimizin əmisi Hilal Hüseynovun da adı doğulduğu Muğan kəndindəki küçələrdən birinə verilib. Ramazan Hüseynzadənin adını daşıyan küçənin təntənəli açılış mərasimi oldu.
Açılış mərasimində Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini qədirbilən xalqımız daima uca tutur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. "Şəhid ailələri və əməliyyatlar zamanı sağlamlıqlarını itirən hərbi qulluqçularımız dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün bu küçənin açılış mərasiminə toplaşmışıq. Cəlilabad igidlər diyarıdır. Şəhid Ramazan Hüseynzadənin mənsub olduğu ailə də Cəlilabadın fəxr ediləsi ailələrindən biridir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq".
Vaxtilə orta məktəbdə Ramazana dərs deyən Yaqub Mənsimov torpaqlarımızın azadlığı uğrunda şəhid olan şagirdləri ilə bağlı xatirələrindən danışdı. Onlarla həmişə qürur duyduğunu, fəxr etdiyini xüsusi vurğuladı. O cümlədən şəhid Ramazan Hüseynzadənin onun sevimli, nümunəvi şagirdlərindən biri olduğunu və bu ailənin beş üzvünün respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyini, ikisinin isə Vətən yolunda canından keçdiyini dedi.
Şəhid Ramazan Hüseynzadənin babası Dövlət Hüseynov və valideynləri Pərvanə və Həmdulla Hüseynovlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya, adlarının uca tutulmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdalıqlarını bildirdilər.
Sonra məktəblilər şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər səsləndirdilər, ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Anım mərasimi şəhidlər Ramazan Hüseynzadənin və əmisi Hilal Hüseynovun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılışı ilə davam etdi. Mərasimdə Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Kamil Duniyev çıxış edərək bildirdi ki, şəhidlərimizin adlarının daima yaşaması üçün belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. “Parlaq qələbəmizin qazanılmasında şəhidlərimizin, müharibə iştirakçılarının misilsiz xidmətləri vardır. Onların müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm”.
"N" hərbi hissəsinin zabiti Mikayıl İlyasov çıxışında Ramazanın əməliyyat tədbirləri zamanı qorxmazlığından və vətənpərvərliyindən söhbət açdı.
Daha sonra Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbər heyəti, rayonun hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, eləcə də digər qonaqlar şəhidlər Davud Qiyaslının, Məhərrəm Hüseynovun və Nəcməddin Quliyevin də onun mərasimində iştirak edərək, valideynlərinə Allahdan səbir dilədilər.
Sonda şəhid olan Vətən övladlarımızın məzarları ziyarət olundu, üzərlərinə əklillər, tər çiçəklər düzüldü, ruhlarına dualar oxundu.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"