Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2024 18:46

Hərbi təhsil qüdrətli ordunun təməlidir

Ümummilli Lider Heydər Əliyev:
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların təntənəli andiçmə mərasimləri keçirilib.
Mərasimlərdə Milli Müdafiə Universitetinin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərliyi və şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, müəllimlər, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Andiçmə mərasimlərində əvvəlcə hərbi orkestrin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanına gətirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Təntənəli mərasimlərdə çıxış edənlər kursantları və onların valideynlərini əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edib, gələcəyin hərbi qulluqçularına Azərbaycan xalqına layiqli övlad, Vətənə, xalqa və Hərbi Anda sadiq olmağı arzulayıb, nümunəvi, intizamla xidmət etməyi tövsiyə ediblər.
Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib, hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
Sonda valideynlər hərbi təhsil müəssisələrində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.
Qəzetimizin əməkdaşları mərasimlərdə iştirak edərək, kursantların fikirlərini qələmə alıblar.
"Azərbaycan Ordusu"

Kursant İbrahim Süleymanov:

- Hər birimiz üçün bu gün hərbi peşəyə gedən yolun başlanğıcı, çoxəsrlik ənənələrə sadiq qalaraq, böyük qələbələrə arxalanaraq, Vətənimizi qoruyan qüdrətli hərbi qardaşlığın bir hissəsinə çevrildiyimiz andır.
44 günlük Vətən müharibəsi zamanı ordumuzun doğma torpaqlarımızı azad etməsi, öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməsi biz gənclər üçün xüsusi nümunədir. Biz ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini hər zaman yad edəcək, onlardan şücaət və igidlik nümunəsi alacağıq.
Biz kursantlar çalışacağıq ki, onlar kimi vətənpərvər və bacarıqlı hərbçilər olaq. Bunun üçün ciddi sınaqlardan uğurla keçməli, hərbi vərdişlərə yiyələnməli, savadlı, intizamlı və əzmkar olmalıyıq.

Kursant Fazil Ümüdzadə:

- Bir kursant olaraq, Hərbi Tibb Fakültəsində andiçmə mərasimi həyatımda yaşadığım ən həyəcanlı və qürurlu anlardan biri idi. Bu mərasimə qədər uzun müddət davam edən intensiv hazırlıq və məşqlər keçirildi. Hər gün Vətənə və xalqa xidmət etməyin nə qədər böyük məsuliyyətli iş olduğunu bir daha anladım. Lakin bu andiçmə mərasimində sıraya düzülərkən hər şeyin məhz bu an üçün olduğunu dərk etdim.
Mərasim başladıqda ürəyim sürətlə döyünürdü. Dövlət Himni səsləndirilərkən, bir anlıq gözlərimi yumub Vətənim üçün nə qədər böyük bir addım atdığımı düşündüm. Hər bir notu ürəyimdə hiss etdim və bu andın nə qədər ciddi və məsuliyətli olduğunu bir daha düşündüm. Himndən sonra zabitlərin və fakültə rəhbərlərinin danışdıqları, bizə verdikləri tövsiyələr və göstərdikləri dəstək çox təsirli idi. Onların gözlərində gördüyüm qürur və inam mənə daha da güc verdi.
Nəhayət, and içmək üçün sıra mənə gələndə dərin bir nəfəs aldım. "Mən, Vətənə və xalqa sədaqətlə xidmət edəcəyimə, hərbi həkim şərəfini layiqincə qoruyacağıma and içirəm!" sözlərini söyləyərkən, həm böyük bir məsuliyyət daşıdığımı, həm də bu yolu seçdiyim üçün qürurlandığımı hiss etdim. Bu andı içdikdən sonra artıq qarşıda bizi çətin, lakin şərəfli bir yolun gözlədiyini bilirdim.
Həyatım boyu valideynlərimin mənə verdiyi dəstəyi unutmayacağam və bu andıma sadiq qalmaq üçün əlimdən gələni edəcəyəm.
Mərasimin sonunda digər kursant yoldaşlarımla birlikdə təntənəli marşla keçərkən, artıq hər birimiz fərqli insanlar idik. Biz artıq sadəcə tələbə deyildik; biz hərbi həkim olmaq yolunda ilk addımını atan kursantlar idik. Bu mərasimdən aldığım təəssüratlar mənə gələcəkdəki bütün çətinlikləri dəf etmək üçün güc verəcək.

