Bölmələrin döyüş hazırlığı daim diqqət mərkəzində saxlanılır. Hər bir əsgərin fərdi hazırlığından başlayan döyüş hazırlığı manqanı, taqımı hər an döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlayır, bilik və bacarıqlarını daha da təkmilləşdirməyə xidmət edir. Bunun üçün bölmə komandiri əzmlə çalışır ki, onun tabeliyində olan şəxsi heyət yüksək döyüş vərdişlərinə yiyələnsin. Bu məqsədlə o, keçirilən təlim-məşqlər zamanı əsgərlərə məşğələnin bütün incəliklərini izah edir və praktiki yerinə yetirilməsini nəzarətdə saxlayır.
Otuz ilə yaxın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş doğma torpaqlarımızda bu gün Azərbaycan əsgərinin xidmət etdiyini, təlim keçdiyini görəndə qürur hissi keçiririk. Bu torpaqların yağılardan azad edilməsi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində mümkün olub. Əsgərləri döyüşə ruhlandıran onların yüksək döyüş və mənəvi-psixoloji hazırlığı idi.
Məşğələ yerində həmsöhbət olduğumuz leytenant Elsevər Manafov Azərbaycan Kooperasiya Universitetini bitirsə də, ömrünü hərbi peşəyə bağlayıb. Onu bu peşəyə sövq edən Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı qələbədir. Elsevər müharibə zamanı universitet tələbəsi idi və çox cəhd göstərib ki, döyüşlərdə iştirak etsin, lakin qismət olmayıb. Ali təhsilini başa vurandan sonra "Ehtiyat zabit hazırlığı" kursuna qəbul olaraq, hərb sənətinin incəliklərini dərindən öyrənib. Artıq Elsevər düşməndən azad edilmiş ərazilərdə xidmətini şərəflə davam etdirir. Tabeliyində olan əsgərlərə atıcı silahların "dil"ini əzmlə öyrədir. Leytenant Elsevər Manafov dedi: “Orta məktəbdə oxuduğum illərdə torpaqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini və hələ də ölkəmizin müharibə şəraitində olduğunu öyrənmişdim. Həmişə hərbçi olmaq arzusunda olsam da, hərbi məktəbdə oxumaq qismətim olmadı. Arzuma ali təhsilimi başa vurandan sonra nail oldum və seçimimdən çox qürurluyam".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Hümbətov 2017-ci ildən hərbi xidmətdədir. Əslən Laçın rayonundan olan hərbi qulluqçu torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Nicat hazırda işğaldan azad edilmiş ərazilərdə xidmətini uğurla davam etdirir. O, bundan qürur duyduğunu dedi. Komandiri olduğu manqanın şəxsi heyətinə döyüş vərdişlərini böyük həvəslə aşılayır. Hər bir əsgər istifadəsində olan silahı dərindən bilməlidir. Onların bu cür hazırlığı gələcəkdə istənilən döyüş tapşırığının yüksək səviyyədə icrasına gətirəcəkdir.
Əsgərlərdən Coşqun Hüseynzadə, Cavad Usubzadə, Nazim Mehralıyev, Mahir Poladov, Murad Cəfərzadə, Deniz Canari, Məmməd Məmmədov və başqalarının məqsədləri atış, taktiki, mühəndis hazırlıqlarını və digər keçirilən dərsləri yaxşı mənimsəməkdir. Onlar yaxşı bilirlər ki, döyüşdə uğur qazanmağın tək bir yolu varsa, o da komandirlərinin öyrətdiklərini dərindən öyrənməkdir.
Əsgər Deniz Canari Qəbələ rayonundan hərbi xidmətə çağırılıb. Xidmətinin başa çatmasına bir neçə ay qalıb. İşğaldan azad edilmiş ərazilərimizdə xidmət etməkdən qürur hissi keçirir. Vətənin hər qarış torpağının onun üçün əziz olduğunu bildirdi.
Zabit Elsevər Manafov məşğələ yerində əsgərlərin həm nəzəri, həm də praktiki bilikləri necə mənimsədiyini yoxlamaq üçün onları döyüş düzülüşünə gətirir. Əsgərlərin komandaları necə yerinə yetirməsini diqqətlə nəzərdən keçirir, həm də nəzəri biliklərini yoxlayırdı. Səylə çalışırdı ki, hər biri məşğələni dərindən öyrənsin, komandaları düzgün və vaxtında icra edə bilsin.
Əsgərlərin döyüş tapşırığını vaxtında və düzgün icra etməsi mahiyyətcə yüksək döyüş hazırlığı deməkdir.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"