Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2024 16:21

Ellər unutmayır öz mərd oğlunu...

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi şəhidlərimizin xatirələrinə həsr edilmiş tədbirləri uğurla davam etdirir. Müdafiə Nazirliyinin təsdiq etdiyi tədbirlər planına əsasən, Mərkəzin təbliğat-təşviqat qrupunun üzvlərinin şəhər və rayonlarda, kənd və qəsəbələrdə keçirdikləri anım mərasimləri, xatirə gecələri ictimaiyyət tərəfindən maraqla qarşılanır.
"N" hərbi hissəsində şəhid polkovnik-leytenant Rəşad Sadıqovun xatirəsinə həsr olunmuş tədbirdə onun xidmət etdiyi hərbi hissənin şəxsi heyəti və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət Himni səsləndirildi.
Bildirildi ki, polkovnik-leytenant  Rəşad Sadıqovun hərbi xidməti, döyüş yolu bugünkü və gələcək nəsillərə örnəkdir. O, ata yurdu olan Laçın rayonunun işğaldan azad olunmasını arzulayırdı.
Rəşad Sadıqov 1978-ci ildə Laçın rayonunda anadan olub. 1984-1992-ci illərdə Laçın şəhər 2 saylı tam orta məktəbdə təhsil almışdı. Laçın şəhəri işğal olunduqdan sonra ailələri Şəmkir rayonunda məskunlaşmışdı. 1992-1995-ci illərdə təhsilini Əhməd Cavad adına Şəmkir şəhər orta məktəbində davam etdirmişdi. Həkim olmaq istəyirdi. Xocalı faciəsindən sonra zabit olmağı qərara almışdı. Arzusunu gerçəkləşdirmək üçün Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə (indiki Heydər Əliyev adına İnstitut) qəbul olub. Dərslərdə, məşğələlərdə, təlimlərdə fəal iştirak edirdi, bilik və təcrübəsini həmişə artırmağa çalışırdı, nümunəvi kursant kimi tanınırdı.
Ali hərbi məktəbi bitirdikdən sonra Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində xidmətə başlayır. Komandiri olduğu taqımın şəxsi heyəti döyüş tapşırıqlarını nizamnamə qaydalarına uyğun olaraq yerinə yetirib. Komandanlıq tərəfindən fəxri fərmanlara, qiymətli hədiyyələrə layiq görülüb.
Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən R.Sadıqov hərbi hissənin qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.  O, oktyabrın 30-da Güləbird kəndi uğrunda döyüşlərdə şəhid olub. Şəmkir rayonunun Çaparlı kəndində dəfn olunub.
R.Sadıqov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
İki övladı var...
Tədbirdə mərkəzin əməkdaşları "Əsgərə məktub" layihəsi haqqında da məlumat verdilər. Əsgərlərə müxtəlif bölgələrdən ünvanlanmış məktublar təqdim edildi. Əsgər və zabitlər nümunəvi xidmət edəcəklərini, onlara göstərilən böyük etimadı doğruldacaqlarını bildirdilər.

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"