Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2024 16:01

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan-Türkiyə qardaşlığı. Bir millət, iki dövlət

Suallar:
1. Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

2. Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı.


Türkiyə Azərbaycanın haqq işinə həmişə dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq prosesində Türkiyənin mənəvi və siyasi dəstəyi həmişə hiss edilib. İşğala məruz qalmış ərazilərimizdəki hər iki beynəlxalq hava limanının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə də müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunu təsdiq edir.

Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır


Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün, dinimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır. Əsrlər boyu bu dövlətlər həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin dahi lideri Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevinci hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: "Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır".
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri Azərbaycan dövlətinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Türkiyə dövlətinin ilk dövlət olaraq Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olunmuşdur. İki dövlət arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuş, 1992-ci ilin avqustunda  Azərbaycanın Türkiyədə səfirliyi açılmış, 1993-cü ilin yanvarında İstanbul, 2004-cü ilin aprelində isə Qars şəhərlərində Baş konsulluqları təsis edilmişdir. Eyni zamanda, Türkiyənin Bakı şəhərində səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş konsulluqları fəaliyyət göstərməkdədir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə 1992-ci ildə blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində "Ümid" körpüsü adlandırılan keçid məntəqəsini istifadəyə verməklə iqtisadi, mədəni əlaqələrin yaradılmasını təmin etmişdi. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etmişdir.
"Bir millət, iki dövlət" məşhur deyimini söyləyən Ulu Öndər Heydər Əliyevin yaratdığı qardaşlıq əlaqələri bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Məhz belə misilsiz fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan ilə Türkiyə Avrasiya kontinentinin Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsinin müsbətə doğru dəyişdirilməsinə nail olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin güclənməsinə də mühüm dəstək vermişlər. Belə ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və Avropa ilə Asiya arasında Zəngəzur dəhlizi vasitəsilə əsas tranzit xəttini yaratmaqla, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüslə inşası davam etdirilən, artıq XXI Əsrin layihəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması, İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da Türkiyə-Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti məhsuludur.  
Son 32 il ərzində Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması və 15 iyun 2021-ci ildə Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhvəsini vermişdir. Şuşa Bəyannaməsi imzalanarkən dövlət başçısı cənab İlham Əliyev Qars müqaviləsini yada salaraq qeyd etmişdir: “...Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır...”.
Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz, BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir.

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı


Müstəqilliyimizin ilk günündən etibarən Azərbaycan Respublikasının, Qarabağ başda olmaqla, işğal və ərazi bütövlüyü probleminin yaşadığını, regional təhlükəsizlik ehtiyacını diqqətə alan qardaş Türkiyə dövləti Bakının hərbi baxımdan güclənməsinə çalışmış, bunu Türkiyənin də regionda güclənməsi olaraq görmüş və mümkün mənəvi və siyasi dəstəyi əsirgəməmişdir. İki qardaş ölkənin ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yoluyla milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etmişdir.
İki qardaş ölkə ordularının əməkdaşlığı yönümündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanmasıyla başlanmışdır. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alaraq Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini vermişdir.
Azərbaycan Ordusunun zabit heyətinin ehtiyacını qarşılayan ən önəmli təhsil müəssisələrindən olan Heydər Əliyev adına Hərbi İnstitut qardaş ölkənin aktiv iştirakı və köməyi ilə NATO standartlarında təhsil verən təhsil ocağı səviyyəsinə gətirilib çatdırılmışdır. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə və digər ölkələrə göndərilir. Eyni zamanda, indiyə qədər Azərbaycan-Türkiyə Müdafiə Nazirlikləri arasında təmannasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Hərbi sənayesi ilə qüvvətlənən qardaş ölkənin müxtəlif silah sistemlərinin Azərbaycanla birlikdə istehsalı da qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək, ordularının gücünə güc qatacağının bariz nümunəsidir.    
Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri, yollar baxımından olduqca strateji bir coğrafiyada yerləşən Azərbaycan, Avroatlantik məkanın təhlükəsizliyin təmini baxımından da önəmli olduğu üçün Azərbaycan hərbçiləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarına daxil edilmiş və bu fəaliyyətlər də Türkiyə dövləti vasitəsiylə həyata keçirilmişdir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsini iki qardaş ölkənin ittifaq müqaviləsi kimi də qəbul etmək olar. Müqavilənin müddəalarının birinə görə, ölkələrdən hər hansı birinin müstəqilliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid yaxud təcavüz edildiyi tədqirdə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil ediləcəkdir.
İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetirməsi ilə bağlı zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya, hava hücumundan müdafiə qüvvələrini də cəlb etməklə həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil etməkdədir. Bu təlimlərdə qazanılan təcrübənin məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu bəşər tarixinin ən müasir müharibəsini aparmaqla, Azərbaycan Respublikasının Ermənistan silahlıları tərəfindən işğala məruz qalmış ərazilərimizi azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində döyüşmək bacarığını, supermüasir ordusunu, ən son hərbi texnika üzrə təlim keçmiş yeni nəsil mütəxəssislərini, mühəndislərini, zabitlərini, xüsusi təyinatlı hərbçilərini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, "bu yeni nəsil müharibə üslubudur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir".
2024-cü il ərzində Azərbaycan və Tükiyə Silahlı Qüvvələri arasında həm Azərbaycanda, həm də Türkiyədə müxtəlif təyinatlı birgə təlimlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəminin olduğunu, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyəti və faydası olduğunu bildirmişdir.
Vətən müharibəsində Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmləndirildi. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Azərbaycan xalqı küçələrə axışaraq böyük sevinc hissi ilə Zəfər paradına dəvət olunmuş Azərbaycan və Türkiyə əsgərlərini salamladı. Bu tarixi gündə Azərbaycanın bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərdən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyənatı, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə Qarabağda antiterror əməliyyatları öncəsi Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışında "... Tək millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair atdığı addımları dəstəkləyirik" deməsi və Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "... Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümünəsidir.  
Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanıb. Bizi birləşdirən həm tarixi köklər, həm də mədəni əlaqələr bizim keçmişimiz bugünkü və gələcək siyasi maraqlarımızdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi