Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2024 18:46

Bu qürur həmişə olacaq

İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdi: "Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək". Dövlət başçımız onu da qətiyyətlə bildirmişdi ki, vaxt gələcək, bütün torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik, ölkəmizin bütün ərazilərində üçrəngli bayrağımız qürurla dalğalanacaq.
Ermənistan 2020-ci il sentyabrın 27-də yeni ərazilər işğal etmək niyyəti ilə genişmiqyaslı hücuma başladı. Ali Baş Komandanın əmri ilə ordu hissələrimiz əks-hücuma keçərək düşmən sədlərini dağıtdı. Vətən müharibəsi tarixi qələbə ilə başa çatdı. Cənab Prezidentin "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir" kəlamı Azərbaycan hərbçilərinə böyük ehtiramı ifadə etdi.
Mayor İlham Abdullazadə də Vətən müharibəsi iştirakçısıdır. O, Sabirabad rayonunun Şəhriyar kəndində anadan olub. Birinci Qarabağ müharibəsində şəhid olan Məlik Məmmədovun adını daşıyan məktəbdə təhsil alıb. 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Yüksək hərbi biliyə, təcrübəyə malik olmaq üçün səylə çalışıb, yaxşı oxuyub.
2008-ci ildə "N" hərbi hissəsində gənc zabit kimi xidmətə başlayıb. Tabeliyindəki şəxsi heyətin vətənpərvərlik hisslərinin yüksəldilməsinə həmişə xüsusi diqqət yetirib. Xidmətini müxtəlif bölgələrdə davam etdirib. Vətən müharibəsində onun xidmət etdiyi hərbi hissə də çətin döyüş əməliyyatlarını uğurla yerinə yetirib. Mayor İlham Abdullazadə də Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocalının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Azərbaycan zabiti adını şərəflə daşıyan mayor İlham Abdullazadə "N" hərbi hissəsində xidmətini davam etdirir. O, qalib ordunun zabiti kimi qürurlanır...

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"