Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2024 12:36

Qarabağımızda əsgərlərin ayaq səsləri eşidilir

Zabit Hümbət Cəfərovla işğaldan azad olunmuş ərazilərimizdə görüşdük. Şəxsi heyətin günün nizam qaydalarına uyğun dərs yerində olduğunu bildirdi. Sıra meydanında "sıra hazırlığı" məşğələsi keçən əsgərlərlə söhbətləşdik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Hüseyn Hüseynov komandiri olduğu manqanın şəxsi heyətinə sıra hazırlığı məşğələsindən "sırada addımlama", "rəisə yaxınlaşma", sağa-sola dönmələr və başqa hərəkətləri öyrədirdi. Əsgərin intizamı sıradan başladığı kimi, döyüş hazırlığı da sıradan başlayır. Zabit sıra hərəkətlərini mükəmməl bilməyən əsgərin döyüş hazırlığının da yetərincə olmayacağını əminliklə bildirdi.
Məşğələ rəhbəri Hüseyn iki ildir ki, hərbi xidmətdədir. Onun ən böyük arzusu hərbçi olmaq olub. Bu gün arzu etdiyi peşəyə yiyələndiyi üçün sevincli və qürurludur. Əsgərlərə sıra məşqlərini böyük həvəslə öyrədir. O dedi: - Əsgər üçün hərbi intizam ən vacib amildir. Çalışıram ki, onlara sıra hazırlığının bütün elementlərini düzgün öyrədim. Bunun üçün nizamnaməyə əsaslanıb silahsız sıra hərəkətlərini öyrədirəm.
Əsgərlərdən Səid Məmmədov, Həsrətəli Quliyev, Elcan Hacıyev, Renat Balabəyov, Rəvan Qurbanov, Elmir Xanbalayev və başqaları  sıra hərəkətlərini dərindən öyrənməyə çalışırlar. Əsgər Rəvan Qurbanov Bakı şəhəri Xətai rayonundan ordu sıralarına çağırılıb. O, keçirilən bütün məşğələlərdə mövzuları dərindən mənimsəməyə çalışır və digər əsgər yoldaşlarına örnək olur. Rəvan dedi: - Hərbi xidmətə gələn ilk gündən qarşıma məqsəd qoydum ki, nümunəvi xidmət edim, komandirlərimin öyrətdiyi bütün bilikləri dərindən mənimsəyim. Çalışacağam ki, bundan sonra daha yaxşı xidmət edim. Sıra hazırlığı məşqləri bizim üçün vacibdir. Bu səbəbdən mən də, silahdaşlarım da sıra hazırlığını ciddi şəkildə öyrənməyə səy göstəririk.
Sıra meydanında əsgərin böyük ruh yüksəkliyi ilə sıra məşqlərini öyrənməyinin şahidi olduq. İnanıram ki, doğma Qarabağımızda sıra hərəkətlərini öyrənməyin sevinci, qüruru tam başqadır.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"