Mövzu: Vətəni qorumaq şərəfdir. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi
Suallar:
1. Vətəni qorumaq şərəfdir.
2. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi.
Vətəni qorumaq şərəfdir
Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması üçün vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır.
Torpağı Vətən edən xalqın onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən xalqın doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən xalqın evi, xalq da Vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyümüz torpaqdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir.
Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə Vətənsiz bir xalq, nə də xalqsız Vətən ola bilər. Vətən əldən gedərsə, o xalqın hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və xalqı qorumaq, vətəni sevmək də dövlət və xalqı sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşmənlərdən qorumaqdır, hər cür hücum ehtimalına qarşı tədbirli olmaqdır və lazım olduğu zaman onun üçün canını verməkdir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan Vətənini də mütləq sevməlidir. Çünki bunlar Vətənsiz yaşaya bilməz.
Vətənimiz Azərbaycana hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə Vətənimiz Azərbaycanın düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olmaqdır, yaralanmaq isə şərəflə dönməkdir. Vətənimiz Azərbaycanı sevmək, təhlükə anında Vətənimizin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişafını və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, Vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını təmin etməyə çalışmaqdır.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan gözəl Azərbaycanımızı, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki Azərbaycan, hər nə bahasına olursa olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan xalqın üzərində yaşadığı torpaq parçasıdır. Vətənimiz Azərbaycanı müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi, mənəviyyatına, xalqına, ismət və namusuna, haqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.
Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşməklə yanaşı, iri həcmdə təbii sərvətlər ehtiyatına sahibdir. Buna görə, ölkəmizi ələ keçirməyə çalışan qüvvələr həmişə fürsət axtarırlar. Tarixin ayrı-ayrı dönəmlərində Azərbaycan həmişə yadellilərin hücumlarına məruz qalıb. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün tutan atalarımız Vətənimiz Azərbaycanı canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu bizim dinimiz, inancımız, insanlığımız gərəyi üzərimizə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir hakimiyyətimizi davam etdirdiyimiz bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmalı, ölkəmizin adının ən yaxşıları sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq. Hər birimiz Vətənimiz Azərbaycanın könüllü əsgərləriyik. Biz Vətənimiz Azərbaycana xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimiz Azərbaycana borcluyuq. Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün vətənpərvərlik bir ideologiya olmalıdır.
Əcdadlarımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya birliyimizi, Vətənimiz Azərbaycana olan sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan mövcud olmuş Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti daha yaxşı tanıtdı.
Ulu Öndər Heydər Əliyev deyirdi: "...Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik...". Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə amalımızdır.
Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi
Azərbaycan türkü olaraq biz əsrlərlə ermənilərin təcavüzünə məruz qalmışıq. XX əsrin sonlarında, bir zamanlar ermənilərin yaşaması üçün köçürüldükləri Azərbaycan torpağı olan Qarabağa sahib olmaq üçün bu mənfurlar ölkəmizə qarşı hərbi təcavüzə başlamış, etnik təmizləmə siyasəti apararaq soyqırımlar törətmiş, minlərlə dinc əhalini qətlə yetirmiş, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdılar. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
2016-cı ilin əvvəlində Ermənistan hərbi təxribata əl ataraq, aprelin 1-dən 2-sinə keçən gecə qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutdu. Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmənə layiqli cavab verilərək, işğal altında olan ərazilərimizin müəyyən hissəsi işğaldan azad edildi. Bu döyüşlərdə igid övladlarımızın göstərdikləri qəhrəmanlıqlar və şücaətlər Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını göstərdi.
2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən silahlı toqquşma ölkəmizin taleyində ciddi dönüş nöqtəsi oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. "Qaraqaya"da şəhid olan general-mayor Polad Həşimovun cəsarəti, vətənpərvərliyi, qorxmazlığı və ən nəhayət, düşmənə sonsuz nifrəti 27 sentyabrda başlanacaq Vətən müharibəsinin qəhrəmanlıq simvoluna çevrildi. Onun vəzifə borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhadətə qovuşması Azərbaycan Ordusunun Vətən müharibəsində rəşadət göstərməsinə gətirib çıxardı.
2020-ci ilin iyul, avqust və sentyabr aylarında ardıcıl baş verən təxribatlar nəticəsində atəşkəs yenidən pozuldu, mülki əhaliyə erməni kəşfiyyat-diversiya qrupları tərəfindən hücumlar edildi. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan atəşə tutulması və ermənilərin mövqelərimizə hücuma keçməsi Azərbaycan Ordusunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatına başlamasına səbəb oldu. Ölümdən zərrə qədər qorxmayaraq Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərini geri qaytarmaq üçün canlarını heçə saymağa belə razı olduqlarını göstərən bu yurdun minlərlə igid övladı, Xocalı soyqırımı qurbanlarının, mənfur düşməni belə tanımayan Zəhranın, Aysunun, Mədinənin və neçə belə körpənin intiqamının alınması üçün könüllü cəbhəyə yollandı. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın edilməsi və Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız igid əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Xüsusi təyinatlılarımz öz yaralılarını və şəhidlərini döyüş meydanında buraxmayaraq qayalardan dırmaşaraq Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrinin canlı qüvvəsini, döyüş texnikalarını qoyaraq qaçmağa məcbur etdi. Təbii coğrafi istehkam olan Şuşanın bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan atıcı silahlarla azad edilməsi dünya tarixində görünməmiş döyüş nümunələrindən biridir. Şuşanın düşmən əsarətindən qurtarılması Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur etdi. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etdi, Cəbrayılda erməni zabitləri Azərbaycan Ordusunun mübarizə əzminin qarşısında aciz qalaraq öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışdılar. Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdi.
Biz Vətən müharibəsində oğullarımızın qəhrəman ruhunu gördük. Onların qəhrəmanlıqları dillərə dastan oldu, silinməz mürəkkəblə tarixə yazıldı. Çiynində yaralı əsgəri daşıya-daşıya, qar-boran demədən sadəcə irəliyə addımlayan, irəliyə köklənən, öz qanını Vətən torpağı - Qarabağda axıdan bu igidlər öz şücaəti, dönməzliyi, müzəffərliyi ilə bizə bu qələbəni yaşatdı. Məhz onlar Əlif Hacıyev, Albert Aqarunov, Çingiz Mustafayev, Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov, Çingiz Qurbanov, Ramiz Cəfərov, Orxan Əkbərov, Anar Əliyev, Amid Heydərov, Vüqar Ağayev, Cəbrayıl Dövlətzadə Mübarizin, Fəridin ölmədiyini, bizim ordumuzda neçə Mübarizlərin, Fəridlərin olduğunu bütün dünyaya sübut etdilər. Məhz onlar kimi minlərlə igid bir əlində silah, bir əlində bayraq sinəsini düşmənə sipər edərək, Azərbaycanımıza - Qarabağımıza nəfəs verdilər. Onlara bu dərəcədə böyük cəsarəti, qorxmazlığı verən Vətən eşqi olub. Onlar bizim birlik nişanəmiz, Vətən sevdamız, azadlığımız, qələbəmizdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: "Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi Vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlarımız var!".
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin 83 nəfər hərbi qulluqçusuna (onlardan 39 nəfər ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş hərbi qulluqçularımıza, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanın, yaradıcısı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir. Azərbaycan xalqı zəfər çalaraq şanlı qəhrəmanlıq salnaməsi yazdı.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi