Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən, ordu quruculuğu istiqamətində uğurlu islahatlar aparılır. Bu istiqamətdə şəxsi heyətin döyüş hazırlığının, döyüşə hazır olma qabiliyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Döyüş hazırlığının əsasını peşəkarlığın daima yüksəlməsi və qoşunların istənilən hərbi əməliyyatlarda verilən tapşırıqları uğurla icra etmələri təşkil edir.
Şübhəsiz ki, şəxsi heyəti yüksək hazırlıqlı olan ordu döyüş əməliyyatlarında qələbə qazanacaqdır. 2020-ci ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatına cavab olaraq başlayan Vətən müharibəsində, ordumuzun yüksək döyüş hazırlığına malik olması cəmi 44 gün müddətinə şanlı qələbə qazanmağımızla nəticələndi. İllərdir məşğələlərdə, təlimlərdə müvəffəqiyyətlə iştirak edən şəxsi heyət döyüş meydanında öz bilik və bacarıqlarından istifadə edərək, torpaqlarımızı düşmən işğalından azad etdi. Rəşadətli Azərbaycan Ordusu xalqımıza Qələbə sevincini yaşatdı.
"N" hərbi hissəsində şəxsi heyətin çöl şəraitində dərs prosesini izlədik. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Geniş ərazidə təlim keçən topçularımız müəyyən olunmuş müxtəlif döyüş tapşırıqlarını icra edir, təcrübə və səriştələrini artırırdılar.
Kapitan Xaliq Əliyev bildirdi ki, qazanılan qələbələr hər zaman şəxsi heyətin təcrübəsi, cəsurluğu, qorxmazlığı və əzmkarlığı hesabına olur. Bu səbəbdən şəxsi heyətlə mütəmadi olaraq dərslər, məşğələlər keçirilir. Hər nə qədər düşmən üzərində qələbə qazansaq da, igid və mərd oğullarımız daima öz üzərilərində çalışır, hərbi bilik və bacarıqlarını artırırlar. Şəxsi heyətin hazırlığından söz açan zabit qeyd etdi ki, bu gün orduda xidmət edən əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı ilə peşəkar zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları məşğul olurlar. "Bu səbəbdən də şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla icra etməyə qadirdir. Plana uyğun olaraq təlimlər də keçirilir. Təlimlərdə əsgərlərimiz yüksək peşəkarlıq nümayiş etdirirlər. Müxtəlif məsafələrdən atəş açmağı mənimsəyirlər".
Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Amin Məmmədov bildirdi ki, şəxsi heyət mütəmadi olaraq onlara təhkim olunmuş döyüş texnikası ilə dağlıq və düzənlik ərazilərdə praktiki məşqlərə cəlb olunur. "Məşqlərin əsas məqsədi istənilən an şərti düşmənin yüksəkliklərdə, yamaclarda və təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını, atəş nöqtələrini məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin edərək, tapşırıqları vaxtında və nöqsansız yerinə yetirə bilməkdir. Keçirilən məşqlərdə bölmələrin "döyüşə" və "səfərə" düzülüşü, hədəflərin təyin edilməsi, atış ərazisinin seçilməsi, mövqenin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir. Məşğələlər və təlimlər əsgərlərin praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə aparılan müasir döyüş hazırlığının səviyyəsinin artırılması üçün çox vacibdir".
