Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə 15 Sentyabr - Bilik Günü münasibətilə 2024-2025-ci tədris ili üzrə birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirilib. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, şəhid ailələri, ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev çıxış edərək məktəblərə ilk qədəmlərini qoyacaq şəhid övladlarını qarşıdan gələn Bilik Günü münasibətilə təbrik etdi, dərslərində müvəffəqiyyətlər arzuladı. Dövlətimizin şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərdiyini vurğuladı. Qədirbilən xalqımızın şəhidlərimizin əziz xatirəsini daima uca tutduğunu və onların Vətənə yadigar qalan övladlarına hər zaman xüsusi rəğbət bəslədiyini qeyd etdi. "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların qayğılarının həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının tapşırığı ilə mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət qayğıları dövlət xətti ilə həll olunur. Bir sözlə, dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. BHİK kollektivi də bu istiqamətdə mütəmadi olaraq işlər aparır, tədbirlər, görüşlər, layihələr həyata keçirir. Ənənəmizə sadiq qalaraq bu il də birinci sinfə gedəcək 50-yə yaxın şəhid övladına məktəb ləvazimatları və müxtəlif hədiyyələr təqdim etdik. Bu görüşün ərsəyə gəlməsində dəstəyi və zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirən şəxslərə xidmət etmək, onların qayğıları ilə maraqlanmaq hər birimizin mənəviyyat borcudur. Tarixi Zəfərimizi torpaqlarımızın azadlığı uğrunda canından keçən, sağlamlığını itirən igid oğullarımıza borcluyuq. Onların şücaəti, mərdliyi nəticəsində xalqımız Böyük Qələbəni bayram etdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik".
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev çıxış edərək döyüş yoldaşlarının övladları, yaxınları ilə bir arada olmaqdan qürurlandığını bildirdi: "Bu görüşdə duyğusal hisslər keçirirəm. Onların ataları döyüş yoldaşlarım olub. Hər birinin üzündə şəhid atalarının simasını görürəm sanki. Bu uşaqların hər biri bizə əmanətdir. Onlar bütün Azərbaycan xalqının övladlarıdır. Onların ataları ərazi bütövlüyümüz, dövlət suverenliyimiz, eləcə də gələcək nəsillərin sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün canlarını fəda etdilər. Arzu edirəm ki, siz tam orta təhsilinizi uğurla başa vurub, yüksək nəticələrlə ən yaxşı ali təhsil ocaqlarının tələbəsi olasınız. Əminəm ki, siz gələcəkdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə bağlı olan, savadlı və peşəkar kadrlar kimi dövlətçiliyimizə layiqincə xidmət edəcəksiniz. Siz qalib ölkənin, qalib dövlətin, qalib atanın övladlarısınız.Yeni tədris ili və 15 Sentyabr - Bilik Günü münasibətilə, şəhid övladları başda olmaqla, bütün şagirdlərimizi təbrik edir, uğurlar arzulayıram. Belə mötəbər görüşün keçirilməsində zəhməti olan hər kəsə dərin minnətdarlığımı çatdırıram".
Çıxışlardan sonra BHİK-in əməkdaşları məktəb ləvazimatlarını və hədiyyələri şəhid övladlarına təqdim etdilər.
Şəhid Elzar Yusubovun anası Günəş Yusubova şəhid ailələri adından çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya, övladlarının adının daima uca tutulmasına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Sonda tədbir iştirakçıları həm də şəhid Mirbala Rəsulovun qızı Zəhra Rəsulovanı doğum günü münasibətilə təbrik etdilər, musiqi sədaları altında tort kəsdilər.
Lalə HÜSEYNOVA
fotolar
Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"