Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2024 20:33

Tarixi Zəfər Ulu Öndər Heydər Əliyev ideyasının təntənəsi oldu

Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın tarixində ən böyük qələbələrdən biri kimi əbədiləşmişdir. Bu Zəfər yalnız Azərbaycan Ordusunun gücünü deyil, həm də Ulu Öndər Heydər Əliyevin strateji baxışlarının və uzaqgörən ideyalarının uğurlu nəticəsini özündə əks etdirir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsi onun siyasi gündəminin mərkəzində dayanırdı. Sovet İttifaqının süqutu ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz respublikamızın Qarabağ bölgəsindəki erməni separatçılarının fəallaşması və Azərbaycanın ərazi bütövlüyünə qəsdlər Ümummilli Lider üçün milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilirdi. Ulu Öndər daima vurğulayırdı ki, Azərbaycan və Ermənistan arasında mövcud olmuş münaqişə yalnız güclü dövlət quruculuğu, beynəlxalq aləmdə uğurlu diplomatiya və hərbi qüdrətlə həll edilə bilər. Dahi rəhbər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin Qarabağ bölgəsi ilə bağlı siyasətində yeni mərhələ başlandı. O, diplomatiya ilə beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirdi və ölkənin daxilində sabitlik yaratmaqla, hərbi sahənin inkişafına ciddi əhəmiyyət verdi. Bu yanaşma torpaqlarımızın azadlığı üçün strateji baza oldu.

 

Ulu Öndərin ordu quruculuğu siyasəti


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, ilk növbədə, ordu quruculuğunu gücləndirməyə başladı. Onun əsas məqsədi güclü, peşəkar və beynəlxalq standartlara cavab verən ordu yaratmaq idi. Ordu dahi rəhbər Heydər Əliyev üçün dövlətin möhkəm dayağı, ərazi bütövlüyünün zəmanəti hesab edilirdi. Ulu Öndərin səyləri nəticəsində Azərbaycan Ordusu yenidən formalaşdı və gücləndirildi. Milli Ordunun yaradılması və inkişaf etdirilməsi istiqamətində atılan hər bir addım Zəfərə aparan yolun təməllərini qoydu.
Ulu Öndər Heydər Əliyev ordunun döyüş qabiliyyətinin artırılması ilə yanaşı, Azərbaycan xalqının mənəvi birliyinə və milli ruhunun möhkəmləndirilməsinə də böyük diqqət yetirdi. Vətənpərvərlik tərbiyəsi, xalqımızın birliyinə xidmət edən siyasət Ümummilli Liderin dövründə formalaşmışdır. Bu ideologiya Şanlı Zəfərimizin əsl mənəvi dayağı oldu. Azərbaycanın hər bir vətəndaşı üçün Vətənə sevgi, torpağı qorumaq naminə fədakarlıq Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş bir mirasdır.

 

Beynəlxalq münasibətlər, diplomatiya və strateji tərəfdaşlıqlar


Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həlli istiqamətində Ulu Öndər təkcə hərbi güclə deyil, həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini gücləndirməklə diplomatik mübarizə aparırdı. Ulu Öndər regionun aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr quraraq, torpaqlarımızın azad olunması məsələsinin beynəlxalq səviyyədə qəbul olunmasına nail olmuşdu.
Dahi şəxsiyyət Heydər Əliyev ərazilərimizin işğaldan azad olunması məsələsini diplomatik müstəviyə çıxardaraq, Ermənistanı sülhə məcbur etməyə çalışırdı. Beynəlxalq miqyasda aparılan uğurlu siyasət Ermənistanı təcrid vəziyyətinə salaraq, Azərbaycanın mövqeyini gücləndirdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Ulu Öndər Heydər Əliyevin qoyduğu strateji xəttin davamı kimi qiymətləndirilir.

 

Zəfər yolunda İlham Əliyevin liderliyi


Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu və strateji dövlətçilik xətti 2020-ci ildə Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi ilə böyük zəfərlə başa çatdı. İkinci Qarabağ müharibəsi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, xüsusilə hərbi və diplomatik uğurların məntiqi nəticəsi kimi tarixi bir dönüş nöqtəsi oldu. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycanın hərbi-strateji üstünlüyü ərazilərimizin işğalda tam azad olunmasına gətirib çıxardı.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi dahi rəhbər Heydər Əliyev ideyasının təntənəsi, onun qoyduğu dövlətçilik və milli birlik xəttinin parlaq zəfəridir. Bu Zəfər Ulu Öndərin Azərbaycan xalqına və dövlətinə bəxş etdiyi sabitliyin və gücün, illər boyu qurulan dövlətin qüdrətinin nəticəsidir.

Şanlı Zəfər - Azərbaycan xalqının əbədi qüruru


Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının həm hərbi, həm də mənəvi gücünün göstəricisidir. Bu Zəfər xalqımızın torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı mübarizənin, dövlətimizin milli birliyinin və iradəsinin ən böyük təntənəsidir. Azərbaycanın hər bir vətəndaşı döyüşlərdə qazanılan qələbələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli liderliyinin təcəssümü kimi dəyərləndirir.
Şanlı Zəfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ideyasının əbədiliyini, onun dövlətçilik xəttinin yenilməzliyini bir daha sübut etdi. Ulu Öndərin qoyduğu təməl üzərində qurulan güclü Azərbaycan qalib bir ölkə olaraq öz gücünü dünyaya nümayiş etdirdi.
Əminik ki, Azərbaycanın gələcək nəsilləri də bu Zəfəri daim qürurla yad edəcək, onu əzəmətli bir irs kimi qoruyub saxlayacaqdır.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"