Döyüş texnikasının heyət nəfərləri ilə söhbət zamanı üzlərindəki ifadələrdən qalib ordunun əsgəri olmaqdan qürur hissi keçirdiklərini hiss etməmək mümkün deyildi. Onların məğrur baxışları insanı ovsunlayırdı.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tacir Qasımov bildirdi ki, məşğələlər yüksək səviyyədə keçirilir. "Komandirlərimizin sayəsində topun bütün sirlərinə yiyələnmişik. Heç bir çətinlik çəkmədən istənilən komandanı icra edə bilərik. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Onlar bizi bacarıqlı hərbçilər kimi yetişdiriblər. Gündəlik məşğələ və təlimlərin səmərəli keçirilməsinin nəticəsidir ki, ordumuz düşmən üzərində böyük qələbə qazandı. Müharibə zamanı açılan dəqiq atəşlərlə düşmənin döyüş texnikaları, hərbi hissələri və canlı qüvvəsi məhv edildi. Müharibədən sonra da döyüş vərdişlərimizi daha da möhkəmləndirmək üçün təlimlərimiz davam edir. Biz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazırıq".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Maqsud Şirinov qeyd etdi ki, baş tuşlayıcı olaraq onun üzərinə böyük məsuliyyət düşür. "Bizə təhkim olunan döyüş texnikasının təyinatını və xüsusiyyətlərini heyətin hər bir üzvü yaxşı bilir. Baş tuşlayıcı olaraq öz məsuliyyətimi dərk edirəm. Artilleriya ixtisası riyaziyyat və həndəsə elmləri ilə sıx bağlıdır. Hələ orta məktəbdə oxuyarkən bu fənlərə xüsusi marağım olub. Oxuduğum sinifdə ən çətin və məntiqi misalları hamıdan birinci həll edirdim. Ona görə də bu sahədə daha yararlı olacağıma inandım. Müasir dövrdə döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir zabit, gizir və əsgərdən yüksək nəzəri-hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsas bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli istifadə etməkdir", - deyə M.Şirinov dedi.
Söhbətimizə qoşulan əsgər Sənan Hafizov dedi ki, keçirilən məşğələ və təlimlər onların bacarıqlı hərbçi kimi formalaşmasında mühüm yer tutur. "Hərbi xidmət hər birimiz üçün əhəmiyyətli bir dövrdür və bu dövrdə döyüşçüyə xas olan vacib vərdişləri mənimsəyirik, həmçinin bir çox mənəvi keyfiyyətlərə alışırıq. Komandirlərimizin öyrətdiklərini mənimsəyir, təlimlər zamanı praktiki nümayiş etdiririk. Mən və əsgər yoldaşlarım fəxr edirik ki, qalib orduda xidmət edirik".
Əsgər İsmayıl Axundov qeyd etdi ki, hərbi xidmət onlardan intizamlı olmaq, hərbi sirri qoruyub saxlamaq, dözümlülük, cəsarət tələb edir. "Bura hər birimiz üçün həyat məktəbidir. Bu məktəbdə hərbi bilikləri öyrənirik. Daha cəsarətli, güclü və iradəli formalaşırıq. Bu vərdişləri bizə aşılayan komandirlərimizə dərin minnətdarlığımı bildirirəm. Hərbi xidmətimi başa vurmağa az qalıb, ancaq ordu sıralarında qalıb komandirlərimizlə çiyin-çiyinə Vətənimizin müdafiəsində dayanmaq istəyirəm", - deyə hərbi xidmətə Bakı şəhərindən çağırılan əsgər İ.Axundov orduda keçirdiyi günlərin dəyərindən, təlim və məşğələlərdə peşəkarlıq qazanmasından danışdı.
Əsgər Zaur Elyazov da yüksək döyüş hazırlığına malik olmalarında keçirilən məşğələlərin böyük rolu olduğunu qeyd etdi: "Praktiki məşğələlərimiz öncədən təyin edilmiş açıq ərazidə, nəzəri dərslərimiz sinif otaqlarında keçirilir. Biz də daim hərbi biliklərimizi artırır, bacarıqlarımızı təkmilləşdiririk. Komandirlərimizin bizə olan diqqəti yüksək səviyyədədir. Burada yaradılan sosial-məişət şəraiti arzuediləndir. Bu gün ordu sıralarında xidmət edən hər kəs Vətənə müqəddəs borcunu inamla ödəyir. Xalqımız da əmin olsun ki, Vətənimizi göz bəbəyimiz kimi qoruyacaq, əsgər adını uca tutacaq, böyüklərimizə daim başucalığı gətirəcəyik".
Beləliklə, əsgərlərimizlə söhbətdən sonra əminliklə deyə bilərik ki, belə igid, vətənpərvər, yüksək döyüş hazırlığına malik oğulları olan ordunun qarşısında heç bir düşmən qüvvəsi dayana bilməz.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"