Kursant Ramiz Bağırov:
- Bu gün bizim üçün həyatın yeni, mühüm mərhələsi başlayır. Hərbi Andı qəbul edərək şanlı Azərbaycan Ordusunun sıralarına qoşulduq. Bu, xüsusi bir məqamdır - hərbi xidmətlə bağlı arzularımızın gerçəyə çevrildiyi gündür.
Hər birimiz hərbi kollecə daxil olanda artıq bu seçimin vacibliyini dərk etmişik. Gizir rütbəsinə gedən yol təkcə yeni bilik və bacarıqlara yiyələnməkdən ibarət deyil, bu, həm də daim öz üzərində işləməkdən, xarakterin möhkəmləndirilməsindən və əsl hərbçi üçün zəruri olan keyfiyyətlərin formalaşdırılmasından keçir: hərbi intizam, məsuliyyət, istənilən vəziyyətdə çevik qərar qəbuletmə bacarığı kimi.
Qarşıda bizi intensiv təhsil, hərbi hazırlıq və təlimlər gözləyir. Əminəm ki, hər birimiz bu əhəmiyyətli tədris dövrünə hazırıq, çünki biz bu yolu şüurlu şəkildə və tam məsuliyyətlə seçmişik. Bu yol fədakarlıq tələb edən, eyni zamanda, dərin fəxr hissi aşılayan şərəfli yoldur. Biz dərk edirik ki, üzərimizə böyük məsuliyyət düşür və bu, bizi həvəs və maraqla oxumağa sövq edir.

Kursant Ceyhun Məmmədli:

- Hər bir insanın həyatında unudulmaz günlər olur. Xatırlayıram, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olduğumda və ilk dəfə orada Hərbi Andı qəbul etdikdə çox həyəcanlanmışdım. Liseyi müvəffəqiyyətlə başa vurub artıq peşəkar zabit olmaq üçün ali hərbi təhsil alacağım Heydər Əliyev adına Hərbi İnstitutda and içirəm. Bu sevincimi sözlərlə ifadə etmək çətindir. Bu yolda ən böyük dəstəkçim ailəm olub. Hərbçi ailəsində böyümüşəm. Atamın seçdiyi bu şərəfli yolun davamçısı olmaq istədiyimi ailəmə bildirdikdə çox qürurlanmışdı. Atamın təcrübəli zabit kimi mənimlə olan söhbətləri, verdiyi tövsiyələr peşə seçimimdə böyük rol oynayıb. Onun peşəkarlığı və liderlik xüsusiyyətləri mənə öz üzərimdə çalışmaq, hər bir çətinliyə sinə gərmək və bu şərəfli yolda irəliləmək üçün motivasiya, həmçinin güc verib. Bu mərasimdən sonra hər gün daha çox öyrənmək və inkişaf etmək üçün əlimdən gələni edəcəyəm. Məqsədim hərbi sahədə mükəmməl nəticələr əldə etmək, qüdrətli ordumuzun peşəkar zabitlərindən olmaqdır.

Kursant Murad Məmmədov:
- Bu gün hərbi kollecin kursantı olaraq and içdik. Öz böyük missiyamızı yerinə yetirməyə - Vətənə xidmət etməyə bir addım da yaxınlaşdıq. Bu gün hər birimiz üçün əlamətdar gündür. Vətən müdafiəçiləri sıralarına qoşulmaq yolunda ilk addımımızdır. Hərbi And əsrlər boyu qeyd olunan tarixi ənənədir. Biz sevinirik ki, bu tarixi ənənəyə çevrilmişik.
Azərbaycanın qədim tarixi xalqımızı xarici təhlükələrdən qoruyan qəhrəmanların adları ilə doludur. Onların hamısı torpaqlarımızı qorumağa sədaqət andı içiblər, xalqın təhlükəsizliyi və firavanlığı üçün canlarından keçiblər.
Hərbi Andın tarixi bizə əzmkarlıq, sədaqət və fədakarlığa hazır olmağı öyrədir. Hərbi mundir geyinən hər kəs başa düşməlidir ki, onun sözləri təkcə komandirləri, yoldaşları qarşısında deyil, həm də özü, vicdanı, Vətəni qarşısında anddır.

Kursant Murad Əhmədli:

- 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Gümüşlü kənd məktəbinin 9-cu sinfini bitirib Heydər Əliyev adına Hərbi Liseyə qəbul oldum. Çox sevinirəm ki, məqsədimə çatmaq üçün növbəti mərhələ olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul oldum. Bu gün Ulu Öndərin adını daşıdığı bu təhsil ocağında Hərbi Andı qəbul etmək mənim üçün böyük şərəfdir. Andımızda da dediyimiz kimi, hər zaman Vətənim Azərbaycana və onun xalqına sadiq olacağam. Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm!

Kursant Cavid Şərfalıyev:

- Hərbçi ailəsində böyüdüyüm üçün bu peşəyə xüsusi marağım olub. Hər zaman bu şərəfli yolu seçən atamın davamçısı olmağı arzulayırdım. Atam kimi hərbi mundir geyinərək, Vətənim Azərbaycana layiqli övlad olmaq üçün daim öz üzərimdə çalışırdım. Bu gün mənim üçün xüsusi bir gündür. Çox sevinirəm ki, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq mənə də qismət oldu. Seçdiyim bu müqəddəs yolda ilk addımları ataraq Hərbi Andı qəbul etdim. Gələcəyin peşəkar zabiti olmaq üçün burada bizə yaradılan imkanlardan maksimum faydalanmalı, xalqımızın bizə olan etimadını hər zaman doğrultmalıyıq.