15 sentyabr. Bu gün ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bu gün təkcə təhsilə başlanğıc deyil, həm də doğma Vətənimizə və cəmiyyətimizə layiqli vətəndaş olmaq yolunda ilk addım atanların günüdür. Birincilər sevinir, əllərində gül sinfə daxil olmağa tələsirlər. Valideynlər qürurlanır, duyğulanırlar. Bu mənzərənin ağuşunda xoş hisslərə qərq olub düşünürük - bu balalar işıqlı sabahlarımız, parlaq gələcəyimizdir. Balaca olsalar da, gələcəyə böyük ümidlər bəxş edirlər. İndi öz ətrafını işıqlandıran birincilər vaxt gələcək uğurları ilə dünyaya işıq saçacaqlar.
Birincilərin sırasında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın övladları da var. Onların qəhrəman ataları da xalqımızın xoşbəxt gələcəyi naminə canlarından keçiblər. İnanırıq ki, şəhid övladları da ataları kimi milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə layiqli vətəndaşlar olacaq, gələcəkdə çalışacaqları sahələrdə dövlətimizin daha da güclənməsi naminə səylərini əsirgəməyəcəklər. Bu gün onları uğurlu sabahlara aparacaq işıqlı bir yolun başlanğıcıdır. Bu ilin birincilərinin də düşüncələrində tarixi Zəfər var, qəhrəman əsgərlər var, qalib Azərbaycan Ordusu var. Qəzetimizin əməkdaşları məktəbli olmanın sevincini yaşayan fidan balalarımızın təəssüratlarını öyrəniblər.
"Azərbaycan Ordusu"
Banu Paşazadə:
- Şəhid Elsevər Paşayevin qızıyam. Atamı soruşanda ki, o niyə gəlmir? Anam deyirdi ki, sənin atan qəhrəmandı, cəbhələrdə düşmənlə döyüşüb. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Bütün şəhidlər uşaqların xoşbəxt olması, firavan yaşaması üçün canlarını qurban veriblər. Atamı xatırlayıram, həmişə gülümsəyirdi. Məni çox istəyirdi. Çoxlu hədiyyələr alırdı mənə, bacıma. Nəzrin böyük bacımdır. Beşinci sinifdə oxuyur. O, mənə dərslərimdə kömək edir. Bacım da, mən də atamızın adına layiq övlad olacağıq. Söz verirəm ki, dərslərimdən əla qiymətlər alacam.
Zəhra və Mədinə Rəsulova bacıları:
- Biz şəhid Mirbala Rəsulovun qızlarıyıq. Bu il birinci sinfə gedirik. Atamızın adını həmişə uca tutacağıq. Yaxşı və əla qiymətlərlə oxuyacağıq. Böyüyəndə həkim olmaq istəyirik. Atamız istəyirdi ki, həkim olaq. Biz də yaxşı oxuyacağıq ki, atamızın arzusunu yerinə yetirək. Onun ruhu bizimlədir. Onda atamızın ruhu şad olacaq ki, qızları əlaçıdırlar. Biz uşaqlar müharibə istəmirik, ona görə ki, uşaqlar atasız qalmasınlar, atalar şəhid olmasınlar. Sülh istəyirik.
Biz çoxlu şeirlər bilirik. Himnimizi bağçaya gedəndə öyrənmişik. Dərslərimizi sevə-sevə oxuyacağıq.
Vüqar İsmayılzadə:
- Mən şəhid Vaqif İsmayılovun oğluyam. Vətən müharibəsində atam igidliklər göstərib. Döyüşçü yoldaşları deyirlər ki, atam da mərd döyüşçü olub. Əsl mərdlik düşməni məğlub edənlərin sırasında olmaqdır. Atamla qürur duyuram. Fəxr edirəm ki, atam qəhrəmandır. Mən igid, qəhrəman oğluyam. Atamın qəhrəman adını mən də uca tutacam. Onun adına layiq oğul olacam. O, Vətənimizi, xalqımızı çox sevirdi. Onun dedikləri yadımızdadı: Vətəni sevin. Qardaşım da, mən də onun kimi Vətənimizi, xalqımızı çox sevirik. Anam deyir ki, siz Vətənə əsl oğul olmalısınız. Gələcəkdə əsgər gedib, Vətəni qorumalısınız. Bu sizin övladlıq borcunuzdur. Mən və qardaşım əsgər olacağıq. Söz verirəm ki, həmişə dərslərimdən əla qiymətlər alacam".
Ramal Quluzadə:
- Şəhid Şəhriyar Quliyevin oğluyam. Mən də atamla fəxr edirəm. O, Azərbaycan bayrağını çox sevib. Mən də atam kimi bayrağımızı çox sevirəm. Atamı xatırlaya bilmirəm, amma yuxularımda o, mənimlə danışır. Deyir ki, dərslərini yaxşı oxu. Mənim atam ölməyib, o, yaşayır, şəhidlər ölmür. Evimizdə atamın çoxlu əşyası var. Kitabları, geyimləri, şəkilləri, bir də bayrağımız. Anam deyir ki, biz o bayrağı həmişə qorumalıyıq. Şəhidlər bayrağımızı ucaltmaq üçün canlarından keçiblər.
Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın övladlarını öz balalarımız kimi bağrına basmaq, onların qayğısına qalmaq hər bir azərbaycanlının mənəvi borcudur. Əziz şəhid övladları, bütün Azərbaycan xalqı kimi, siz də atalarınızla fəxr edə bilərsiniz. Onların əziz xatirəsi bizim qəlbimizdə yaşayır və əbədi yaşayacaqdır.
Birinci sinfə gedən şəhid balalarının düşüncələrində Vətən var, qəhrəmanlar var, qəhrəmanlıqlar var, onların qazandığı tarixi Zəfər var. Balacalar gələcəkdə deyəcəklər ki, biz birinci sinfə bu Zəfərin işığında getmişik. Şəhid ataların ruhunun xeyir-duası ilə...
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"