Rəhim Namazlı Bakı şəhərində anadan olub, 246 saylı orta məktəbdə təhsil alıb. O da həmyaşıdları kimi 2016-cı ilin Aprel döyüşlərinin ruhu ilə yeniyetmələşib, gəncləşib, formalaşıb. Hər gün dərs başlayan kimi müəllimlər onların da sorğularını cavablayıb, bu cavablar ümidə dönüb. Könlü döyüşlərdə dolaşan məktəblilərin inamını coşdurub. Rəhim də Aprel döyüşlərini, qazanılan qələbəni bu ovqatla yaşayıb. Müəllimlərinin "Siz bu döyüşləri tam qələbə ilə tamamlayacaq döyüşlərin iştirakçısı olacaqsınız..." - demişdi. Hamısı ayları bu niyyətlə il etmişdi...
Orta məktəbi bitirdi. Sənədlərini İqtisad Universitetinə verdi. Qəbul olundu. Söhbətləşəndə tələbə yoldaşlarına orta məkəbdə oxuyanda müəllimlərinin dediklərini də xatırlatmışdı. Bu xatırlatma tələbələrin hamısının ruhunda tərpəniş yaratmışdı. Bu tərpəniş Vətən müharibəsi başlayan günün sabahı, 2020-ci il sentyabrın 28-də onları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aparmışdı. Orada tələbələri dinləmişdilər, qürurlanmışdılar, ancaq döyüşə aparmamışdılar; "Tələbələrin döyüşə getməsinə zərurət yoxdu, döyüşü güclü ordumuz aparacaq, Qələbə də qazanacaq..." - demişdilər. Həm də demişdilər ki, siz döyüşləri Böyük Qələbə ilə başa çatdıranlarımızın işğaldan azad etdiyi ərazilərdə xidmət edəcəksiniz. Tələbələr Vətən müharibəsinin döyüşlərini bu işıqlı inamla izləmişdilər. Bu işıqlı inam onların könül dünyasının səyyarəsinə dönmüşdü...
Noyabrın 8-i gecəsi işıqlı gecəydi...
Noyabrın 8-də xalqımız günlərin ən gözəlini yaşadı. Ahıllar da, uşaqlar da, analar da, bacılar da, gənclər də. Rəhim bu sevinci tələbə yoldaşlarıyla daha duyğusallıqla, onlarla nəfəs-nəfəsə yaşamışdı.
Rəhim də, tələbə yoldaşları da universiteti bitirmişdilər. Hərbi xidmətə çağırılmışdılar. Rəhim Namazlı da hərbi xidmətə getdi, gənc əsgər hazırlığı kursunu bitirdi, Hərbi And içdi. O da Vətən müharibəsində Zəfər qazananların davamçısı kimi xidmətə başladı.
- Tələbə olanda bizi qürurlandıran Zəfər hər birimizin hərbi xidmətinin mahiyyətini də müəyyənləşdirib: Azərbaycanın tam bərpa olunmuş ərazi bütövlüyünü qorumaq! Belə də xidmət etdik, - Rəhim Namazlı dedi. Bu fikirləri təkcə əsgərin hərbi xidmət haqqında düşüncələri deyil, həm də hərbi qulluqçunun - əsgərin vətəndaşlıq amalı bildik.
Hərbi xidməti başa çatanda xidmətini zabit kimi davam etdirmək istəmişdi. Komandirinə "Ehtiyat zabit hazırlığı” kursunda oxumaq istədiyini bildirmişdi. İstəyinə razılıq vermişdilər...
Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı” kursunda təcrübəli zabitlərdən hərbi ixtisası üzrə biliklər sistemini mənimsədi. Təcrübi məşğələlərdə, çöl təlimlərində biliklərini təkmilləşdirdi. Müddət başa çatdı. Buraxılış imtahanlarını uğurla verdi, bu uğur onun özünə inamının təsdiqi idi. Kursu "Mən də peşəkar zabit olacam!" - qətiyyəti ilə bitirdi...
Zabit idi. Leytenant kimi qoşunlarda xidmətə göndərildi. "Vətənə xidmətimin yeni mərhələsi başlayır. İndi də nümunəvi xidmət edəcəm, əsgər kimi komandirlərimin də, əsgər yoldaşlarımın da etibarını qazanmışdım. İndi zabit kimi komandirlərimin də, zabit yoldaşlarımın da, tabeliyimdə olan şəxsi heyətin də etibarını qazanacam...", - Rəhimin özünə ünvanladığı kəlmələr and kimi səslənmişdi...
Gənc zabit Rəhim Namazlı nümunəvi xidməti ilə fərqlənir. Taqımın şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının həmişə yüksək səviyyədə saxlanması üçün bütün mövcud təlimatlardan, ədəbiyyatlardan, tövsiyələrdən səmərəli istifadə etməyə çalışır.
Leytenant Rəhim Namazlı dedi ki, taqımımız Ali Baş Komandanın istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu ərazi bütövlüyümüzü qətiyyətlə, dövlətə, dövlətçiliyə sədaqətlə müdafiə etməyə qadirdir. Biz qadirliyin zabitləriyik, əsgərlərimiz qadirliyin əsgərləridir....
Hərbi xidmət dövlət üçündü, dövlətçilik üçündü - Vətən üçündü, başlıca qayəsi vətənpərvərlikdi; leytenant Rəhim Namazlı vətənpərvər zabitdi...
Mahmud MÖHBALIYEV
"Azərbaycan Ordusu"